Yardımlı Rayon İcra Hakimiyyəti

Yardımlı Rayon İcra Hakimiyyəti Ərazi 0,667 min kv.km
Əhalisinin sayı – 69911(01.01.2026)
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 87

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Hamarkənd və Osnakəran kənd sakinləri ilə səyyar qəbul keçirib.Yardımlı R...
06/05/2026

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Hamarkənd və Osnakəran kənd sakinləri ilə səyyar qəbul keçirib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Hamarkənd və Osnakəran kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azərbaycanın mandatı bu öl...
05/05/2026

Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azərbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib. 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq. Yeri gəlmişkən, çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.
İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır. Ticari baxımından biz ölkənin ilk kommersiya tərəfdaşıyıq. Bizi həm də fəal siyasi dialoq birləşdirir. Həmçinin xalqlarımız arasında mövcud olan təbii rəğbət kino, memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir.
Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir. Ölkəmizlə Azərbaycan arasında siyasi münasibətlər sonuncunun Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də elan etdiyi qısa “ilk müstəqilliyi” ilə başlamışdır. Həmin dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Qafqaz ölkəsinə göndərildi. İki ölkə arasında Sovet İttifaqının yaranması ilə zəifləyən əlaqələr kino və musiqi vasitəsi ilə canlı mədəni əlaqələr şəklində mövcudluğunu davam etdirdi.
Real əməkdaşlıq SSRİ-nin dağılması və Azərbaycanın 1992-ci il yanvarın 1-də müstəqillik əldə etməsi ilə bərpa olundu. Bu tarixi hadisə İtaliya ilə Azərbaycan arasında münasibətlərin xüsusi bir dövründə baş verdi. Belə ki, müstəqillik elan edildikdən bir neçə gün sonra Azərbaycanın Baş naziri Həsən Həsənov İtaliya nümayəndələri, o cümlədən oktyabrın 27-də görüşdüyü baş nazir Andreotti ilə bir sıra danışıqlar aparmaq üçün Romada olmuşdur. Səfər zamanı İtaliyanın “Tecnimont” və “Fata” şirkətləri ilə mühüm sazişlər imzalanmış, Merloni ilə birlikdə Azərbaycanda İtaliyanın sənaye mövcudluğunun yaradılmasına rəhbərlik etməyə dəvət edilmişlər. Beləliklə, iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlamışdır.

Prezident cənab İlham Əliyevin 2026-cı il 4 may tarixində keçirilən zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqi...
05/05/2026

Prezident cənab İlham Əliyevin 2026-cı il 4 may tarixində keçirilən zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirir. Bu çıxışın mahiyyətində Azərbaycanın tarixi qələbədən sonra seçdiyi məsuliyyətli siyasi xətt dayanır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edir. Bu yanaşma sadəcə diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir. Azərbaycan sübut edib ki, real güc təkcə hərbi-siyasi üstünlükdə deyil, bu üstünlüyü davamlı sülhə və əməkdaşlığa transformasiya etmək qabiliyyətindədir.
Azərbaycanın sülh siyasəti konkret addımlarla təsdiqlənir. Dövlətimizin 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması mühüm siyasi iradənin göstəricisidir. Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub.
Cənab Prezident vurğulayır ki, Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştira...
01/05/2026

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd olunmalı işlər olduqca az idi və demək olar ki, nəzərə çarpmırdı. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya Oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə də yalnız dövlət strukturları cəlb olunmuşdu. 1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu. 29 il əvvəl Azərbaycanda olimpiya hərəkatı yeni mərhələyə qədəm qoydu . MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. O da məlum oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları, hətta ölkənin idman təşkilatları ilə əlaqələri yoxdur.Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komtəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi ki, bu seçimdə MOK səhv etməyib. MOK-un və idmanımızın bu məsələdə daha çox qazandığı tezliklə aydın oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu maksimum düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yol və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə ardıcıl, kollektiv və fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxışındaca ortaya əməli plan və proqram qoydu. Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.

