20/09/2026
Lənkəran-Astara Regional Təhsil İdarəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bildirilib ki, dövlət suverenliyi hər bir ölkənin müstəqil inkişafının, milli maraqlarını və ərazi bütövlüyünü qorumasının əsas şərtlərindən biridir. Azərbaycanın müstəqilliyi və dövlətçilik ənənələri uzun və mürəkkəb tarixi proseslərdən keçərək formalaşıb. Xalqımız müxtəlif dövrlərdə üzləşdiyi çətinliklərə baxmayaraq, müstəqil dövlətçilik ideyasını qoruyub saxlayıb və bu istiqamətdə ardıcıl mübarizə aparıb.
Çıxış zamanı Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olan 2020-ci il Vətən müharibəsindən bəhs olunub. Qeyd edilib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi nəticə əldə edilib. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin bütün ərazilərində tam bərpası ilə nəticələnib.
Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının tarixi əhəmiyyətini özündə əks etdirir. Bu əlamətdar gün, eyni zamanda, gələcək nəsillərə dövlətçilik dəyərlərinin, milli birlik və həmrəyliyin aşılanması baxımından mühüm məna daşıyır.
Tədbirdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında göstərilən qəhrəmanlıq və fədakarlığın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnək olduğu diqqətə çatdırılıb. Təhsil müəssisələrinin bu dəyərlərin gələcək nəsillərə ötürülməsində xüsusi rola malik olduğu qeyd olunub.
Tədbirin sonunda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx izlənilib.