24.04.1990-cı ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını qaytarmışdır. Son dərəcə əlverilşli strateji-coğrafi mövqeyinə, eləcə də əhəmiyyətli şirin su mənbələri və münbət torpaqları səbəbindən Hacıqabul yaşayış məntəqəsi və dayanacaq yeri olaraq ən qədim zamanlardan günümüzə qədər böyük dəyər daşıyır. Böyük Qafqaz dağlarının cənub-şərq qurraracağında yerləşməsi ilə əlaqədar ölkənin əsa
s karvan yolları, eləcə də Böyük İpək yolu bu torpaqlardan keçmiş, rabitə qovşağı olaraq, həm də ticarət sənətkarlıq mərkəzi vəzifəsini yerinə yetirmişdir.
Ərazidəki XI əsrə aid ölkə əhəmiyətli abidə olan Pir-Hüseyn Xənangahı, Udullu kəndi ərazidindəki tunc dövrünə aid “Güngörməz” müdafiə istehkamları, antik qəbirstanlıqlar, eramızdan əvvəlki II minilliklərə aid siklopik tikililər, küp qəbirlər, orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu sayda pirlər, müxtəlif dövrlərə aid qəbirstanlar, karvansaraylar, körpülər, ovdanlar və digər tarixi abidələr bu ərazidə yaşayışın çox qədim zamanlardan mövcud olduğunu və ərazidə təşəkkül tapmış islamaqədərki və islami inam və etiqaddan xəbər verir. Qafqazın ən böyük çayı olan Kürün bu ərazidən keçməsi Azərbaycanın ən uzun çayının – Pirsaatın bu torpaqdan adlaması, eləcə də ölkənin ən iri gölünün – Hacıqabul gölünün burda yerləşməsi yerli sakinlərin və müsafirlərin həyat mənbəyi-şirin su ilə təmin edilməsinə şərait yaratmış, digər tərəfdən də həmin su mənbələrinin yaxılığındakı torpaqların əkin-biçin və otlaq üçün son dərəcə əlverişliliyi burada həm əkinçiliyin, həm maldarlığın, həm də dolayısıyla sənədkarlığın inkişafına təkan vermişdir. Bu səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər, buradan qışlaq kimi istifadə etmiş Xilə, Kolanı, Cəyirli, Padar kimi yarımköçəri maldar tayfalar da ərazidə məskən salmışlar. Min illər boyu əsl şərq yaşayış məntəqəsi olmuş Hacıqabul XIX əsrin son rübündə dəmir yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş qərbə xas cizgilər alsa da, yollar qovşağındakı məntəqə kimi əhəmiyyətini itirməmiş, əvvəlcə dəmiryol, ardınca avtomobil, hətta hava yolları kəsişməsində yerləşməsi səbəbilə daha da qiymətli mövqe qazanmışdır.