01/06/2026
“Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir çıxışlarla davam edib.
Çıxışlarda uşaqların xoşbəxt və sağlam böyüməsi istiqamətində göstərilən dövlət qayğısından, onların layiqli vətəndaş kimi yetişməsində təhsil və mədəniyyət müəssisələrinin rolundan danışılıb. Qeyd olunub ki, gələcəyimizin təməli bugünün yetişən fidanları ilə qoyulur.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi uşaqların müdafiəsinin və hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onlarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirmək, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Xaçmaz Rayon Ağsaqqallar Şurasının üzvü, təhsil və mədəniyyət işçiləri, məktəblilər, eləcə də uşaq bağçalarında tərbiyə alan balacalar iştirak ediblər.
Tədbirdə xüsusi rəssamlıq qabiliyyətinə malik, fərdi təhsil alan, sağlamlıq imkanları məhdud və ümumrespublika təqdimat müsabiqəsinin qalibi olan məktəblilər də iştirak ediblər. Onlar muzeyin fəxri diplomu ilə mükafatlandırılıblar.
Tədbir çərçivəsində uşaqların ifasında şeirlər səsləndirilib, rəngarəng rəqslər nümayiş etdirilib, mahnılar oxunub və müxtəlif əyləncəli səhnəciklər təqdim olunub.
Tədbir çərçivəsində Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin təşkil etdiyi kitab sərgisinə və Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə də baxış keçirilib.
Sonda tədbirdə fəal iştirak edən uşaqlara təşəkkür edilib, onların daim xoşbəxt, sağlam və firavan böyümələri arzulanıb. Xatirə şəkilləri çəkdirilib.