Rəsulzadə Bələdiyyəsi

Rəsulzadə Bələdiyyəsi Yerli özünüidarəetmə orqanı

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridirRegionun aparıcı sənaye tədbiri ola...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 31-ci dəfə fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-dən etibarən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Cənub Qaz Dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq” adlı peşəkar inkişaf sessiyasında Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolu, regional əməkdaşlığın inkişafına töhfəsi, enerji təchizatının şaxələndirilməsi və gələcək perspektivlər müzakirə olundu.
Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Bakı Enerji Həftəsinin açılış mərsimində çıxış edən dövlət başçısı ölkənin milli inkişaf modelində neft strategiyasının fundamental rolunu vurğuladı.
Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə mühüm mesajları ehtiva edir.
Müstəqilliyimizin son dərəcə ağır, iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit keçən ilk illərini, o cümlədən ərazimizin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə bir milyon həmvətənimizin məcburi köçkün həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50 faizi aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi.
Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də, enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır.
Belə ki, 30 il boyunca işğal altında qalmış torpaqlarımızın azad edilməsini mümkün edən güclü ordunu məhz enerji gəlirləri hesabına qurmaq mümkün oldu. Bütün bunlar isə enerji siyasəti ilə dövlət və ordu quruculuğu arasındakı birbaşa əlaqəni son dərəcə aydın şəkildə ortaya qoyur. Ölkəmizdə istər sosial-iqtisadi, hərbi, istərsə də xarici siyasət baxımından baş verən inkişaf prosesləri təbii sərvətlərdən düzgün istifadə olunduğu zaman bu siyasətin bir çox üstünlüklərə yol aça biləcəyini sübut edən amillərdir.
Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir. Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Unutmayaq ki, hər bir ölkə torpağının təkində və ya dənizinin dibindəki təbii ehtiyatlarını öz inkişafı üçün istifadə edir və ölkələr sahib olduqları neft ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə — sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə investisiya yatırdıqlarına görə qiymətləndirilməlidir.
Azərbaycanın enerji infrastrukturunun əsas sütunu olan Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini səsləndirən cənab İlham Əliyev bu layihə vasitəsilə Azərbaycanın qazını alan ölkələrin sayının keçən ildəki 12-dən 16-ya çatdığını, bunların 10-unun Avropa İttifaqı üzvü olduğunu, boru xətti ilə qazın ərazi və coğrafiya parametrləri baxımından ölkələrə nəql edilməsində Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirdi.
Onu da qeyd edim ki, Günəş və külək enerjisi üzrə ümumi gücün gələn ilin sonunadək 2 qiqavata, 2032-ci ilin sonunadək isə 8 qiqavata çatacağını açıqlayan ölkə başçısı, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verildiyini diqqətə çatdırdı.
Əminliklə deyə bilərik ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Əbilfəz Mahmudov,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilirAzərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd t...
26/05/2026

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər bu vacib sahənin ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına töhfəsi getdikcə artır.
Hələ zamanında ümummlilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş aqrar strategiya hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirə zamanı aqrar və su təsərrüfatında mövcud islahatlar, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” müzakirə edilib.
Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı aqrar sahənin ölkə iqtisadiyyatında mühüm yer tutduğunu bir daha göstərmişdir. Dövlət başçısının “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir” fikri dövlətin aqrar sektorun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini ifadə edir.
Qeyd etdiyim kimi Azərbaycanda kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi və müasir texnologiyaların tətbiqi aqrar sahənin inkişafına müsbət təsir göstərir. Məhz bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.
Dövlət başçısının müşavirədə vurğuladığı əsas məsələlərdən biri də kənd təsərrüfatının modernləşdirilməsi olmuşdur. Müasir suvarma sistemlərinin qurulması, yeni texnikaların istifadəsi və innovativ üsulların tətbiqi kənd təsərrüfatının daha səmərəli inkişafına imkan yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində kənd yerlərində infrastrukturun yaxşılaşdırılması kənd əhalisinin rifahına mühüm töhfə verir.
Kənd təsərrüfatının inkişafı ixrac potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Yerli məhsulların xarici bazarlara çıxarılması ölkə iqtisadiyyatının güclənməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti aqrar sahənin davamlı inkişafını təmin etməyə yönəlmişdir.
Ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir.