2026-cı ilin may ayında RİH başçısı Ayaz Əsgərov tərəfindən keçiriləcək səyyar qəbulların qrafiki.
29/04/2026

2026-cı ilin may ayında RİH başçısı Ayaz Əsgərov tərəfindən keçiriləcək səyyar qəbulların qrafiki.

Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetl...
29/04/2026

Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetlər dövründə mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurub. Ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter alması isə münasibətləri daha da möhkəmləndirib. Azərbaycan Prezidentinin Çex Respublikasına gerçəkləşmiş davamlı səfərləri, eləcə də bu ölkə rəsmilərinin Azərbaycanda olması münasibətlərin inkişafındakı dinamikanı gücləndirib.
Çex Respublikası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib. Hər iki dövlət ikitərəfli münasibətlər qurmaqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasi dialoqa böyük önəm verir və bərabərhüquqlu tərəfdaş olaraq qətiyyətli mövqe sərgiləyirlər. 2015-ci ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Həmçinin, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Komissiya münasibətlərin inkişafında əlaqələndirici rol oynamaqla, əhəmiyyətli müsbət nəticələrə nail olub.
Hazırda müxtəlif regionlarda baş verən münaqişələrin yaratdığı təchizat-logitstika zəncirlərinin pozulması enerji, resurs və üstün kommunikasiya potensiallarına malik olan Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmaqdadır. Ölkəmizin strateji coğrafi mövqeyi və imkanları, regionda sülh və sabitliyin möhkəm dayağı olması, rifah və qlobal əməkdaşlığa əvəzsiz töhfələr verməsi Avropa İttifaqının inkişaf etmiş ölkələrindən olan Çexiya üçün də cəlbedici məzmun daşıyır.
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri də mövcud fraqmentasiyalar fonunda xüsusi məna kəsb edir. Səfər rəsmi Praqa və Bakı arasında strateji tərəfdaşlığı möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır, müasir inkişaf prioritetlərini müəyyənləşdirmək baxımından faydalı gündəlik formalaşdırır. Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlarda səsləndirilən fikirlər Azərbaycan və Çex Respublikasının etibarlı və yaxın strateji tərəfdaş olduqlarını bir daha təsdiqləyir. Cənab Prezidentin bildirdiyi kimi, iki ölkə arasındakı əlaqələr dinamik şəkildə inkişaf edir, fəal siyasi dialoq münasibətləri daim irəlilədir. Səfər zamanı regional, ikitərəfli və qlobal xarakter daşıyan məsələlər ətrafında aparılan fikir mübadiləsi isə konkret və nəticəyönümlü olmaqla, gələcək fəaliyyətin prinsiplərini, iqtisadi sahədə görüləcək işlərin yeni prioritetlərini müəyyən edir.

Yardımlıda görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədb...
28/04/2026

Yardımlıda görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Təhsil Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Akademik Zərifə Əliyeva adına 1 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısının birinci müavini Azər Xamiyev, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, Təhsil Sektorunun müdiri Kamal Təhməzov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov, Yardımlı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Direktoru Ravil Qənbərov, ictimaiyyət nümayəndələri və bağçanın kollektivi iştirak ediblər.
Əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, onun Azərbaycan tibb elminə verdiyi töhfələrdən bəhs edilib.
Çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva görkəmli alim, qayğıkeş həkim və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında daim yaşayır. Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar və qazandığı nailiyyətlər bu gün də öz aktuallığını qoruyur.
Daha sonra körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən hazırlanmış şeirlər səsləndirilib.
Tədbirin sonunda körpələr evi-uşaq bağçasının balaca fidanlarına hədiyyələr təqdim olunub.
Sonda belə tədbirlərin gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və görkəmli şəxsiyyətlərin irsinin təbliğində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münas...
27/04/2026

Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Bu əlaqələrin inkişafı yalnız iki dövlətin milli maraqlarının uzlaşması ilə deyil, həm də regional və qlobal geosiyasi reallıqların diktə etdiyi zərurətlə bağlıdır.
Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin strateji mahiyyətini, dinamik inkişafını və gələcək perspektivlərini dolğun şəkildə ifadə edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan-Ukrayna münasibətlərinin əsasını yüksək səviyyəli siyasi dialoq təşkil edir. Prezidentlərin müntəzəm görüşləri bu dialoqun davamlı və sistemli xarakter aldığını göstərir. Son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi təsadüfi deyil. Bu fakt iki ölkə arasında münasibətlərin strateji planlaşdırmaya əsaslanan davamlı əməkdaşlıq formatında inkişaf etdiyini sübut edir. Bu görüşlər təkcə ikitərəfli gündəliyin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində baş tutan təmaslar vasitəsilə də əlaqələrin çoxşaxəli inkişafına xidmət edir. Siyasi münasibətlərin möhkəm təməli isə uzun illər ərzində formalaşdırılmış hüquqi baza ilə dəstəklənir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional əsasını təşkil edir. Həmin sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərin qarşılıqlı şəkildə dəstəklənməsi xüsusi yer tutur. Bu, hər iki ölkənin beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirməklə yanaşı, onların bir-birinin milli maraqlarına həssas yanaşdığını da göstərir.
Energetika sahəsi Azərbaycan-Ukrayna əməkdaşlığının aparıcı istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji ehtiyatları və ixrac imkanları, Ukraynanın isə geniş enerji bazarı və tranzit potensialı bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu kontekstdə SOCARın Ukraynadakı fəaliyyəti xüsusi qeyd olunmalıdır. SOCAR uzun illərdir Ukrayna bazarında uğurla fəaliyyət göstərərək yalnız iqtisadi mənfəət əldə etmir, həm də iki ölkə arasında strateji iqtisadi körpü rolunu oynayır. Energetika sahəsində əməkdaşlığın gələcək perspektivləri də kifayət qədər genişdir. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi mümkündür. Bu isə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm nəticələr vəd edir. Sənaye və hərbi-texniki əməkdaşlıq da Azərbaycan-Ukrayna münasibətlərinin mühüm komponentlərindəndir. Hər iki ölkə sənaye potensialına malikdir və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahibdir. Xüsusilə müdafiə sənayesi sahəsində birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivləri diqqətəlayiqdir. Bu cür əməkdaşlıq yalnız hərbi potensialın gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda texnoloji inkişafın sürətləndirilməsinə və sənaye modernizasiyasına da töhfə verir. İqtisadi əməkdaşlığın digər mühüm istiqamətlərinə ticarət, nəqliyyat və logistika sahələri daxildir. Ticarət dövriyyəsinin artması və qarşılıqlı investisiya qoyuluşlarının genişlənməsi iqtisadi əlaqələrin dərinləşdiyini göstərir.

Azərbaycan və Latviya dost və yaxın dövlətlər kimi uzunillik möhkəm siyasi-iqtisadi, humanitar tarixi əlaqələrə malikdir...
23/04/2026

