27/05/2026
26 may 2026-cı il tarixdə 28may Müstəqillik Günü ilə əlaqədar Tovuz rayonu Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "28 may xalqımızın qürur və birliyinin simvolu" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 28 May – Müstəqillik Günü xalqımızın dövlətçilik tarixində dönüş nöqtəsi kimi xüsusi yer tutur. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması uzun illər formalaşan milli azadlıq ideyasının siyasi ifadəsi idi. Bu tarix Şərqdə və müsəlman dünyasında ilk parlamentli, demokratik və dünyəvi respublikanın yaranması ilə yadda qaldı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın milli özünüdərk prosesinin yetkin mərhələyə çatmasının nəticəsi idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində maarifçilik hərəkatı, ictimai-siyasi düşüncənin inkişafı və milli ideyaların güclənməsi müstəqil dövlət ideyasını reallığa çevirdi. Bu proses nəticəsində xalqımız öz siyasi iradəsini ortaya qoyaraq dövlət qurmaq imkanını həyata keçirdi.
İstiqlal Bəyannaməsi ilə elan edilən yeni respublika bərabərlik, hüquq və azadlıq prinsiplərinə əsaslanan idarəçilik sistemi yaratdı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi. Parlament təsis olundu, hökumət strukturları formalaşdırıldı, dövlət atributları qəbul edildi. Milli ordu yaradıldı, hüquqi sistemin əsasları qoyuldu, dövlət idarəçiliyində müasir prinsiplər tətbiq edildi. Bu addımların gələcəkdə dövlətçilik üçün möhkəm təməllər rolunu oynayacağından danışdılar.
Sonda müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş olunub.