Nizami NOVRUZOV, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, texnika üzrə fəlsəfə doktoru

Tariximizin yeni inkişaf mərhələsiXalqın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci...
22/05/2026

Tariximizin yeni inkişaf mərhələsi

Xalqın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu ən əlamətdar günlərdən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalq 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Heç kəsə sirr deyil ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi və yüksək intellekti bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdən idi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə başçısının diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları Bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq altı ildir ki, 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.
Hazırkı dövr respublikamız üçün xüsusilə əlamətdar bir mərhələni təşkil edir. Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır.
Qeyd etmək yerinə düşər ki, güclü dövlət olan Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başladı. Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Əminliklə deyə bilərik ki, bu dönüş qürurlu və möhtəşəmdir, işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradır.
Bir sözlə, bu gün məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi Zəfərə imza atıldı. Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi - Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi! Bütün bunlar onu deməyə əsas verir ki, vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Akif Rəfiyev,
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas

Bu gün Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilibBildiyiniz kimi, mayın 17-dən 22-dək davam edəcək...
21/05/2026

Bu gün Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib

Bildiyiniz kimi, mayın 17-dən 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.
Belə ki, Bakıda keçirilən bu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunur, 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forum son illərin ən böyük beynəlxalq tədbirlərindən birinə çevirib. Bu, COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bəli, Bakı artıq qlobal siyasi, iqtisadi və humanitar müzakirələrin keçirildiyi mühüm mərkəz statusu qazanıb.
Onu da qeyd edim ki, cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir. Xüsusən də Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionda yeni düzən formalaşıb. Bu düzən kontekstində də belə forumların təşkil edilməsi Azərbaycanın mövcud potensialına strateji mövqeyinin təqdim edilməsi baxımından önəmlidir. Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır.
Forumda Prezident cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini, milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu çıxış yalnız şəhərsalma məsələlərinə dair siyasi mövqe kimi yox, eyni zamanda Azərbaycanın müasir dövlət fəlsəfəsinin təqdimatı kimi böyük əhəmiyyət daşıyır. Ölkə rəhbərinin çıxışında çox aydın diktə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır. Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.
Bu gün Bakı qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən nadir dünya şəhərlərindən biridir. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri, innovativ urbanizasiya layihələri və dayanıqlı şəhər mühiti Azərbaycanın inkişaf modelinin necə balanslı şəkildə qurulduğunu nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun paralel inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Bu yanaşma yalnız memarlıq baxımından yox, həm də milli kimliyin və mədəni yaddaşın qorunması baxımından xüsusi strateji əhəmiyyət daşıyır.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə şəhərsalma sahəsində regionun aparıcı ölkəsinə çevrilib. Ölkəmiz artıq yalnız öz daxilində quruculuq prosesləri həyata keçirən dövlət kimi yox, beynəlxalq şəhərsalma platformalarında təşəbbüslərlə çıxış edən, qlobal urbanizasiya çağırışlarına töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur.
Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi və memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi yox, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür.
Onu da qeyd etmək istəyirəm ki, rəhbəri olduğum “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi “Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” İctimai Birliyi ilə birlikdə tərəfimizdən “Bakı Şəhərsalma Həftəsi”nin üçüncü günündə “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbir keçirldi. Tədbirdə çıxış edərək, şəhərlərdə inklüziv inkişafın təşviqi, vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdırdım.
Ümumilikdə hesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.

İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, forum iştirakçısı

12/05/2026
Azərbaycan sülhə və regional inkişafa töhfə verir2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham ...
06/05/2026

Azərbaycan sülhə və regional inkişafa töhfə verir

2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirir. Dövlət başçımız çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.
Dövlət başçımız Ermənistanın 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsinidəstəklədiyini bildirdi. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Bu Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə görüşünə əvvəlcədən dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul edilməsi diplomatik qarşılıqlılıq prinsipinin real tətbiqidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edir. Bu yanaşma sadəcə diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir.
Onu da qeyd etmək istəyirəm ki, dövlətimizin 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması mühüm siyasi iradənin göstəricisidir. Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı tətbiq edilən məhdudiyyətlər ədalətli yanaşma ilə uzlaşmır. Xüsusilə bu qərarın 2023-cü ilin sentyabr hadisələrindən sonra qəbul olunması onun siyasi mahiyyətini açıq göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır. Eyni zamanda, Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı sənədlər selektiv yanaşmanın göstəricisidir. Bu reallıq beynəlxalq institutların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Azərbaycan parlamentinin Avropa strukturları ilə əməkdaşlığa yenidən baxması suveren siyasi qərardır.
Ümumiyyətlə, Azərbaycan daimi beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir.
Beləliklə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və tarazlı siyasət yürütməkdə davam etdiyini bir daha nümayiş etdirdi.
Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü

İtaliya ilə Azərbaycan arasında münasibətlər  Bildiyimiz kimi, İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir....
05/05/2026

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Bildiyimiz kimi, İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. Ölkələrimiz arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib. Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Məlumdur ki, Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Onu da qeyd edim ki, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu. İki ölkə arasındakı bu sarsılmaz bağ Avrasiya məkanında həm iqtisadi inteqrasiyanın, həm də siyasi sabitliyin həlledici sütununa çevrilib.
İtaliyanın Azərbaycan üçün əhəmiyyəti onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu möhkəm təməl üzərində qurulan davamlı dialoq zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə əsaslanan strateji etimad körpüsü yaradıb.
Görüş zamanı Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğulayaraq bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi.
iki ölkə arasında tərəfdaşlığın ən mühüm və diqqətəlayiq istiqamətlərindən biri də İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəal iştirakıdır. Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən artıq 23 layihənin həyata keçirilməsi və ya icra mərhələsində olması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına olan inamının bariz göstəricisidir. Xarici şirkətlər arasında İtaliyanın qabaqcıl yerlərdə qərarlaşması təsadüfi deyil. Bu layihələr infrastrukturun qurulması, şəhərsalma, sənaye, energetika və mədəni irsin bərpası kimi strateji sahələri əhatə edir və regionun sürətli reinteqrasiyasına mühüm töhfə verir.Eyni zamanda, hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları və texnologiya transferi ilə bağlı müzakirələr əlaqələrimizin şaxələndiyini nümayiş etdirir.
Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur hekayəsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.
Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığını strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu nəticələr vəd edir.

Nizami NOVRUZOV,
texnika üzrə fəlsəfə doktoru

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunubBu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada apar...
01/05/2026

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər.
Onu da qeyd edək ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağın artmasına böyük zəmin yaratmışdır.
Bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Xüsusilə Azərbaycan Güləş Federasiyası kimi qurumlar idmanın inkişafında mühüm rol oynayır. Bu federasiyalar gənc idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və idman ənənələrinin qorunması istiqamətində mühüm işlər görür.
Cənab Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət idmançılar üçün böyük motivasiya mənbəyidir. Bu görüşlər idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir və onların daha böyük nailiyyətlər əldə etməsinə stimul verir.
Belə görüşlərdən biri də aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Görüş zamanı dövlət başçısı güləşçiləri qazandıqları uğur münasibətilə təbrik etmiş, onların əzmkarlığını və vətənpərvərliyini xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmanın inkişafına verilən önəmin göstəricisidir. Bu diqqət və qayğı sayəsində Azərbaycan idmançıları beynəlxalq arenada daha böyük uğurlar qazanmağa davam edəcəklər.
Son zamanlar idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaqla xalqımıza böyük qürur hissi yaşadırlar.

Dürsədəf Kərimova, Paralimpiya çempionu, əməkdar idman ustası

Address

Bakı şəhəri, Binəqədi Rayonu, M. Ə. Rəsulzadə Qəsəbəsi, A. Hüseynov Küçəsi, 8 A
Küçəsi
AZ1054

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:30 - 15:00

Telephone

+994124122874

Alerts

Be the first to know and let us send you an email when Rəsulzadə Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rəsulzadə Bələdiyyəsi:

Share