05/08/2026
Ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri əsas siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır. Bu fikir göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq strateji maraqlara əsaslanan müttəfiqlik mərhələsinə qədəm qoyub. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə bütün təşəbbüslərdə-həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da dəstəkləyəcək.
Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qalıb. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edildiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.”
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan “Bakı Resort & Spa” hotelinin istifadəyə verilməsi də xüsusi diqqətə layiq hadisədir. İlk beşulduzlu hotelin məhz “Bakı” adını daşıması Azərbaycanın Qırğızıstana münasibətdə səmimi dostluğunun və uzunmüddətli əməkdaşlıq niyyətinin rəmzidir.
Prezident İlham Əliyev bəyanatında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Dövlətimizin başçısı həmçinin Qırğızıstan Prezidenti Sadır Japarova və Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi hadisədir.
Bəli, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanatı təkcə iki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini deyil, həm də gələcək əməkdaşlığın strateji mahiyyətini nümayiş etdirir.
Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru