20/07/2020
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlu 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur.1966-cı ildə birinci sinfə getmiş,1976-cı ildə orta təhsilini başa vurmuşdur.1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır.Hərbi xidməti bitirdikdən sonra onu mühafizə bölməsinə gözətçi,1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi qəbul edirlər.Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu "Polis əlaçısı"döş nişanı ilə təltif etmişdir.O,1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur,əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi.1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı.Vasili Əliyev öz dəstəsi ilə Seytas,Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində mərdliklə vuruşmuş,döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədəkarlıq göstərmişdir.
19 oktyabr 1992-ci il tarixdə Hərbiçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı.Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər.Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü.Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar.Onlar düçmənin xeyli canlı qüvvəsini məhv etdilər.Ancaq bu Vasilinin və onun dəstəsinin son döyüşü oldu.Onlar vətən yolunda canlarında keçdilər.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhmədoğlu Əliyevə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Qubadlı rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır. 🇦🇿