05/12/2025
Əli Səmədli yadigarı, oxucu və sənətsevərlər məbədi "ARVAN" ın 30 illik yubileyinə TƏBRİK
1995- ci il 5 dekabr tarixi... Soyuq və gələcəyə ümüd dolu bir qış günündə Göyçay rayonunda balaca bir otaqda "ARVAN" (3 saylı şəhər kitabxanası: red) muzey- kitabxanası sevimli oxucularının ixtiyarına verildi... Təsadüfü deyil ki, "ARVAN" kitabxanası sözün əsl mənasında ziyalı işığı, sənətsevər qayğısı və söz ustadının xeyir duası ilə qapısını oxucu üzünə açıb. Görkəmli yazıçı-publisist, dramaturq Əli Qafur oğlu Səmədlinin sayəsində bu xəzinə dolu mini kitabxana həmyerlilərinə, göyçaylı oxucu kütləsinə hədəflənən ən böyük paydır. O pay ki, artıq 30 illiyini sevinərək, qürur duyaraq qeyd edir. Kitabdan pay olmaz, amma "ARVAN" 30 il öncə uşaq ədəbiyyatının görkəmli nümayəndəsi tərəfindən hədiyyə olunan 6500 adda kitab, təxminən 70-ə yaxın müxtəlif eksponatlar, rəsm əsərləri ilə fəaliyyətə başlayıb. İndi də əzəli və sonrakı bəxşiş sayəsində sayını 7 minə çatdıran kitab fondumuz "ARVAN"da qorunur, oxucu nəzərindən keçir, kitabxanaçı nəzarətində saxlanılır, rəhbərliyinin təşəbbüsü ilə latın qrafikalı nəşrlərlə daha da artırılır.
Kitabxananı fərqli edən xoş bir AURA var. Yaradıcısı yazıçı Əli- Səmədlidən qalan ənənəvi yaradıcılıq tədbirləri....
O, ildə oxucu kütləsini həvəsləndirmək və dəyərləndirmək üçün müsabiqələr, tədbirlər, yarışlar, sərgilər keçirirdi.
İndi də kitabxananı mərhum yazıçının sağlığında rəhbəri olan, onunla birgə əziyyət çəkən Mehriban Məmmədova işçi kollektivi ilə birlikdə sevərək davam etdirir.
Ötən otuz ildə yüzlərlə belə maraqlı, əyləncəli, düşündürücü ədəbi-bədii tədbirlərə "ARVAN" kollektivi ilə birlikdə ev sahibliyi edib, sənətsevərləri, ziyalıları, oxucu kütləsini öz isti və işıq dolu ocağının başına toplayıb, toplamaqdadır.
Hazırda "ARVAN" Göyçayda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nəzdində ən çox oxucu kütləsi ilə seçilir.
Nə az, nə çox, düz 830 oxucu bu mini muzey kitabxanın daimi oxucusudur. Aralarında hər yaş kateqoriyasında olan oxucu var. Uşaq oxucusu da, yaşlı oxucusu da...
Demək, əziyyət hədər getməyib... 30 il öncə kitabxana kollektivi ilə yazıçının çəkdiyi əziyyət ötən bu dövr ərzində çoxsaylı oxucu kütləsi qazanıb və qazanmaqdadır.
Hələ qarşıda "ARVAN" ı uzun YOL gözləyir. O yol şərəfli və şəfqətlidir. Ona gedilən yol oxucu izləri ilə doludur...
30 illik yubileyin mübarək "ARVAN"!!!
"ARVAN" Muzey Kitabxanasının dəyərli rəhbəri Mehriban Məmmədovanı və sevimli işçiləri
Mətanət xanım və
Yeganə xanımı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!