AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu İnstitutun Facebook və İnstagram sosial şəbəkələrinə ünvanladığınız sual və müraciətlərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

ƏMƏKDAŞLARIMIZ I TÜRKOLOJİ QURULTAYIN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİBLƏR7-8 aprel 2026-cı il tarixlərdə...
09/04/2026

ƏMƏKDAŞLARIMIZ I TÜRKOLOJİ QURULTAYIN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİBLƏR

7-8 aprel 2026-cı il tarixlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Bakı Slavyan Universitetində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında məruzə ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri, Namanqan Dövlət Universiteti və Ərdahan Universitetinin rektorları, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini və bir sıra mötəbər şəxslərin iştirak etdiyi konfransda İnstitutun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Elnurə Babayeva “Dilçilik irsinin yazılı mənbələri: Linqvistik əlyazmaların kataloq və təhlili”, həmin şöbənin elmi işçisi Arzu Abdulzadə və mütəxəssisi Nərminə Salmanlı müvafiq olaraq “Türk dillərinin elmi inkişafında I Türkoloji Qurultayın rolu və azərbaycanlı tədqiqatçıların töhfəsi” və “I Türkoloji Qurultay və türkologiyanın tarixi-müasir inkişaf perspektivləri” mövzularında məruzə edib, geniş və əhatəli çıxışlarına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, konfrans Bakı Slavyan Universiteti və universitetin “Yüksək Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

“HƏSƏN BƏY ZƏRDABİ. TÜRK NƏĞMƏLƏRİNİN MƏCMUƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜBBu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İ...
08/04/2026

“HƏSƏN BƏY ZƏRDABİ. TÜRK NƏĞMƏLƏRİNİN MƏCMUƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın transfoneliterasiya edib nəşrə hazırladığı “Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün və lüğətin müəllifi də Ə.Ələkbərovadır.
Kitab Azərbaycan milli mətbuatının banisi, görkəmli pedaqoq, ictimai xadim, və təbiətşünas alim Həsən bəy Zərdabinin 1901-ci ildə çap etdirdiyi “Türk nəğmələrinin məcmuəsi” adlı nəğmələr toplusunun əski əlifbadan transfoneliterasiyasıdır. Əsər ilk dəfə 2025-ci ildə “Əkinçi”lər kitabında nəşr edilmişdir. Əsər filoloq-tədqiqatçılarla yanaşı, türk (Azərbaycan) musiqi tarixinin, ədəbi-mədəni mühitinin araşdırılması ilə məşğul olan şəxslər üçün də dəyərli mənbədir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Mustafa Əliyev, rəyçiləri Pərvanə Teyyubova və Bakı Dövlət Universitetinin müəllimi Eldost İbrahimovdur.

ELMİN POPULYARLAŞDIRILMASI VƏ TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ DİNLƏNİLİB6 aprel 2026-cı il tarixdə ...
08/04/2026

ELMİN POPULYARLAŞDIRILMASI VƏ TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ DİNLƏNİLİB

6 aprel 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.
Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilovanın “Qurani-Kərimdə, əlyazmalarımızda, ilkin mənbələrdə “Duxən”” mövzusunda mühazirəsi dinlənilib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

ƏLYAZMALAR İNSTİTUTUNDA “NİZAMİ GƏNCƏVİ MOTİVLƏRİ ƏLYAZMA VƏ MİNİATÜRLƏRDƏ” ADLI TƏDBİR KEÇİRİLİB2 aprel 2026-cı il tari...
06/04/2026

