24/12/2025
Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayı.