26/05/2026
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident öz çıxışında 2004-cü ildən başlanan Regional İnkişaf proqramlarının tarixi bəhrələrini xatırladaraq kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Son 20 ildə aqrar sahənin inkişafı üçün yaradılmış fundamental şəraiti diqqətə çatdıran prezident İlham Əliyev bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, pambıqçılıq, baramaçılıq və bir çox istiqa¬mətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olduğunu diqqətə çatdırıb. Ancaq buna baxmayaraq, kənd təsərrüfatı istehsalındakı cari dinamikanın qənaətbəxş olmadığını vurğulayan dövlət başçısı bu sahənin köklü şəkildə yenidən qurulması üçün hökumət və fermerlər qarşısında mühüm vəzifələr qoyub.
Müşavirədə şəhərlərdən kəndlərə qayıdış prosesinin başlanmasının vacibliyini qeyd edən prezident İlham Əliyev bu amilin - Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapdığını və bunun təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyil olduğunu bildirib.
Azərbaycanın daxili bazarı yerli məhsullarla təmin etmək imkanlarının genişləndirilməsi müşavirənin ana xəttini təşkil edib. İstehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmləri açıqlayan Prezident İlham Əliyev bildirib ki, “Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.”
Müşavirədə cənab prezident tor¬¬paq¬lardan səmərəli istifadə olunmasının, hər bir əkin üçün yararlı torpaq sa¬həsinin öz pasportu olmasını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə is¬teh¬salının artırılmasının zəruriliyini də diq¬qətə çat¬dırıb. Dövlətimizin başçısı iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb.
Müasir suvarma sistemlərinin genişləndirilməsinin məhsuldarlığın artırılmasında həlledici olacağını qeyd edən prezident İlham Əliyev bildirib ki, “Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, -130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.”
Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin və digər qurumla¬rın fəal işləməsinin zəruriliyini də qeyd edib.
Müşavirənin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Genişmiqyaslı dəyişiklikləri hədəfləyən bu proqram özəl sektorun aqrar sahəyə marağını daha da artıracaq. Bununla yanaşı sahə üzrə istehsalın ixtisaslaşmasını və rəqabətə davamlılığını təmin edəcək.
Dövlət başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe, tənqidi və real yanaşma, eləcə də qarşıya qoyulan aydın vəzifələr yaxın illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına, modern və rəqəmsal kənd təsərrüfatının formalaşmasına rəvac verəcəkdir.
Vaqif Şabanov
Zaqatala DAİM direktoru