Azərbaycan və Latviya dost və yaxın dövlətlər kimi uzunillik möhkəm siyasi-iqtisadi, humanitar tarixi əlaqələrə malikdirlər. Sovetlər dövründə müttəfiq respublikalar kimi tərəflər arasında iqtisadi, elmi-mədəni əlaqələrin mövcud olması müstəqillik dövründə bu təmasların möhkəmlənməsində mühüm rol oynayıb. Hər iki dövlət müstəqillik qazandıqdan sonra sıx diplomatik münasibətlər qurmaqla əlaqələri yeni mərhələdə inkişaf etdirib.
Latviya Baltikyanı ölkə kimi Azərbaycanın Avropa ilə mübasibətlərində mühüm rol oynayıb və bu region dövlətləri içərisində Azərbaycan Respublikasının səfirliyi ilk dəfə Riqada fəaliyyətə başlayıb. Azərbaycanın dövlət maraqlarını hər zaman birmənalı olaraq dəstəkləyən Latviya, keçmiş Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu da daim bəyan edib.
2000-ci illərdə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Latviya münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin 2017-ci ildə Latviya Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələ açıb, eləcə də Latviya Prezidentinin və Baş nazirinin ölkəmizə səfərləri bu əlaqələrinin sarsılmazlığını möhkəmləndirib. Hazırda da iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri və aprelin 22-də Prezident İlham Əliyevlə görüşü müasir geosiyasi və qlobal iqtisadi çağırışlar fonunda müxtəlif məsələlər ətrafında yaxşı müzakirələrin aparılması baxımından fürsət kimi dəyərləndirilə bilər. Geniş tərkibli görüşdə Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, müxtəlif regionlarda baş verən proseslərə baxmayaraq, Bakı və Riqa arasında çox yaxşı siyasi əlaqələr mövcuddur və bu münasibətlər bu gün bir daha təsdiqləndi. Eləcə də, Prezident Edqars Rinkeviçsin qeyd etdiyi kimi, Yaxın Şərqdə və Avropada siyasi hadisələr, regional təhlükəsizlik məsələləri fonunda Azərbaycanı strateji tərəfdaş və dost hesab edən Latviya siyasi və iqtisadi əməkdaşlığın real dəyərini hazırkı şəraitdə praktiki baxımdan daha çox yüksəltmək niyyətindədir.
Dövlət başçılarının mətbuata bəyanatlarında da siyasi-iqtisadi-investisiya və regional əməkdaşlıq məsələlərinin əsas strateji hədəf prinsipləri kimi müəyyən edildiyi nəzərə çarpdı. Xüsusilə də, Edqars Rinkeviçsin səfəri mühüm hadisə olmaqla, ikitərəfli münasibətləri gücləndirmək, müxtəlif sahələrdə əməkdaşlığı başlatmaq üçün yeni imkanlar yaradır.
Eləcə də, Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərinin, regional inkişaf və ətrafda baş verən hadisələrin müzakirəsi fonunda prinsipial addımların atılması barədə qətiyyətin nümayiş etdirilməsi çoxtərəfli inkişaf formatının qurulacağına dəlalət edir. Bu konteksdə, Azərbaycanla Ermənistan arasında perspektivli sülh prosesi bölgədə təhlükəsizlik və rifah mühitinin sağlam və mütərəqqi vizyonunu əks etdirir.

Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə ...
15/04/2026

Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar Elm Xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Yardımlıda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi” mövzusunda tədbir keçirilib....
13/04/2026

Yardımlıda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi” mövzusunda tədbir keçirilib.

Aprelin 13-də Yardımlı Rayon İcra hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısı aparatının, Təhsil, Səhiyyə, Mədəniyyət idarələrinin məsul şəxslərinin və RİH başçısının iəd üzrə nümayəndələrinin iştirakı təmin edilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. İlk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlavə olaraq qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı mütərəqqi əhəmiyyətə malik olmaqla, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi kimi məsələləri özündə ehtiva edir.
Tədbir qarşılıqlı diskussiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Aprelin 10-da Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Mərkəzi Kitabx...
10/04/2026

Aprelin 10-da Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Mərkəzi Kitabxanasının və Yardımlı Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan memarlığı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektoru Şöbə müdirinin müavini – sektor müdiri (baş memar) Sərvər Mirzəyev, eləcə də adları qeyd olunan qurumların əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda memarlıq və şəhərsalma sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etmişlər, onun rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin ölkənin müasir memarlıq simasının formalaşmasında mühüm rol oynadığını vurğulamışlar. Bildirilmişdir ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir, ölkəmizdə müasir şəhərsalma prinsipləri tətbiq olunur.
Tədbirdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən geniş bəhs edilmiş, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ilə müasir infrastrukturun qurulduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu layihələr dayanıqlı inkişafı təmin etməklə yanaşı, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün geniş imkanlar yaradır.
Tədbir çərçivəsində Ümummilli Liderin Azərbaycan memarlığına verdiyi töhfələri əks etdirən videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda xatirə şəkilləri çəkilib.

Address

H. Əliyev Küçəsi 78
Yardımlı
6500

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı Rayon İcra Hakimiyyəti:

Share