Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb Təhsil millətin gələcəyidir

17/06/2026

🎓 III qrup üzrə rekord nəticə – 690 bal!

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunları arasında III ixtisas qrupu üzrə ən yüksək nəticə qeydə alınıb.
Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı hər iki mərhələnin cəminə əsasən 690 bal toplayaraq fərqlənib.
📌 O, imtahanın:
🔹 I mərhələsində – 293.8 bal,
🔹 II mərhələsində isə – 396.2 bal nəticə göstərmişdir.

👏 Fidan Hüseynzadəni təbrik edir, uğurlar arzulayırıq!

16/06/2026

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni geosiyasi mərhələsi
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanan bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi-siyasi əsaslarını möhkəmləndirmədi, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyən edən mühüm strateji sənədə çevrildi. Məhz buna görə Şuşa Bəyannaməsi XXI əsrdə türk dünyasının siyasi birliyinin ən mühüm hadisələrindən biri hesab olunur.

Bəyannamənin əsas ideoloji dayağını Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan bu sənəd əcdadların siyasi və mənəvi vəsiyyətinə sadiqliyin nümayişidir. Bu baxımdan Bəyannamə sadəcə dövlətlərarası sənəd deyil, eyni zamanda ortaq tarixə, dilə, mədəniyyətə və milli kimliyə əsaslanan strateji birlik konsepsiyasının təsdiqidir.

Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Sənəddə siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, elm, təhsil, mədəniyyət və informasiya siyasəti kimi sahələr üzrə konkret hədəflər müəyyənləşdirilib. Bu isə Azərbaycan və Türkiyə münasibətlərini klassik tərəfdaşlıq səviyyəsindən çıxararaq tamhüquqlu müttəfiqlik mərhələsinə yüksəldib.

Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyət göstərilməsi prinsipi əks olunub. Bu müddəa regionda sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda müdafiə sənayesi, hərbi təlimlər, müasir silah sistemlərinin tətbiqi və silahlı qüvvələrin modernləşdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan-Türkiyə hərbi ittifaqının daha da möhkəmlənməsinə xidmət edir.

Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın yeni mərhələsini də formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin sənəddə öz əksini tapması regionun nəqliyyat və logistika xəritəsində yeni imkanlar yaradıb. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri gələcəkdə regionun iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesi də Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biridir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrində fəal iştirak edir. Yol, enerji, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi və turizm infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq həm regionun sosial-iqtisadi inkişafına, həm də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının praktiki nəticələrinin görünməsinə şərait yaradır.

Sənəddə informasiya siyasəti və diaspor fəaliyyətinə xüsusi yer ayrılması da diqqət çəkir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq mediada ortaq mövqenin formalaşdırılması, informasiya mübadiləsinin gücləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsi müasir dövrün mühüm çağırışlarına cavab verir. Xüsusilə qlobal informasiya müharibələrinin getdikcə intensivləşdiyi bir dövrdə bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.

Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi bazası deyil, həm də regionun gələcək inkişaf konsepsiyasını müəyyən edən strateji yol xəritəsidir. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, türk dünyasının inteqrasiyasının dərinləşməsinə və hər iki dövlətin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Şuşada imzalanan bu tarixi sənəd bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər zamanın sınağından çıxmış, ortaq milli maraqlara söykənən və gələcəyə hesablanmış sarsılmaz müttəfiqlik modelidir.

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri

14/06/2026

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və yüksəlişə aparan tarixi dönüş nöqtəsi

Azərbaycan xalqının müasir tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə təqvim hadisəsi deyil, bütöv bir dövlətin taleyini müəyyənləşdirən dönüş nöqtəsi kimi yadda qalır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar günlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişaf yoluna çıxarılması baxımından müstəsna əhəmiyyət daşıyır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrindən istefa verməsindən sonra Azərbaycana qarşı yönəlmiş məkrli planların həyata keçirilməsi üçün münbit şərait yarandı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə ortaya qoyulması, Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması və sonrakı illərdə baş verən faciəli hadisələr ölkənin üzləşdiyi ağır sınaqların başlanğıcı oldu. Müstəqilliyin ilk illərində isə siyasi idarəetmədə yol verilən ciddi səhvlər, dövlət institutlarının zəifliyi və daxili qarşıdurmalar vəziyyəti daha da mürəkkəbləşdirdi.

1991–1993-cü illərdə Azərbaycan həm xarici təcavüz, həm də daxili siyasi böhranlarla üz-üzə qalmışdı. Dövlət idarəçiliyində təcrübəsizlik, silahlı qruplaşmaların özbaşınalığı, separatçılıq meyllərinin güclənməsi və iqtisadi tənəzzül ölkəni dərin uçuruma sürükləyirdi. Cəbhədə ardıcıl uğursuzluqlar yaşanır, torpaqlar işğal edilir, əhalinin sosial vəziyyəti ağırlaşırdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə dövlətin mövcudluğunu təhlükə altına alan proseslərin kulminasiya nöqtələrindən biri oldu.

Belə mürəkkəb şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. 1993-cü il iyunun 9-da Ümummilli Lider xalqın çağırışına cavab verərək Bakıya gəldi. Həmin günlərdə ölkədə hakimiyyət böhranı hökm sürür, qardaş qırğını təhlükəsi real xarakter alırdı. Heydər Əliyev böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək yaranmış qarşıdurmaların qarşısını aldı, dövlətçiliyin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində yeni mərhələ başlandı və həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə həkk olundu.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəetmə sistemi yenidən formalaşdırıldı, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya birliyi ilə münasibətlərini bərpa etməyə başladı. Məhz həmin dövrdə gələcək inkişafın əsasını təşkil edən siyasi və iqtisadi islahatların təməli qoyuldu.

