03/06/2026
İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyan və Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib. "Bakı Enerji Həftəsi"nin enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini və sənaye mütəxəssislərini bir araya gətirməsi Azərbaycanın iqtisadi müstəqilliyinin və qlobal nüfuzunun bariz göstəricisidir.
Bu ilki tədbir regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək nəzakətli məktubuna görə Prezident Trampa minnətdarlıq edib, həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürünü bildirib. Uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulduğunu və planetin dağıdılmasında ittiham olunduqlarını xatırladan dövlətimizin başçısı Prezident Trampın bu trendi dəyişdiyini diqqətə çatdıraraq bildirib ki, “hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq.”
Bəli, cənab prezidentin vurğuladığı kimi, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Məhz neft və qaz strategiyası Azərbaycanın iqtisadi dirçəlişinə şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldildi. Bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri yenidən gündəmə gətirən prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələrin Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırıldığını, Azərbaycan qazını alan 16 ölkədən 10-unun Avropa İttifaqına üzv olan ölkələr olduğunu vurğulayaraq bildirib ki, “Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.”
Dövlət başçısının Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində cıxışının mühüm məqamlarından biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirib ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əhəmiyyətindən də bəhs edib. Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə enerji sahəsində qazandığı uğurların ümumiləşdirilməsi olmaqla yanaşı, ölkənin gələcək enerji strategiyasının əsas konturlarını da ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır.
Tacəddin Aslanov
"Şimal-Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin
Zaqatala Elektrik Şəbəkəsinin rəisi