26/05/2026
Azərbaycan Respublikası Prezidentinin 637 nömrəli, 25.06.2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsinə dair tədbirlər planının 8.5.1, 8.5.2 və 8.5.3-cü yarımbəndlərinin Füzuli rayonunda icrasının təmin edilməsi məqəsədi ilə Füzuli Rayon İcra Hakimiyyəti tədrəfindən Füzuli rayon Statistika İdarəsinin akt zalında cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin və sahibkarların iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Teymurov, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Qabil Əliyev, Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi Xankişi Səfərli, Füzuli rayon Statistika İdarəsinin rəisi, icra nümayəndələri, sahibkarlar və cəzaçəkmə müəssisələrindən azad edilmiş bir qrup şəxs iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Teymurov çıxış edərək cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması üçün dövlət tərəfindən məşğulluq kvotaları tətbiq edildiyini və işsizlikdən sığorta vəsaiti hesabına əməkhaqlarının maliyyələşdirilməsi proqramları həyata keçirildiyini bildirdilər. Bu prosesin birbaşa Dövlət Məşğulluq Agentliyi tərəfindən tənzimləndiyini və dəstəkləndiyini vurğulandı. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası, onların məşğulluğunun təmin olunması və sosial adaptasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və uğurlu nümunələrin ictimaiyyətə təqdim olunması mühüm əhəmiyyət daşıyır.
Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Qabil Əliyev çıxış edərək bildirdi ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili, uğurlu məşğulluq təcrübələrinin mediada işıqlandırılması, sahibkarlar və aidiyyəti qurumların iştirakı ilə görüşlərin keçirilməsi sosial reinteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə müsbət təcrübələrin təşviqi həm məşğulluğun artırılmasına, həm də cəmiyyətə faydalı fərdlərin formalaşmasına xidmət edir.
Daha sonra çıxış edən Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi Xankişi Səfərli çıxış edərək bildirdi ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin yenidən cəmiyyətə qazandırılması, onların işlə təmin olunması və sağlam sosial mühitə inteqrasiyası təkrar hüquqpozmalara qarşı ən effektiv vasitələrdən biridir. Bu istiqamətdə aidiyyəti qurumlarla birgə maarifləndirmə və dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir.
Sonda işə götürən tərəf olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin fikirləri dinlənildi.