Əniq Bələdiyyəsi/Anig Municipality

Əniq Bələdiyyəsi/Anig Municipality Əniq Bələdiyyəsi Qusar rayonu ərazisində yerləşir. Kəndin ümumi ərazisi 3834 ha.

Bələdiyyənin tərkibinə Əniq kəndi, “Azadlıq” yaşayış massivi daxildir. Ümumi əhali sayı 2003 nəfərdir (962 qadın, 1041 kişi, 187 gənc).

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu böyük türk dünyasının vətəndaş cəmiyyəti institutları...
23/05/2022

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu böyük türk dünyasının vətəndaş cəmiyyəti institutlarının daha dərin əməkdaşlığının başlanğıcı kimi qəbul edilməlidir

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlığının təkmilləşdirilməsi üçün TƏKLİF

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırış...
23/05/2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb

17/05/2022

Müraciətlərinizi www.enezaret.az saytına daxil olaraq, müvafiq formanı doldurmaqla edə bilərsiniz.

Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri barə...
16/05/2022

Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri barədə

Ölkə üzrə iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli (reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarının, sosial və iqtisadi subyektlərin, elmi dairələrin, geniş ictimaiyyətin, beynəlxalq təşkilatların və digər istehlakçıların təmin edilməsi və məlumatlandırılması rəsmi statistika hesabına aparılır.

Dövlət idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsi üçün məlumatların məxfiliyi təmin edilməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlardan istifadə edilir.

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rəsmi statistikanın məqsədi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdir.

Rəsmi statistikanın məqsədi statistik məlumatların obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə, icmal statistik materialların aşkarlığını təmin edən vahid statistik məlumatlandırma sisteminin yaradılmasına, bu qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə yönəldilmişdir.

Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra - Dövlətstatkom) statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlətstatkom öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Yerli özünüidarəetmə orqanları da öz növbəsində “bələdiyyə büdcəsinin icrası” barədə aidiyyəti quruma hesabat təqdim edirlər.

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin ölkə mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır. Bələdiyyələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir. Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.

Ölkə ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının büdcəsinin icrasına dair ölkənin regionları üzrə ümumiləşdirilmiş məlumatlar ictimaiyyətə açıqlanması üçün bülletenlər şəklində əks olunur.

Bələdiyyələr statistik hesabatlarını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli, 5/08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə büdcəsinin icrası haqqında” 4-BB №-li rüblük, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair Göstərişin tələblərinə uyğun olaraq təqdim etməlidirlər. Rüblük, illik rəsmi statistika hesabatı forması (üzrə məlumatlar yerli özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən rüblük dövriliklə hazırlanır. 1-ci, 2-ci və 3-cü rüblər üzrə məlumatlar hesabat rübündən sonra 30 gün, 4-cü rüb üzrə məlumatlar isə il başa çatdıqdan sonra 45 gün ərzində elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir. Hesabat ili üçün nəzərdə tutulmuş gəlir və xərclərə dair proqnoz məlumatları 1-ci rübün icra məlumatları ilə birgə təqdim edilir.

Hesabat formasının Gəlirlər bölməsində (A bölməsi) yerli büdcəyə qanunvericiliklə nəzərdə tutulmuş bütün növ daxilolmalar, Xərclər (funksional təsnifat üzrə) və yerli büdcənin kəsiri (-)/profisiti bölməsində (B bölməsi) yerli büdcənin Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı (bundan sonra - funksional təsnifat) üzrə bölgüsünə dair, iqtisadi təsnifat üzrə xərclər bölməsində isə (C bölməsi) Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı (bundan sonra - iqtisadi təsnifat) üzrə bölgüsünə dair məlumatlar əks etdirilir.

Məlumatların yerli özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən dövlət statistika orqanlarına təqdim edilən göstəricilər əsasında hazırlandığını nəzərə alaraq, onların düzgünlüyünə və dəqiqliyinə məsuliyyətlə yanaşılması, məlumatların operativ və qanunvericiliyin tələblərinə uyğun təqdim edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir
16/05/2022

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Sumqayıt regional ədliyyə idarəsi ilə birlikdə Abşeron bələdiyyələrinin vəzifəli şəxslərinin iştirakı ilə bələdiyyələrin qarşılaşdıqları aktual problemlər və onların həlli yollarına həsr olunmuş...

