02/06/2026
Son iki ayda 1 600-dən çox vəkilə peşə hazırlığı və ixtisasartırma təlimləri keçirilib
Cari il aprel-may aylarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
Aprelin 25-də “Vərəsəlik hüququnun aktual problemləri və tətbiq məsələləri” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü, “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun müdiri Sevinc Əliyeva vərəsəlik hüquq münasibətlərinin subyektləri, ləyaqətsiz vərəsə, vərəsə ola bilməyən şəxslər, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik, o cümlədən mirasın qəbul edilməsi və ondan imtina, sahə üzrə mövcud problemlər və onların həlli yolları barədə geniş çıxış edib.
Eyni zamanda aprelin 25-də “İnformasiya texnologiyalarının hüquq praktikasına təsiri” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev tərəfindən hüquq praktikasında rəqəmsal transformasiyanın tətbiqi və təsir mexanizmləri, şəxsi məlumatların qorunması, məlumat təhlükəsizliyi üzrə hüquqi öhdəliklər, vəkillərin rəqəmsal bacarıqlarının inkişafı, peşə standartlarına təsiri və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.
Mayın 2-də isə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati icraatın anlayışı və hüquqi mahiyyəti, inzibati icraatın hüquqi əsasları və normativ bazası, inzibati icraatın əsas prinsipləri, inzibati orqanların qərar qəbul etmə prosedurları, inzibati aktların qəbul edilməsi, qüvvəyə minməsi və ləğvi, inzibati icraatda iştirak edən tərəflərin hüquq və vəzifələri, inzibati icraat zamanı yol verilən tipik pozuntular və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin mayın 2-də “Mənfəət vergisi, onun hesablanmasının və ödənilməsinin hüquqi əsasları” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vahid Hacı-zadə tərəfindən mənfəət vergisinin hesablanmasının hüquqi əsasları, mənfəət vergisinin ödənilməsinin hüquqi əsasları, mənfəət vergisini formalaşdıran gəlir və xərclərin qarşılıqlı təhlili, mənfəət vergisinin sahibkarlıq sahəsində rolu, mövcud problemlər və onların aradan qaldırılması yolları üzrə müxtəlif müzakirələr aparılıb.
Mayın 16-da isə "İnsan Hüquqları Aylığı" çərçivəsində “Dövlət hesabına göstərilən hüquqi yardımın praktiki tətbiqi məsələləri” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçilər - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov və Vəkillər Kollegiyası Hüquqi Yardım Mərkəzinin direktoru Afət Qaziyeva dövlət hesabına göstərilən hüquqi yardımın mahiyyəti və əsas xüsusiyyətləri, dövlət hesabına göstərilən hüquqi yardımın təyinatı və hüquqi əsasları, dövlət hesabına göstərilən hüquqi yardımın prinsipləri, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardımla müqavilə üzrə göstərilən hüquqi yardım arasında ümumilik və fərqlər barədə ətraflı çıxış ediblər.
Ətraflı: https://barassociation.az/news/2001