24/06/2026
Bakı və Aşqabad arasında strateji tərəfdaşlığın yeni mərhələsi
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasındakı münasibətlərin dinamik inkişafını və strateji xarakterini bir daha nümayiş etdirdi. Ali səviyyədə keçirilən görüşlər və aparılan danışıqlar Bakı ilə Aşqabad arasında mövcud olan çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müəyyən etmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı iki dövlət arasında siyasi, iqtisadi və mədəni platformalarda formalaşan sarsılmaz birliyin və gələcək müştərək hədəflərin rəsmi xülasəsi kimi qiymətləndirilməlidir. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində qalmayaraq, tərəflərin regional və qlobal müstəvidə bir-birini tamamlayan fəaliyyət proqramının icrasını sürətləndirdi. İki ölkə arasındakı münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri hər iki tərəfin milli maraqlara və qarşılıqlı hörmətə əsaslanan müstəqil xarici siyasət yürütməsidir. Məumur ki, Azərbaycan və Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına və strateji coğrafi mövqeyə malik dövlətlər kimi regionda sabitliyin və inkişafın əsas təminatçısı rolunda çıxış edirlər. Dövlət bşçısı bəyanatında bu potensialın birləşdirilməsinin vacibliyini xüsusi vurğulamışdır. İki ölkə rəhbərinin qəbul etdiyi qərarlar və verdiyi konkret tapşırıqlar yaxın gələcəkdə yeni və irimiqyaslı layihələrin reallaşdırılmasına zəmin yaradır. Xüsusilə, gələn ay Türkmənistanda keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası bu tapşırıqların praktiki müstəviyə keçirilməsi üçün əsas icra mexanizmi olacaqdır. Komissiya çərçivəsində ticarət, energetika və digər sahələrdə yeni əməkdaşlıq modelləri hərtərəfli işlənib hazırlanacaqdır.
Bu gün Azərbaycan-Türkmənistan əlaqələri sadəcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə koordinasiya olunur. Rəsmi Bakı Aşqabadın uzun illərdir uğurla yürütdüyü və dünyada geniş qəbul olunan neytrallıq siyasətini hər zaman qətiyyətlə dəstəkləyir. Öz növbəsində Türkmənistan da regional inteqrasiya proseslərində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Prezidentlərin siyasi iradəsi və dövlətlər arasındakı qarşılıqlı etimad Avrasiya məkanında yeni geoiqtisadi reallıqların formalaşmasına birbaşa təsir göstərir. Sərdar Berdiməhəmmədovun bu səfəri və qəbul edilən qərarlar Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlığın yeni və daha səmərəli bir mərhələyə qədəm qoyduğunu sübut edir.
Valeh Tağıyev;
Neftçala rayonu