Yerli özünüidarə haqqında" Avropa Xartiyasının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUAzərbaycan Respub...
27/04/2022

Yerli özünüidarə haqqında" Avropa Xartiyasının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyası müvafiq bəyanatlar ilə (bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 25 dekabr 2001-ci il
№ 238-IIQ

YERLİ ÖZÜNÜİDARƏ HAQQINDA AVROPA XARTİYASI
Strasburq, 15 oktyabr 1985-ci il
Preambula

Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış dövlətlər,
Avropa Şurasının məqsədinin ümumi sərvət sayılan ideal və prinsiplərin təntənəsi və qorunması naminə onun üzvləri arasında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu hesab edərək;
idarəetmə sahəsində sazişlər bağlanmasının bu məqsədə xidmət edən vasitələrdən biri olduğunu hesab edərək;
yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini hesab edərək;
dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün ümumi sayılan demokratik prinsiplərə aid olduğunu hesab edərək;
real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsi qənaətinə söykənərək;
Avropanın müxtəlif ölkələrində yerli özünüidarənin müdafiəsinin və möhkəmləndirilməsinin demokratiya və hakimiyyətin mərkəzləşdirilməsi prinsiplərinə əsaslanan Avropanın qurulmasına əhəmiyyətli töhfə olduğunu dərk edərək;
bunun, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokratik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan vəsaitlər baxımından geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu təsdiq edərək;
aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1
Tərəflər aşağıdakı maddələrə bu Xartiyanın 12-ci maddəsində nəzərdə tutulmuş qaydada və həcmdə riayət etməyi öhdələrinə götürürlər.

1-ci HİSSƏ

Maddə 2
Yerli özünüidarənin konstitusiya və qanunvericilik əsasları
Yerli özünüidarə prinsipi ölkə qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında təsbit olunmalıdır.

Maddə 3
Yerli özünüidarə anlayışı
1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.
2. Bu hüququ azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət şuralar yaxud yığıncaqlar həyata keçirir. Şuraların yaxud yığıncaqların onlara hesabat verməli olan icra orqanları ola bilər. Bu müddəa, qanunla yol verilən yerlərdə vətəndaşların yığıncaqlarına, referenduma və ya vətəndaşların birbaşa iştirakının hər hansı başqa formasına müraciət olunmasını istisna etmir.

Maddə 4
Yerli özünüidarənin səlahiyyət sahəsi
1. Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya ilə yaxud qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
2. Yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər.
3. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud məhdudlaşdırıla bilər.
5. Mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində onların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sərbəstliyinə malik olmalıdırlar.
6. Yerli özünüidarə orqanlarına bilavasitə aidiyyəti olan hər hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqanlarla məsləhətləşmək və bunu, imkan daxilində, qabaqcadan və müvafiq formada etmək zəruridir.

Digər maddələrlə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz:

I. 1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyası müvafiq bəyanatlar ilə (bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

27/04/2022

"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-nə təyin edilsin.
2. Müəyyən edilsin ki:
"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci və ikinci hissələrində, 34-cü maddəsinin dördüncü hissəsində, 36-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyətləri həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təklif edilsin:
xarici dövlətlərin seçki komissiyalarının nümayəndələrini Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə onları müşahidə etmək üçün dəvət etsin və beynəlxalq müşahidəçilərin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri köməklik göstərsin;
Azərbaycan Respublikasında 1999-cu il dekabrın 12-nə keçirilməsi təyin edilmiş bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı dövlət büdcəsindən zəruri olan həcmdə maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabietinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
bir ay müddətində Azərbaycan Respublikasında 1999-cu il dekabrın 12-nə keçirilməsi təyin edilmiş ilk bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri olan həcmdə maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görsün;
beynəlxalq müşahidəçilərin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri kəməklik göstərsin;
öz səlahiyyətləri daxilində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Rayon (şəhər) icra hakimiyyəti orqanlarına tapşırılsın:
"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq müəyyən olunmuş formada seçicilərin siyahısını məntəqədə seçki komissiyalarına təqdim etsinlər:
"Bələdiyyələrə seçkilərin qaydaları" haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq seçicilər haqqında məlumatın vəziyyətini vaxtaşırı dəqiqləşdirsinlər;
"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Recpublikası Qanununun 34-cü maddəsinin dördüncü hissəsində müəyyən edilmiş qaydada nəşr olunmuş təbliğat materiallarının asılması və yapışdırılması üçün xüsusi yerlər ayırsınlar;
"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş qaydada məntəqə seçki komissiyaları üçün səsvermə otaqları ayırsınlar.
6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət konsernləri və şirkətlərinə, dövlət müəssisə, idarə və təşkilatlarına tapşırılsın ki, bələdiyyələrə seçkilər üzrə seçki komissiyalarına onların qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsində köməklik etsinlər.
7. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin ki, beynəlxalq parlamentlərarası təşkilatların və xarici ölkələrin parlamentlərinin nümayəndələrini Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etsin.
8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın:
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakının mütəşəkkil keçirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə zəruri olan tədbirləri həyata keçirsin;
bələdiyyə seçkilərini müşahidə etmək üçün xarici dövlətlərin hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət edib, onların nümayəndələrini respublikaya dəvət etsin;
Bu Fərman barədə xarici dövlətlərə və beynəlxalq təşkilatlara məlumat versin.
9. Kütləvi informasiya vasitələrinin rəhbərlərinə tövsiyə edilsin ki, bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar müntəzəm şəkildə məlumat və materialların verilməsini təmin etsinlər.
10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 27 iyul 1999-cu il
№ 163