Milli Qurtuluşdan sonrakı illər Azərbaycanın dövlət quruculuğu tarixində yeni mərhələnin başlanğıcı oldu. Nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, atəşkəs əldə edildi, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyənləşdirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmasına şərait yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə hüquqi dövlət quruculuğunun möhkəm təməlini formalaşdırdı.

Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin olunması idi. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, sabitlik olmadan nə iqtisadi inkişafdan, nə də sosial rifahdan danışmaq mümkündür. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi, müstəqil və prinsipial mövqeyi ilə beynəlxalq aləmdə nüfuz qazandı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz həmin dövrdə mümkün oldu.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun artması Milli Qurtuluş ideyalarının real nəticələridir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və müstəqillik əzminin təntənəsi kimi tariximizdə yaşayır. Bu əlamətdar gün bir daha sübut edir ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müasir inkişaf yolunun əsasını təşkil etmiş, ölkəmizin bugünkü uğurlarının möhkəm təməlini yaratmışdır.

Sevinc Qasımova,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin direktoru

14/06/2026
Bir zəng çalındı… və illərin xatirələri bir anın içində göz önündən keçdi.Bu gün məktəbimizdə keçirilən “Son zəng” tədbi...
13/06/2026

Bir zəng çalındı… və illərin xatirələri bir anın içində göz önündən keçdi.
Bu gün məktəbimizdə keçirilən “Son zəng” tədbiri sevincin, qürurun və kövrək ayrılığın bir arada yaşandığı unudulmaz anlarla yadda qaldı. Dünən məktəbə ilk addımlarını atan balaca uşaqlar, bu gün böyük arzularla həyata yola düşən məzunlara çevrildilər.
Əziz məzunlar, məktəb sizə yalnız bilik deyil, dostluq, hörmət, məsuliyyət və həyat dərsləri də öyrətdi. İndi isə yeni üfüqlərə doğru yol alırsınız. Qoy bu yol sizi arzularınıza, uğurlarınıza və xoşbəxt gələcəyinizə aparsın.
“Son zəng” bir son deyil, ən gözəl başlanğıcların səsidir. 🌹🎓✨

🌌 “Məktəbli ideyaları kosmosda!” adlı Məktəblilərarası Milli Kosmik Poçt Kartı müsabiqəsi çərçivəsində məktəbdə şagirdlə...
13/06/2026

🌌 “Məktəbli ideyaları kosmosda!” adlı Məktəblilərarası Milli Kosmik Poçt Kartı müsabiqəsi çərçivəsində məktəbdə şagirdlərin hazırladıqları yaradıcı işlərdən ibarət sərgi təşkil edilmişdir. Sərgidə nümayiş olunan poçt kartları müsabiqənin məktəb mərhələsinin münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və növbəti mərhələyə təqdim olunacaq işlər seçilmişdir.
Şagirdlərimizin zəngin təxəyyülü, yaradıcılığı və kosmosa olan marağı bu əsərlərdə öz əksini tapmışdır. Bütün iştirakçılara uğurlar arzulayır, gələcək nailiyyətlərinin davamlı olmasını diləyirik!
🛰️📮

12/06/2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş məktəbimizin 4-cü sinif şagirdləri arasında əyləncəli intellektual yarışma keçirilmişdir.
Yarışmada “Dəmir Yumruq”, “Gələcəyin Qurucuları”, “Aysberq”, “Fenomen”, “Bilik Ovçuları”, “Parlaq Zəkalar” və “Mübarizlər” komandaları iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Yarışın əsas məqsədi şagirdlərin bilik və dünyagörüşünü artırmaq, məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda komanda ruhunu gücləndirmək olmuşdur. İştirakçılar böyük həvəslə yarışaraq öz hazırlıqlarını və intellektual potensiallarını nümayiş etdirmişlər.
Yarışmanın sonunda qalib komandalar mükafatlandırılmış, fərqlənən iştirakçılar təltif olunmuşdur.
Bütün şagirdlərə gələcək təhsil və fəaliyyətlərində yeni uğurlar arzulanmışdır.

🌟 Biliklə qurulan gələcək daha möhkəm olur! 📚✨

11/06/2026
09/06/2026

📢 Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 2026–2027-ci tədris ili üçün yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.

Layihəyə 2026–2027-ci tədris ilində X və XI siniflərdə təhsil alacaq şagirdlər müraciət edə bilərlər.
ℹ️Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir:
📍 Sumqayıt şəhəri • Sumqayıt şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi •

Sumqayıt şəhəri 46 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

📍 Xırdalan şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi (Xırdalan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📍 Saray qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •

Saray qəsəbə 6 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📍 Mehdiabad qəsəbə 8 nömrəli tam orta ümumtəhsil məktəbi (Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

📝 Qeydiyyat zamanı aşağıdakı məlumatlar seçilməlidir: • Təhsil alacağınız rayon və ya şəhər; • Təhsil alacağınız məktəb.
🔗 Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/kQeiMG20uR

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
📌 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Yeni təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Address

6-cı Mikrorayon
Sumqayıt

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb:

Share

Category