25/05/2026
Goranboy Rayon İcra Hakimiyyətinin, Goranboy rayon Mədəniyyət müəssisələrinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə Goranboy Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilən və “Goranboy – 2026-cı il Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunan tədbir “Müstəqilliyimiz əbədidir” rəmzi adı altında baş tutub.
Tədbirdə rayon rəhbərliyi, mədəniyyət və gənclər sahəsinin nümayəndələri, fəal gənclər və çoxsaylı sakinlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qeyd olunub ki, müstəqil Azərbaycanın memarı, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün də Goranboyda həm müasir şəhərsalma inkişafında, həm də gənclər siyasətində uğurla davam etdirilir.
Çıxışlarda vurğulanıb ki, Goranboyun 2026-cı il üçün Gənclər Paytaxtı seçilməsi rayonun regionda artan nüfuzunun və gənclərə göstərilən yüksək diqqət və qayğının göstəricisidir.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin xor kollektivinin ifasında müstəqillik və vətənpərvərlik mövzusunda kütləvi mahnılar səsləndirilib. Milli geyimdə çıxış edən gənclərin rəqs nömrələri, həmçinin solist və musiqiçilərin peşəkar ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Goranboy gənclərinin enerjisini və rayonun mədəni inkişafını nümayiş etdirən möhtəşəm gecə xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.