29/03/2022
31 Mart Soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir
Azərbaycanın ərazisində məskunlaşdırılan, sayca azlıq təşkil edən ermənilər daima “Böyük Ermənistan” xülyası ilə yaşayırdılar və bunu həyata keçirmək üçün hər cür yola əl atırdılar. Bu xülyanı gerçəkləşdirmək istəyən mənfur düşmən azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirməyə başladılar. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər tarixi, əzəli və əbədi torpaqlarında ermənilər tərəfindən minlərlə soydaşlarımız amansızlıqla qətlə yetirilib.
Təkcə 1917-ci ilin dekabr ayından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.
1918-ci ildə isə daha geniş miqyaslı qırğın - soyqırım niyyəti ilə Azərbaycan xalqının üzərinə hücum etdilər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətdilər.
Erməni daşnak–rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı.
Bakı şəhərində azərbaycanlıların soyqırımına 1918-ci il martın 31-də başlanılmışdır. Dinc sakinlərin üzərinə Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi hücuma keçmişdir. Erməni silahlıları üç gün davam edən qırğın zamanı uşaq, qoca, qadın demədən hər kəsə hücum etmiş, Bakıda yaşayan Azərbaycan əhalisinə qarşı soyqırım törədərək qəddarlıqla həmyerlilərimizi qətlə yetirmişdirlər. Təbii ki, bu qırğında bolşeviklərin köməyi də istina deyildi.
Bakıdakı qırğından bir neçə gün sonra hadisələrin şahidləri cəsədlər doldurulduqları çuxurlardan çıxarılan zaman heç kəsə rəhm etməyən erməni silahlı dəstələrinin qətlə yetirdiyi azərbaycanlıların cəsədlərinə baxış keçirkən onların necə qəddarlıq və işgəncələrlə öldürüldüyünü qeyd edirdilər. Həmin dəhşətli günlərin şahidlərindən biri olan Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdı. O qeyd edirdi ki, erməniləri tərəfindən qətlə yetirilən uşaq və qocalara məxsus cəsədlərdə xüsusi qəddarlıq nümunəsi olan işgəncə izlərinə rast gəlinirdi.
Erməni mənfurları Bakı şəhərində azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də öz vəhşiliklərini həyata keçirdilər.
Şamaхı əhalisi ermənilərin onların üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə dinc yaşamışdılar. Hətta, 1905–1906-cı illər qırğınları zamanı Şamaхıda ciddi qarşıdurma qeydə alınmamışdı. Lakin Şaumyanın fitvası ilə erməni daşnak – rus bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdi.
Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai хadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Хudaverdov, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çoх başqalarını göstərmək olar. Ermənilər 1918-ci ilin mart – aprel aylarında Şamaхıya hücum zamanı 72 kənddə təхminən 7 min nəfər amansızcasına qətlə yetirilmişdir ki, onların 1653 nəfəri qadın və 965 nəfəri isə uşaq olmuşdur. Hətta, Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaхıda törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.
Mart soyqırımında Azərbaycan milli mətbuat orqanları, mətbəələr və jurnalistlər də hədəfə alındı. "Azərbaycan" qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri "Kaspi" qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq Azərbaycan dili mətbuat orqanlarının fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız "Hümmət" və "Bakı Şurasının əxbarı" qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. "Açıq söz", "Bəsirət", "İstiqlal", "El həyatı" və başqa Azərbaycan dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və bir çox ölkələrinin dillərində tərcümə olunaraq dünyaya çatdırılmışdır.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 122 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin Sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncam imzalanmışdır.
27 mart, 2012-ci ildə, Amerika Azərbaycan Cəmiyyətinin və Azərbaycanın Amerikadakı səfirliyinin senator Ceyms Alesi ilə birlikdə hazırladığı və mart soyqırımına həsr olunmuş layihə Nyu-York senatından keçərək, qəbul edilmişdir. Qətnaməyə görə, 31 mart Azərbaycanlıları Anma Günü elan olunmuş və mart hadisələri daşnaklarla bolşeviklərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi xarakterizə olunmuşdur.
Ülkər Yusifova,
Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi