16/12/2025
Azərbaycan – Slovakiya münasibətləri: Dostluq və strateji tərəfdaşlıqda yeni mərhələ başlanır
Slovakiyaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin dinamik, qarşılıqlı hörmətə əsaslanan və gələcəyə yönəlmiş xarakter daşıdığını bir daha təsdiqlədi. Bratislavada yüksək səviyyədə təşkil olunan qarşılanma mərasimi, aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan–Slovakiya əməkdaşlığının yeni bir mərhələyə qədəm qoyduğunu aydın şəkildə ortaya qoydu.
Bu gün Slovakiya Azərbaycan üçün sadəcə tərəfdaş deyil — etibarlı dost, siyasi dialoqda və iqtisadi əlaqələrdə stabil mövqeyə malik bir ölkədir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri ən yüksək səviyyəyə yüksəldərək enerji, iqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat və rəqəmsal texnologiyalar kimi geniş sahələri əhatə edən əməkdaşlıq çərçivəsi yaradıb.
Prezident İlham Əliyevin səfər zamanı xüsusi vurğuladığı məqamlardan biri Azərbaycan qazının ilk dəfə Slovakiyaya çatdırılmasıdır. Bu, iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi ciddi töhfəni də nümayiş etdirir. Hazırda Azərbaycan qazını alan Avropa ölkələrinin sayı 14-ə çatıb və enerji resurslarımızın genişlənməsi bu təchizatın daha da artmasına imkan verəcək.
Görüşlərdə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu əməkdaşlıq hərbi xarakter daşımır — Slovakiya texnologiyaları ilə Azərbaycan investisiya və istehsal potensialının birləşdirilməsi əsasında dünya bazarları üçün rəqabətqabiliyyətli məhsulların hazırlanmasına yönəlir. Artıq bu istiqamətdə konkret layihələr üzərində iş aparılması tərəfdaşlığın dərinliyini göstərir.
Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də Slovakiyanın Azərbaycanın haqq işinə göstərdiyi ədalətli və prinsipial mövqedir. Müstəqil xarici siyasəti ilə seçilən Slovakiya rəhbərliyinin bu dəstəyi ölkəmizdə yüksək qiymətləndirilir və ikitərəfli münasibətlərə müsbət təsir göstərir.