Zaqatala rayon MKS-nin Aşağı Tala kənd 1 nömrəli kitabxana filialı

Zaqatala rayon MKS-nin Aşağı Tala kənd 1 nömrəli kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon MKS-nin Aşağı Tala kənd 1 nömrəli kitabxana filialı, Library, Zaqatala.

20/03/2026
12/03/2026

The Final Declaration of the 6th World Forum on Intercultural Dialogue held in Baku on May 1–3 has been published as an official document of the 78th session of the United Nations General Assembly in 2024.

Organized by the Government of Azerbaijan in partnership with UNESCO, the UN Alliance of Civilizations, UN Tourism, and ICESCO, the forum brought together high-level guests and experts from more than 110 countries.

Initiated by President Ilham Aliyev in 2008, the Baku Process continues to be recognized globally as an important platform promoting intercultural dialogue, peace, and mutual understanding.

06/03/2026

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilib. Ölkəmizdə hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları Azərbaycanın bu sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi ölkəmizin qazandığı uğurların göstəricisidir. On ildən çoxdur davam edən bu platforma təkcə enerji layihələrinin müzakirə olunduğu mexanizm deyil, eyni zamanda, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etimadın və ortaq maraqların möhkəmləndirildiyi mühüm siyasi-iqtisadi dialoq məkanına çevrilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərin məzmunlu çıxış edib. "Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq" söyləyən dövlət başçısı bildirib ki, “Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.“
Azərbaycan təbii qazının Avropaya və daha geniş bölgələrə ixracı ilə bağlı mövcud infrastrukturun inkişafı və genişlənməsi barədə məlumat verən Prezident İlham Əliyev həm də yaşıl enerji sahəsində əldə etdiyimiz uğurları diqqətə çatdırıb və yaxın gələcəkdə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə dair ümidlərini ifadə edib.
Bəli, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olmuşdur. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilmiş və həyata keçirilmişdir. 2023-cü ildə Masdar şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası inşa edilmişdir. Bu layihələr Azərbaycanın bərpaolunan enerji sektoruna sistemli və müqavilələrə əsaslanan yanaşmasını təsdiqləyir. Hədəf 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməkdir ki, bu da ölkənin daxili qaz istehlakını azaltmaqla ixrac imkanlarını genişləndirəcək və iqtisadiyyatın yeni sektorlarının, o cümlədən süni intellekt və data mərkəzlərinin inkişafına zəmin yaradacaqdır.
Bir sözlə, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın həm qaz, həm də bərpa olunan enerji sektorlarında gələcək inkişaf planlarını, regional və qlobal enerji bazarlarında mövqeyini daha da gücləndirəcəyini göstərdi.

Azər Musayev
Zaqatala Regional Qaz İstismar
İdarəsinin idarə rəisinin müvini

06/02/2026

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh və həmrəylik prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ali mükafata layiq görülməsi təsadüfi hadisə deyil, əksinə, illərdir aparılan strateji və qətiyyətli siyasətin məntiqi yekunudur, eyni zamanda, sülhün, humanizmin və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsinin ifadəsidir.
Dünyanın müxtəlif nöqtələrində davam edən qanlı toqquşmalar fonunda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması sivilizasiyalararası dialoqun mümkünlüyünü nümayiş etdirən parlaq nümunədir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan tərəfi hər zaman ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən sülh sazişinin imzalanmasının tərəfdarı olub.
Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu. Dövlətimizin başçısı mərasimdəki çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini, Şeyx Məhəmmədin atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirdiyini qeyd edib. Prezident İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirilib. Dövlətimizin başçısının çıxışında əsas mesaj bu olub ki, “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.”
Bəli, dövlətimiz tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin beynəlxalq münasibətlər sistemində sülh yaradan və əməkdaşlığa açıq dövlət modelini uğurla həyata keçirir.