ƏLYAZMALAR İNSTİTUTUNDA “NİZAMİ GƏNCƏVİ MOTİVLƏRİ ƏLYAZMA VƏ MİNİATÜRLƏRDƏ” ADLI TƏDBİR KEÇİRİLİB

2 aprel 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə “27 mart – Elm Günü” münasibətilə “Nizami Gəncəvi motivləri əlyazma və miniatürlərdə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb, Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Alim “Elm Günü” münasibətilə keçirilən tədbirin Azərbaycan xalqının iftixarı olan dahi şairimizin zəngin bədii irsinə və çoxşaxəli yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib, milli-mənəvi dəyərlərimizin ən ali təcəssümü kimi çıxış edən Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının tarixi yaddaşının formalaşmasında, milli kimliyinin dərkində və mənəvi-ideoloji bütövlüyünün qorunub saxlanılmasında müstəsna rol oynadığını vurğulayıb.
Tədbirdə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi fil.ü.f.d. Dilbər Zamanzadənin “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəvi əlyazmalarının nəşr tarixi”, elmi işçi Vəsilə Hüseynovanın “Nizami Gəncəvi əsərlərinin miniatür sənətinə töhfəsi”, böyük elmi işçi Xoşqədəm Mirzəyevanın “Nizami Gəncəvi motivlərinin XX əsr dramaturgiyasında təcəssümü” və baş mütəxəssis Pəri Mustafa-zadənin ““İskəndər haqqında el arasında nağıllar” əsərinin Bakı nüsxəsi haqqında” mövzularında məruzələri dinlənilib.
Məruzələr ətrafında çıxış edən institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə nitqində Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, dahi şairin sülh və tərəqqiyə çağıran qiymətli mirası bəşəriyyət üçün zəngin həyat məktəbidir.
Tədbir çərçivəsində iştirakçılar Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və İnstitut Kitabxanasının mövzuya uyğun hazırladıqları sərgi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi əsərlərinin əlyazmaları, Nizaminin əsərlərindən çəkilmiş miniatürlər, dahi şairin portreti və institut əməkdaşlarının onun yaradıcılığını özündə əks etdirən nəşrləri nümayiş olunub.

ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ KONQRESDƏ MƏRUZƏ EDİBLƏRAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları 27 mart...
03/04/2026

ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ KONQRESDƏ MƏRUZƏ EDİBLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları 27 mart 2026-cı il tarixdə Ukraynanın Xarkov şəhərində “Şərqşünaslıq. Aktuallıq və Perspektivlər” mövzusunda keçirilmiş VII Beynəlxalq elmi və metodiki konqresdə onlayn şəkildə iştirak ediblər.
Azərbaycan, Türkiyə, Çin, Yaponiya, Gürcüstan, Özbəkistan, İraq, Bolqarıstan və Ukraynanın aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim, tədqiqatçı və mütəxəssislərin qatıldığı konqresdə Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri fil.ü.f.d. Elnurə Babayevanın, baş elmi işçi tarix e.d., dosent Rəna Məmmədovanın, aparıcı elmi işçi fil.ü.f.d. Xatın Cəfərlinin, böyük elmi işçi Rüxsarə Məmmədovanın və Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Pərvanə Teyyubovanın Şərq ölkələrinin filologiyası, metodologiyası, pedaqogikası, mədəniyyəti, tarixi, fəlsəfəsi kimi mühüm sahələri əhatə edən məruzələri dinlənilib. Konqres çərçivəsində əməkdaşlarımız geniş və əhatəli çıxışlarına görə təşkilatçı qurumların sertifikatına layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq konqres Ukrayna Elm və Təhsil Nazirliyi, Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universiteti, universitetin “Xarici filologiya” (Şərq dilləri kafedrası) və “Tarix və hüquq” (Dünya tarixi kafedrası) fakültələrinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

“TİBBİ VƏ ƏDƏBİ MƏQALƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜBAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı...
02/04/2026

“TİBBİ VƏ ƏDƏBİ MƏQALƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, birliyin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadıyeva) “Tibbi və ədəbi məqalələr” kitabı işıq üzü görüb.
Yeni nəşrin redaktoru və ön sözün müəllifi Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova, toplayıb nəşrə hazırlayan baş mütəxəssis Xəyalə Qasımlı, rəyçiləri tarix ü.f.d., dosent Aynur Hacıqədirli, tarix e.d., dosent Tahirə Həsənzadə və fil.e.d., dosent Nailə Səmədovadır.
Kitabda tibb elminin və ədəbiyyatşünaslıq tariximizin yorulmaz tədqiqatçısı, ədəbi aləmdə şair, nasir, tənqidçi, mətnşünas və publisist kimi tanınan Sona Xəyalın müxtəlif illərdə qələmə aldığı, müxtəlif konfrans materiallarında və Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalında çap olunmuş məqalələri toplanıb, həmçinin müəllifin elm və ədəbiyyat tariximizdə baş vermiş proseslərə dair düşüncələri və nəzəri-tənqidi fikirləri öz əksini tapıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

ƏMƏKDAŞLARIMIZ SADIQ BƏY AĞABƏYZADƏNİN 160 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİBLƏR16-17 mart 2026-cı il ...
01/04/2026