27/04/2022

Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik
2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir.

Maddə 3. Yerli vergilər və ödənişlər
3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.
3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir.
3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.
3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir.
3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Maddə 4. Yerli vergilərin müəyyən edilməsinin əsasları
4.0. Yerli vergilərin müəyyən edilməsinin əsasları aşağıdakılardır:
4.0.1. vergitutma obyekti;
4.0.2. vergitutma bazası;
4.0.3. vergitutma dövrü;
4.0.4. vergi dərəcəsi;
4.0.5. verginin hesablanması qaydası;
4.0.6. verginin ödənilməsi qaydası və müddəti.

Maddə 5. Vergitutma obyekti və vergi ödəyicisi
5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. [1]
5.2. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir.
5.3. Bu Qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər. [2]
5.4. Əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər tərəfindən hesablana bilər.
5.5. Vergi agenti - vergi qanunvericiliyinə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə yerli büdcəyə köçürməyə borclu olan şəxsdir.
5.6. Vergi ödəyicisinin və vergi agentinin hüquq və vəzifələri vergi qanunvericiliyi ilə tənzimlənir.

Maddə 6. Vergitutmanın formaları
6.0. Vergilər aşağıdakı formalarda tutulur:
6.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
6.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri
7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

Maddə 8. Yerli vergilərin tərkibi
8.0. Yerli vergilərə aşağıdakılar aiddir:
8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; [3]
8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; [4]
8.0.3. yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; [5]
8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

Maddə 9. Yerli ödənişlərin tərkibi
9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir:
9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; [6]
9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; [7]
9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. [8]
9.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Maddə 10. Yerli vergilərin dərəcələri və vergi üzrə güzəştlər
10.1. Yerli vergilərin dərəcələri Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.
10.2. Bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər.

Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi
11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir.
11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.
11.3. Bu Qanunun 9.1.5.-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir.
11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. [9]

Maddə 12 Yerli vergi və ödənişlərin yığılmasına və istifadəsinə nəzarət
12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir.
12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər.
12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.
Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.

Maddə 13. Yerli vergi və ödənişlərə dair qanunvericiliyin pozulmasına görə məsuliyyət
13.1. Yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
13.2. Bu Qanunla müəyyənləşdirilən yerli vergi və ödənişlərin toplanması və büdcəyə köçürülməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinin icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılmasına yol verilmir.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Bakı şəhəri, 27 dekabr 2001-ci il
№ 244-II

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın ...
27/04/2022

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”dan
ÇIXARIŞ

III. MİLLİ STRATEGİYA ÜZRƏ TƏDBİRLƏR

2. Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti
Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi nəzərdə tutulur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmalı və onların qərar qəbuletmə prosesi daha operativ olmalıdır. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması, bu xətlər barədə ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər müəyyən edilir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsini tənzimləyən qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”dan

27/04/2022

Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam...
27/04/2022

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05 yanvar 2022, 12:00

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq qərara alıram:
1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2022-ci il

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Address

Qusar

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00

Website

Alerts

Be the first to know and let us send you an email when Əniq Bələdiyyəsi/Anig Municipality posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category