26/05/2026
Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir.
Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət dəstəyi, müasir infrastruktur layihələri və aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində bu sektor həm daxili bazarın təminatında, həm də ixrac imkanlarının genişlənməsində mühüm rol oynamağa başlayıb. Bu baxımdan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir.
Kənd təsərrüfatının inkişafı Azərbaycanda uzun illərdir həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət Başçısı öz çıxışında bu məsələyə toxunaraq hələ 2004-cü ildə ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən birinin regional inkişaf proqramı və onun da tərkib hissəsi kimi kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi olduğunu qeyd etdi.
Cənab Prezident həmçinin bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edildi və həyata keçirildi. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Nəticədə regionlarda iqtisadi fəallıq artdı, minlərlə yeni iş yeri yaradıldı, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişləndi.
Möhtərəm Prezidentin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır.
Ölkə Başçısı müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulayaraq Azərbaycan fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biri olduğunu,bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət etdiyini qeyt etdi.Cənab Prezident tərəfindən o da vurğulandı ki,hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır.
Bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.
Kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biri etibarlı su təminatıdır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son illərdə həyata keçirilən iri su təsərrüfatı layihələri bu sahədə yeni imkanlar yaradıb. Taxtakörpü, Şəmkirçay və digər su anbarlarının tikintisi, suvarma infrastrukturunun genişləndirilməsi nəticəsində minlərlə hektar torpaq əkin dövriyyəsinə cəlb olunub və fermerlərin imkanları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının və kanalların bərpası gələcəyə hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu layihələr yalnız həmin bölgələrin deyil, ətraf rayonların da su təminatını yaxşılaşdıracaq, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradacaq. Dövlətimizin başçısının su təhlükəsizliyini milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirməsi və bu istiqamətdə ardıcıl addımlar atması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun dayanıqlı inkişafına və regionların sosial-iqtisadi yüksəlişinə xidmət edir. Cənab Prezidentin müşavirədə verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Bu müşavirə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahənin intensiv inkişafı və yeni dövlət proqramlarının icrası baxımından strateji əhəmiyyət kəsb edir.
Müşavirə çərçivəsində dövlət başçısı tərəfindən verilən mesajlar və qəbul edilən qərarlar, kənd təsərrüfatını iqtisadiyyatın aparıcı və müasir qüvvəsinə çevirmək əzmini nümayiş etdirir.
Müşavirənin Əsas Mesajları və Hədəflər
Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayaraq, bir sıra vacib məqamlara toxunub.
Dövlət başçısı aqrar sahədə məhsuldarlığın artırılmasının əsas hədəf olduğunu bildirib. Məsələn, taxılçılıqda hər hektardan götürülən məhsuldarlığın 5 tona çatdırılması qarşıya konkret hədəf kimi qoyulub.
Ölkə başçısı hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportunun olmasının vacibliyini qeyd edib. Bu, torpaqların daha səmərəli istifadəsinə və fermerlərin daha çox gəlir əldə etməsinə xidmət edən strateji bir addım kimi dəyərləndirib.
Müşavirədə eyni zamanfa ət,süd və quş əti ilə bağlı 100 faizlik özünü təminetmə səviyyəsinə nail olmaq, ölkənin ərzaq müstəqilliyini möhkəmləndirəcək əsas vəzifələrdən biri kimi müəyyən edilib.
Prezident iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb. Müasir suvarma sistemlərinin genişləndirilməsi (300 min hektara çatdırılması) məhsuldarlığın artırılmasında həlledici olacağını da deyən İlham Əliyev əlavə respublikada qazlaşdırma prosesinə də toxunub.Dövlət başçısı ötən illər ərzində bölgələrdə qazlaşdırmanın 96%-ə çatdırılması, elektrik enerjisi, yol-nəqliyyat və su təchizatı infrastrukturunun qurulması aqrar sahənin inkişafına birbaşa zəmin yaratdığını da qeyd edib. Qeyd edək ki,
“2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti müşavirənin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Bu proqram aşağıdakı istiqamətlərdə genişmiqyaslı dəyişiklikləri hədəfləyir ki, kreditlər üzrə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin subsidiyalaşdırılması özəl sektorun aqrar sahəyə marağını daha da artıracaq.Bununla yanaşı sahə üzrə hüquqi bazanın təkmilləşdirilməsi istehsal və emal proseslərini daha şəffaf və səmərəli etməklə yanaşı müəyyən ərazilərin buğda, pambıq və heyvandarlıq üçün xüsusi təsərrüfat zonaları kimi müəyyənləşdirilməsi istehsalın ixtisaslaşmasını və rəqabətədavamlılığını təmin edəcək.Son olaraq qeyd etməliyəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə, Azərbaycanın aqrar siyasətində yeni bir keyfiyyət mərhələsinin başlanğıcıdır. İnfrastrukturun tam formalaşmasından sonra artıq diqqətin yüksək məhsuldarlıq, emal sənayesi və ixrac potensialının reallaşdırılmasına yönəldilməsi, ölkənin həm ərzaq təhlükəsizliyini təmin edəcək, həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcəkdir.
Bu qərarlar, həm fermerlər, həm də aqrar sahibkarlıqla məşğul olan şirkətlər üçün növbəti beş ildə fəaliyyətlərini daha müasir, texnoloji və gəlirli istiqamətdə qurmaq üçün geniş imkanlar açır.