ƏMƏKDAŞLARIMIZ SADIQ BƏY AĞABƏYZADƏNİN 160 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİBLƏR

16-17 mart 2026-cı il tarixlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər.
Sadıq bəy Ağabəyzadənin həyat və fəaliyyətinə və Şərqşünaslıq elminin müasir problemlərinə həsr olunmuş bu konfransa əməkdaşlarımızla yanaşı Polşa, Almaniya, İsveç, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, İraq və Əlcəzairin aparıcı təhsil və elmi-tədqiqat müəssislərini təmsil edən bir sıra alim və mütəxəssislər də qatılıb.
AMEA Mərkəzi Elmi Kitabxanada keçirilmiş konfransda İnstitutun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri fil.ü.f.d. Elnurə Babayeva “Sadıq bəy Ağabəyzadənin irsinə multidissiplinar baxış”, baş elmi işçi tarix e.d., dosent Rəna Məmmədova “Sadıq bəy Ağabəyzadə Polşanın Lvov şərqşünaslıq məktəbinin yaradıcılarından biri kimi” (“Садыг бек Агабекзаде – один из основателей Львовской востоковедческой школы Польши”), böyük elmi işçi Rüxsarə Məmmədova “Şərqşünaslıq elmində Ağabəyzadə məktəbi: fundamental təhlil və elmi irs”, elmi işçi Arzu Abdulzadə “Polşa və Azərbaycan arasında elmi bağlar: Ağabəyzadə konfransının önəmi”, mütəxəssis Nərminə Salmanlı “Şərqşünaslıq elminin inkişafında Sadıq bəy Ağabəyzadənin rolu”, Kitabxana müdiri Briliant Hacıyeva isə “Şərqşünaslıq çərçivəsində türk elmiyyətinin inkişaf yolu – Bakı Birinci Türkoloji Qurultayın analizi” mövzularında məruzə edib, çıxışlarında Sadıq bəy Ağabəyzadənin elmi irsindən və onun Şərq filologiyası sahəsində apardığı tədqiqatların əhəmiyyətindən söz açıblar.
Konfrans çərçivəsində əməkdaşlarımız maraqlı, geniş və əhatəli çıxışlarına görə təşkilatçı qurumların sertifikatına layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq elmi konfrans AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti Elmi İrs Mərkəzi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

“MÖMİNLƏRİN TÖHFƏSİ (TÖHFƏTÜL-MÖMİNİN)” KİTABININ ÜÇÜNCÜ CİLDİ İŞIQ ÜZÜ GÖRÜBAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti...
18/03/2026

“MÖMİNLƏRİN TÖHFƏSİ (TÖHFƏTÜL-MÖMİNİN)” KİTABININ ÜÇÜNCÜ CİLDİ İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Kəlamə Abbasovanın fars dilindən tərcümə etdiyi “Möminlərin töhfəsi (Töhfətül-möminin)” kitabının üçüncü cildi işıq üzü görüb.
Bu əsər Şah Süleyman Səfəvinin sarayında həkimbaşı vəzifəsində çalışmış XVII əsrin tanınmış təbiblərindən olan Mir Məhəmməd Hüseyni Möminin qədim və orta əsr əczaçı, bitkişünas və təbiblərinin əsərlərinə istinad etməklə yazdığı kitabın Azərbaycan dilinə tərcüməsidir. Kitabdan klassik Şərq təbabəti ilə maraqlanan mütəxəssislər və güniş oxucu kütləsi faydalana bilər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.ü.f.d., dosent Əkrəm Bağırov, kitabda yer alan ön sözün, qeyd və şərhlərin müəllifi Kəlamə Abbasovadır.

“NİZAMİ GƏNCƏVİNİN “MƏXZƏNÜL-ƏSRAR” ƏSƏRİNİN NƏSR VƏ NƏZMLƏ TƏRCÜMƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜBBu günlərdə AMEA Məhəmməd Fü...
17/03/2026

