Qubadlı Rayon İcra Hakimiyyəti

Qubadlı Rayon İcra Hakimiyyəti Qubadlı rayon İcra Hakimiyyəti rəsmi səhifəsi

28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günüdür.Tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım bir ...
28/05/2026

28 May - tarixin yaddaşında
müstəqillik və milli iradə günüdür.

Tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım bir millətin iradəsini, mənəvi bütövlüyünü və gələcəyə inamını əks etdirir. Azərbaycan xalqı da öz taleyinə sahib çıxmaq, milli kimliyini qorumaq və müstəqil yaşamaq əzmini XX əsrin əvvəllərində dünya tarixinə yazdı. Azərbaycan Xalq Cümhuriyyəti təkcə dövlətçiliyimizin bərpası deyil, həm də azərbaycanlıların siyasi yetkinliyinin, milli iradəsinin və müasir dəyərlərə sadiqliyinin parlaq nümunəsi idi.
Müsəlman Şərqində ilk parlamentli respublika kimi yaranan Cümhuriyyət, milli suverenliyin, xalq hakimiyyətinin və insan hüquqlarının qorunduğu demokratik bir cəmiyyətin əsasını qoydu. O dövrün mürəkkəb geosiyasi şəraitinə, daxili və xarici təhdidlərə baxmayaraq, Azərbaycan xalqı bir daha sübut etdi ki, müstəqillik onun üçün yalnız siyasi status deyil, həm də tarixi haqq, mənəvi dəyər və ali idealdır.
Bu gün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın çağırışları ilə böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı.
Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin və mühüm missiyanı imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. İlk parlament və hökumət təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul olundu. Azərbaycan dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.
Respublikanın ərazi bütövlüyünü və milli təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görüldü. Qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli xüsusiyyətlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul olundu. Mövcudluğunun ilk günlərindən demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı.
Ancaq birinci respublika cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi.
Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.
Ümummilli Lider xilaskarlıq missiyasını üzərinə götürərək respublikanı çətin sınaqlardan uğurla çıxardı, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi. İndi çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq xəyalları reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində dövlət Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Hazırda isə azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə icra olunur.
Bu gün müasir Azərbaycan 107 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Müasir Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibinə çevrilib. Azərbaycan bu gün öz milli maraqlarını əsas tutaraq, müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, sarsılmaz ideoloji-siyasi təməllər üzərində qurulmuşdur. Bu siyasət nəticəsində Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.
28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Bu gün xalqımız 28 May - Müstəqillik Gününü böyük sevinc, xüsusi əhvali-ruhiyyə və sonsuz fəxarətlə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.
Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı-canı bahasına əldə etdiyi bu sərvəti əzmlə qoruyur və qoruyacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə sosial media hesablarında paylaşım  e...
27/05/2026

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə sosial media hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayı...
26/05/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi.26.05.2026  Əhalinin probleml...
26/05/2026

Qubadlı Rayon İcra Hakimiyyətinin
başçısı rayon sakinləri ilə növbəti
səyyar qəbul keçirdi.
26.05.2026

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 26 may 2026-cı il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən rayonun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbində keçirildi.
Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

HƏR BİR ƏKİN ÜÇÜN YARARLI TORPAQ SAHƏSİNİN, NECƏ DEYƏRLƏR, ÖZ PASPORTU OLMALIDIR.   Orada hansı məhsul yetişdirilərsə fe...
26/05/2026

HƏR BİR ƏKİN ÜÇÜN YARARLI TORPAQ SAHƏSİNİN, NECƏ DEYƏRLƏR, ÖZ PASPORTU OLMALIDIR.

Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.
Kənd təsərrüfatı texnikası ilə təminat.
Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.
Gübrə istehsalının artırılması.
Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.
Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.
Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.
Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.
Su təchizatı.
Bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək.
Şirvan kanalı.
Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək.
Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq.
Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.
Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk.
Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.
Pambıqçılıq.
Qeyd etdiyim kimi, bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.
İntensiv bağçılıq.
Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.
İstixana kompleksləri.
Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.
Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik.
Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır.
Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (https://azertag.az/xeber/azerbaycan_respublikasinda_kend_teserrufati_baliqchiliq_ve_akvakultura_mehsullarinin_istehsali_ve_emali_sahelerinin_inkisafina_dair_2026_2030_cu_iller_uchun_dovlet_proqraminin_tesdiq_edilmesi_ve_bundan_ireli_gelerek_bezi_meselelerin_tenzimlenmesi_haqqinda__azerbaycan_respublikasi_prezidentinin_serencami-4223691)

REGİONAL İNKİŞAF PROQRAMLARINI İCRA ETDİKCƏ SOSİAL İNFRASTRUKTUR LAYİHƏLƏRİNİ DƏ UĞURLA İCRA ETMİŞİK.   Bizim bütün rayo...
26/05/2026

REGİONAL İNKİŞAF PROQRAMLARINI
İCRA ETDİKCƏ SOSİAL
İNFRASTRUKTUR LAYİHƏLƏRİNİ DƏ
UĞURLA İCRA ETMİŞİK.

Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.
Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub.
Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq.
Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik.
Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.
Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır.
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır.
Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.
Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir.
Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.
Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsində vəziyyət müsbətdir.
Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton.
Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır.
Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.
Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.
Torpaqlardan səmərəli istifadə məsələsi.
Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb.

KƏND TƏSƏRRÜFATI SAHƏSİNƏ DAİM ÇOX BÖYÜK DİQQƏT GÖSTƏRİLİR. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr ...
26/05/2026

KƏND TƏSƏRRÜFATI SAHƏSİNƏ
DAİM ÇOX BÖYÜK DİQQƏT
GÖSTƏRİLİR.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib.
Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi.
Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.
Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.
Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.
Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.
Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi.
Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.
Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.
Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.
Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir.
Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.
Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.
İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, -dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.

Address

İnsaatcilar
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Qubadlı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qubadlı Rayon İcra Hakimiyyəti:

Share