03/02/2026
Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir
Azərbaycanda milli maraqlara xidmət edən, ölkəmizi inamlı, etibarlı sabahlara daşıya biləcək geniş dünyagörüşünə, intellektual təfəkkürə malik təhsilli, vətənpərvər XXI əsr gəncliyi modeli formalaşıb. O gənclik ki təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji düşüncəyə, mütərəqqi ideyaya əsaslanan dərin konseptual xarakterli praqmatik dövlət gənclər siyasəti nəticəsində inkişaf edib, yetişib. Ulu Öndərin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ideyası ötən dövrdə gənclərimizin həyat tərzinə, fəaliyyət prinsipinə çevrilərək ümumilikdə ölkəmizi böyük qələbələrə aparıb. Dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib ki, bu tarixi qərar yetişən və yetişməkdə olan nəsilin gələcəyə baxışında hərəkətverici stimula çevrilib.
Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir. Bu uğurlu siyasətin bariz nümunəsi, dövlətin gənclərə, gənclərin isə dövlət başçısına olan inam və etimadı 2020-ci il İkinci Qarabağ savaşında özünü daha qabarıq büruzə verdi. Zəfəri əzəmətli edən milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin şücaəti hamını heyran etdi. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”unun zəfərində 30 ilə yaxın erməni əsarəti altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində vətənpərvər gənclər birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən zəfərlə çıxdılar.
Fiziki, intellektual cəhətdən sağlam yetişən gəncliyin, təbii ki, vətənpərvərlik tərbiyəsi, milli ruhu da yüksək olur. Bu baxımdan ölkəmizdə illərdir, həyata keçirilən dövlət gənclər siyasətinin ən böyük bəhrəsini, nümunəsini, milli ruhun təntənəsini 2020-ci ilin 44 günündə gördük, yaşadıq. Gənclərimiz Füzulidə yarılmaz istehkamları yarıb, keçilməz sədləri keçərək müqəddəs şəhərimiz Şuşada missiyalarını şərəflə tamamladılar, müasir hərb tariximizin zəfər salnaməsini yazdılar. Ölkə başçısı da çıxışlarında aparılan dövlət gənclər siyasətinin, təlim-tərbiyə prosesinin müharibənin taleyində böyük rol oynadığını vurğuladı: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”.