“NİZAMİ GƏNCƏVİNİN “MƏXZƏNÜL-ƏSRAR” ƏSƏRİNİN NƏSR VƏ NƏZMLƏ TƏRCÜMƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimovun və həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayevanın mətnini transfoneliterasiya edərək nəşrə hazırladıqları “Nizami Gəncəvinin “Məxzənül-əsrar” əsərinin nəsr və nəzmlə tərcüməsi (Tərcüməçi: İbrahim Tahir Musayev)” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifləri R.Kərimov və T.Seyfullayevadır.
Təqdim olunan kitabda XIX əsr Qarabağ ədəbi mühitinin görkəmli şairlərindən biri, Şərq ədəbiyyatının Ömər Xəyyam, Əfzələddin Xaqani kimi klassiklərinin əsərlərini tərcümə etməklə məhsuldar tərcüməçi kimi fəaliyyət göstərən İbrahim Tahir Musayevin (1869-1943) 1939-cu ildə nəsr və nəzmlə tərcümə edərək əski əlifbada yazdığı dahi şair Nizami Gəncəvinin “Məxzənül-əsrar” əsərinin transfoneliterasiya və təshih edilmiş mətni verilmişdir. Kitabın sonunda əsərdə işlənən ərəb-fars dilində sözlərin lüğəti təqdim edilmişdir. Kitab filoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d., dosent Əli Əliyev, rəyçiləri fil.ü.f.d. Rəna İsgəndərli və böyük elmi işçi Rauf Şeyxzamanlıdır.

ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ DİNLƏNİLİB16 mart 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adı...
16/03/2026

ELMİN TƏHSİLƏ İNTEQRASİYASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ MÜHAZİRƏ DİNLƏNİLİB

16 mart 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma kitablarda bədii cild sənəti” mövzusunda mühazirə oxuyub.
Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı bu seminarda alim bədii cild sənətindən, institutumuzda qorunub saxlanılan əlyazma kitablarının bərpası prosesindən, onların bədii tərtibatından bəhs edib, çıxışında bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ SÜLEYMAN SANİ AXUNDOV ARXİVLƏRİNDƏ SAXLANILAN MƏKTUBLAR” KİTABI NƏŞR OLUNUBAMEA Məhəmməd ...
12/03/2026

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ SÜLEYMAN SANİ AXUNDOV ARXİVLƏRİNDƏ SAXLANILAN MƏKTUBLAR” KİTABI NƏŞR OLUNUB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Vüsalə Nuriyevanın müəllifi olduğu “Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov arxivlərində saxlanılan məktublar” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifi V.Nuriyevadır.
Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əbdürrəhim bəy Haqverdiyevin və Süleyman Sani Axundovun şəxsi arxivlərində qorunan məktubların transfoneliterasiyasını və elmi təhlilini təqdim edir. Topluda yer alan məktublar dövrün ədəbi-mədəni mühitini, ziyalılar arasında mövcud olan mənəvi əlaqələri və maarifçilik ideyalarının yayılmasını əks etdirir. Əsər həm epistolyar irs, həm də memuar ədəbiyyatının tədqiqi baxımından mühüm mənbə kimi dəyərləndirilir. Məktublarda müəlliflərin dövrün ictimai hadisələrinə münasibəti, yaradıcılıq prinsipləri və şəxsi duyğuları öz əksini tapır. Kitab həm tədqiqatçılar, həm də Azərbaycan ədəbiyyatının tarixini dərindən öyrənmək istəyən oxucular üçün elmi materialdır.
Qeyd edək ki, layihənin rəhbəri fil.e.d., dosent Nailə Səmədova, yeni nəşrin elmi redaktoru fil.ü.f.d., dosent Könül Bağırova, rəyçiləri fil.ü.f.d. Aytən Quliyeva və fil.ü.f.d. Nurlana Babayevadır.

QAFUR RƏŞAD MİRZƏZADƏNİN “QAFQAZ COĞRAFİYASI” ƏSƏRİ İŞIQ ÜZÜ GÖRÜBAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elm...
12/03/2026

QAFUR RƏŞAD MİRZƏZADƏNİN “QAFQAZ COĞRAFİYASI” ƏSƏRİ İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın transfoneliterasiya edərək çapa hazırladığı “Qafqaz coğrafiyası” əsəri işıq üzü görüb.
Azərbaycan coğrafiyaşünası, maarif xadimi, pedaqoq, naşir-mühərrir, publisist və tərcüməçi Qafur Rəşad Mirzəzadənin müəllifi olduğu bu əsərdə Qafqazın tarixinə aid bəzi faktlara toxunulur, regiona daxil olan ölkə, şəhər, kənd və qəsəbələrin, dağların, dənizlərin, çayların, göllərin və yolların təsviri verilir, o cümlədən ərazilərin sahəsi, əhalinin sayı və s. göstərilir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, kitabda yer alan geniş ön sözün müəllifi Tahirə Əliyevadır.

Address

Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu:

Share