14/06/2026
Kəlbəcər rayon 84 nömrəli tam orta ümumtəhsil məktəbində ənənəvi “Son zəng” tədbiri bu dəfə də böyük təntənə və yüksək əhval-ruhiyyə şəraitində keçirilmişdir. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova məzunları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Direktor qeyd etmişdir ki, bugünkü məzunlar müstəqil Azərbaycanın gələcəyidir və onların üzərinə böyük məsuliyyət düşür. Həqiqət Məmişova gənclərin dövlətə və dövlətçiliyimizə sədaqətli, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulamışdır. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə hər zaman böyük ümidlər bəslədiyini xatırladaraq bildirmişdir ki, bu gün ölkəmizdə gənclərin elm və təhsil sahəsində inkişafı üçün geniş imkanlar yaradılmışdır və gənclər bu imkanlardan səmərəli istifadə etməlidirlər.
Tədbirdə daha sonra sinif rəhbərləri və müəllimlər çıxış edərək məzunlara öz tövsiyələrini vermiş, onların gələcək həyat yollarında uğurlar qazanmalarını arzulamışlar. Tədbirin ən yaddaqalan məqamlarından biri isə birinci sinif şagirdləri ilə onbirinci sinif məzunlarının simvolik“Son zəng”i çalması olmuşdur.Bu duyğulu an tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirin bədii hissəsində şagirdlərin hazırladığı musiqi və rəqs nömrələri, vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim edilmişdir. Məktəblilərin çıxışları iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Tədbirə qonaq qismində qatılan II Qarabağ müharibəsi şəhidi,Ağır Artilleriya Briqadasının qərargah rəisi, polkovnik-leytenant Zaur Cəfərovun həyat yoldaşı Gülbəniz xanım və qızı Zəhra Cəfərova da tədbirin diqqət mərkəzində olmuşlar. Məktəbin direktoru Həqiqət Məmişova şəhid ailəsinə göstərilən hörmət və ehtiramın ifadəsi olaraq Zəhra ilə birlikdə rəqs etmiş, bu duyğulu an tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Sonda məzunlara məktəb kollektivi adından ən xoş arzular çatdırılmış, onların Azərbaycan dövlətinə və xalqına layiqli vətəndaşlar kimi yetişəcəklərinə əminlik ifadə olunmuşdur. “Son zəng” tədbiri iştirakçıların yaddaşında xoş və unudulmaz xatirələrlə qalmışdır.