Rauf Seyidəhmədov
Zaqatala RİHBA-nın Hüquq və kadr
məsələləri sektorunun məsləhətçisi

02/02/2026

Gənclər mənsub olduğu cəmiyyətin aparıcı qüvvəsi, xalqın, millətin, dövlətin etibarlı gələcəyidir. Fiziki və mənəvi cəhətdən sağlam, inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan potensial qüvvədir.
Bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir, dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan gənclərinin günümüzün müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində yer verib. 1997-ci il fevralın 2-də məhz ümummilli liderin imzaladığı fərmana əsasən fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. Həmin vaxtdan etibarən gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.
Müasir dövrümüzdə ölkəmizdə dövlət gənclər siyasəti prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Gənclərə ən yüksək diqqət və qayğı göstərilir, gənclərimiz cəmiyyətin ən dinamik zümrəsi olmaqla Vətənin inkişafı üçün daha səylə çalışır, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanır və tarixi nailiyyətlər qazanırlar. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə gənclərin rifahına xidmət edən Dövlət Proqramları təsdiq etmiş, ölkə başçısının Sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olunmuşdur. Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis olunması, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsinin təsis edilməsi gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət Proqramlarının icrası nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan regional və beynəlxalq tədbirlərdə iştirakı təmin edilmişdir.
Bəli, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əksəriyyəti gənclərdən təşkil olunmuş Azərbaycan ordusunun qazandığı tarixi qələbə bunun ən bariz nümunələrindən biridir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Azərbaycan idmançıları dövlət başçımızın onlara göstərdiyi bu diqqətə beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaqla etimadı doğruldurlar. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmışlar ki, bunun da 600-dən çoxu qızıl medal olub. Bu ötən illərin ən böyük rekord göstəricisidir.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da misilsiz töhfəsi vardır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu minlərlə müxtəlif təyinatlı layihələri icra edir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir.
2025-ci ildə ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunmuş, təşkil olunmuş düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlar çərçivəsində iştirak etmiş 10000-dən artıq gəncin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği, Qarabağ zəfərinin önəmi və əhəmiyyəti, milli-mənəvi dəyərlər və vətənpərvərlik anlayışları üzrə bilikləri sistemli şəkildə gücləndirilmişdir.
İl ərzində dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər, elmi və tədqiqat sahəsində gənclərin inkişafı məqsədilə konfranslar, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı maarifləndirici və intellektual tədbirlər, Zəfərin 5-ci ildönümünə həsr olunmuş düşərgələr, oyunlar və maarifləndirici tədbirlər, gənclərin sosial inkişafı, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği və inklüzivliyi istiqamətində müxtəlif təlim proqramları və mübadilə layihələri, gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə və olimpiadalar təşkil edilmiş, bu proqramlara minlərlə gənc cəlb olunmuşdur.
2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İƏT, D-8, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli formatlar çərçivəsində 20-dən çox beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramı təşkil edilmiş və ya onlarda iştirak təmin olunmuşdur. Bu fəaliyyətlər Avropa, Asiya və Afrika məkanını olmaqla təxminən 25-dən çox ölkəni əhatə etmişdir. İl ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi və aidiyyəti qurumların iştirakı ilə Azərbaycan gənclərinin 50-dən çox beynəlxalq tədbirlərdə təmsilçiliyi təmin edilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan 30-dan artıq ölkədə təmsil olunmuşdur.
Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində Bakı şəhərində AQEM Gənclər Şurasının 8-ci iclası, AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu, “AQEM gənclərinin beyinfırtınası” interaktiv yarışması keçirilmiş, 19 ölkədən 110 nümayəndə iştirak etmişdir.
2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin intellektual, yaradıcılıq və asudə vaxtının səmərəli təşkili məqsədilə “Breyn Rinq” intellektual oyunu, “Standup Gənc Liqa” televiziya yarışması keçirilmiş, “ŞənGənc” televiziya layihəsinin 2-ci mövsümü uğurla yekunlaşdırılmışdır. Bütün bunlar ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Bəli, indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Əminəm ki, Vətəninə sonsuz sevgi ilə bağlı olan və cəmiyyət həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən gənclərimiz hər zaman ölkəmizin adını yüksəklərə qaldıraraq Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəklər.
Bir daha bayramınız mübarək əziz gənclər!

Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri

22/01/2026

20 yanvar 2026-cı ildə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın regional və qlobal miqyasda güclü və etibarlı dövlət olduğunu bir daha nümayiş etdirib.
Müsahibəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırdığını vurğulayan prezident İlham Əliyev son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışaraq bildirib ki, “beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.”
“Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülən dövlətimizin başçısı bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edib.
Bəli, ikili standartların və ədalətsiz qərarların hökm sürdüyü bir mühitdə ölkəmiz milli maraqlara əsaslanan, lakin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmayan siyasət yürüdüb. Bu, Azərbaycanın haqqını güc yolu ilə deyil, hüquqa söykənərək təmin etdiyini göstərən əsas arqumentdir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Bu, Azərbaycanın regionda sülh quruculuğu missiyasına verilən beynəlxalq qiymətdir.
Prezident müxbirin Azərbaycanın qonsusu İranda cərəyan edən hadisələrlə bağlı sualını cavablandırarkən bildirib ki, ”Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.”
Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa doğru dönüş və regionda etimad mühitinin formalaşması kimi önəmli məsələlərə toxunan dövlətimizin başçısı açıq şəkildə bildirib ki, Azərbaycan və Ermənistan artıq münaqişə dövrünü arxada qoyur. Ermənistan üçün yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji təchizatının bərpası sülhün söz yox, əməl səviyyəsində qurulduğunu göstərir.
Azərbaycanın enerji təhlükəsizliyində və Avropanın qaz tədarükündə oynadığı strateji rolu barədə də danışan prezident İlham Əliyev bildirib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir.
Bəli, bölgənin digər ölkələri-uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir.
Avropa Parlamentinin daimi tənqidinə Azərbaycanın artıq reaksiya vermədiyini vurğulayan dövlətimizin başçısı ölkəmizə qarşı olan bu qərəzli vəziyyətin Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev Avropa Parlamentinin üzvlərinin özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklərinə ümid etdiyini bildirib.
Bu müsahibə yeni dünya nizamında Azərbaycanın yerini və iddiasını təsdiqləyən siyasi mövqedir.

Tahir Kamalov
Zaqatala RİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş
müraciətləri və inzibati işlər şöbəsinin müdiri

20/01/2026
13/01/2026

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəaliyyətə başlayan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəyini vurğulayaraq bu günün əlamətdar gün olduğunu bildirib.
2022-ci ilin yanvar ayında təməli qoyulmuş bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə, ilk növbədə investor olan “ACWA Power” şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafının son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edildiyini, enerji sistemimizin tamamilə yeniləndiyini diqqətə çatdırıb. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya güclərinin bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq təxminən 10 min meqavata bərabər olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, “Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.”
Bəli, Azərbaycan Respublikası öz enerji siyasətini yeni çağırışlara uyğun şəkildə yenidən formalaşdıraraq bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet elan etmişdir. Neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Dövlət başçısı bu imkanlardan istifadə edərək Azərbaycanın regionun etibarlı enerji istehsalçısına çevriləcəyinə əminliyini ifadə etmişdir.
Çıxışında investisiya mühiti ilə bağlı məsələlərə də toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan indiyədək 300 milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir. Ölkənin maliyyə vəziyyəti çox müsbətdir, xarici borcun ÜDM-də payı cəmi 6 faizdən bir qədər çoxdur və valyuta ehtiyatları bu borcu 16–17 dəfə üstələyir. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır. Bütün bunlar Azərbaycanın etibarlı investisiya məkanı olduğunu sübut edir.
Gələcək planlardan danışan Prezident qeyd edib ki, bərpaolunan enerji potensialının artması enerji saxlanması infrastrukturunun yaradılmasını zəruri edir. Bu məqsədlə ölkədə ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi inşa edilir. Bundan əlavə, imzalanmış kontraktlar əsasında 2030–2032-ci illərədək 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyasının inşa edildiyini xatırladan prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Bəli, bu layihələr ölkəmizin enerji müstəqilliyini gücləndirəcək və bərpaolunan enerji sahəsində yeni dövrün əsasını qoyacaq.
Dövlət başçımız bildirib ki, “Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.”
Bəli, Prezident İlham Əliyevin tədbirdəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyalar təsadüfi deyil, düşünülmüş və uzunmüddətli strateji baxışın nəticəsidir. Bu siyasət enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru

Address

Zaqatala
AZ6200

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon MKS-nin Aşağı Tala kənd 1 nömrəli kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category