Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Azərbaycan Dövlət Tərcümə Mərkəzi
Azerbaijan State Translation Center
Государственный Центр Перевода Азербайджана

Azərbaycan Respublikasının Prezidentinin 21 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.

29/08/2025

Hər vaxtınız xeyir. Dəyərli yazıçımız, Afaq Məsudun facebook səhifəsi aşağıdakı linkdə qeyd edilib. Daxil olmaq üçün klikləyin:

https://www.facebook.com/AfagMasud

Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi;
Rusiya Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü;
Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü;
Gürcüstan Yazıçılar Birliyinin üzvü;

Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olunduADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi M...
15/11/2024

Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu

ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib.

Şairin “Xarıbülbül”, “Bənövşə”, “Lalə”, “Zanbaq”, “Nərgiz”, “Qərənfil” kimi ilk dəfə işıq üzü görən şeirlərini rəngli illüstrasiyalarla təqdim edən kitab məktəbyaşlı uşaqları Musa Yaqub yaradıcılığı ilə yaxından tanış etməklə yanaşı, dərsdənkənar mütaliə vəsaiti olaraq Vətənə, təbiətə, bitki aləminə sevgi və bağlılıq yaratması ilə diqqət çəkir.

Kitaba daxil edilən rəngli illüstrasiyaların müəllifi – gənc rəssam Şəhla Feyziyeva, redaktoru Yaşar Əliyevdir.


Kitabı yaxın günlərdə

Prezident Administrasiyası İşlər İdarəsinin Kitab Evi

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” Kitab Evi

“Baku Book Centre”

“Çıraq” Kitab Evi

“BookZone” Kitab Evi,

eləcə də digər kitab evləri və mağazalardan əldə etmək olar.

Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalındaArgentinanın populyar “Antología poética” (“Poetik antolog...
04/11/2024

Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında

Argentinanın populyar “Antología poética” (“Poetik antologiya”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin ispan dilinə tərcümə olunmuş “Dünyada dərd qalmayacaq” və “Axşam tramvayında” şeirlərinin yayınına başlayıb.

Şairin şeirləri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə təqdim olunur.

Əsərin ispan dilinə sətri tərcümə müəllifi – ispan dili mütəxəssisi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi – ispan filoloqu Raul Poggi Alexandrodur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Viktor Hüqo, Edqar Allan Po, Aleksandr Blok, Emili Dikinson, Boris Pasternak, Federiko Qarsia Lorka, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Xorxe Luis Borxes, Xulio Kortasar, Pablo Neruda kimi dünya ədəbiyyatı korifeylərinin yaradıcılığına yer ayırır.

Vaqif Bayatlı Odər

(1948)

– Şair, tərcüməçi;

– müxtəlif illərdə Azərbaycan mətbu orqanlarında – “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb;

– “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kimi kitabların müəllifidir;

– “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır;

– 2019-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

https://www.antologiapoetica.com.ar/dos-poemas-del-poeta-de-azerbaiyan

Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalındaABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı b...
17/10/2024

Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında

ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (Dövlət Tərcümə Mərkəzi) Azərbaycanın Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri – tanınmış Amerika şairi Tomas U.Keys və Mərkəzin Böyük Britaniya və İrlandiya ilə ədəbi əlaqələr üzrə koordinatoru Nərmin Həsənovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Aleksandr Puşkin, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

Rəsul Rza
(1910 – 1981)
Şair-yazıçı, tərcüməçi;

müxtəlif illərdə Zaqafqaziya Kommunist Universiteti, Moskva Millətlər İnstitutu, Ümumittifaq Kino Akademiyasında təhsil alıb;
1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədri olub;
“Şeirlər” (1959), “Pəncərəmə düşən işıq” (1962), “Duyğular, düşüncələr” (1964), “Dözüm” (1965), “Dünən, bu gün, sabah” (1973), “Üzü küləyə” (1979) kimi 30-dan çox şeir kitabının müəllifidir;
Lord Bayron, Aleksandr Puşkin, Henrix Heyne, Mixail Lermontov, Aleksandr Blok, Nazim Hikmət, Federiko Qarsia Lorka və digər şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib;
“Əməkdar incəsənət xadimi”, “Xalq şairi”fəxri adlarına layiq görülüb;
əsərləri bir çox xarici dillərə tərcümə olunub.

https://www.poetryverse.com/rasul-rza-poems

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunduADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akade...
15/10/2024

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu

ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib.

Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu səmavi dini sayılan İslamın yaranması və yayılması haqqında müfəssəl, təfərrüatlı tarixi bilgilər əsasında ərsəyə gətirilmiş kitaba “Ərəb adası”, “Məkkə”, “Peyğəmbərin uşaqlıq illəri”, “İlk vəhy”, “Təqiblər”, “Ağır illər”, “Hicrət”, “Müharibə” kimi iyirmi beş adda fəsil daxil edilib.

Əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir.

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi

“BookZone” kitab evi

Kamal Abdulla yaradıcılığı Türkiyə portallarındaTürkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiy...
11/10/2024

Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında

Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın türk dilinə uyğunlaşdırılmış “Bir sevgi hekayəsi” əsərinin yayınına başlayıb. Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayınlanan əsər yazıçının yığcam yaradıcı bioqrafiyası ilə təqdim olunub.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq öz səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Edqar Allan Po, Frans Kafka, Alber Kamü kimi dünyaşöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.

Kamal Abdulla

(1950)

– Yazıçı, dramaturq, akademik;

– “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” kimi romanların, hekayə toplularının, “Müəllif-əsər-oxucu”, “Əvvəl-axır yazılanlar”, “Gizli Dədə Qorqud” kimi elmi əsərlərin müəllifidir;

– əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, pyesləri müxtəlif teatrlarda səhnələşdirilib;

– 1999-cu ildə Əməkdar elm xadimi, 2019-cu ildə Azərbaycan Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülüb.

Bir sevgi hekayəsi

“Canım qardaşım. Əvvəla, salam. Necəsən? Uşaqlar necədir? Yasəməndən bir xəbər varmı? Ara­dan sürətlə illər keçdi. Necə oldu ki, bütün bunlar bu cür oldu – mən indi bunu ağlıma sığışdıra bilmirəm. Hamının qəlbini qırdım. Mənim özüm də az iztirab çəkmədim. Məni bu boyda həngamədən sonra qəbul edəcəksinizmi – bunu Allah bilir. Qayıtmaq istəyi­rəm. Hamı üçün çox darıxmışam. Qayıtmazdım. Am­ma daha dözə bilmirəm. Anam üçün, sənin üçün, Zəhra üçün ürəyim hövr eləyir. Bir az da belə getsə, ölləm. Sən bir evdəkilərin ağzını ara, gör mənim qa­yıtmağıma onlar nə deyirlər?! Səndən təcili cavab gözləyirəm. Sevimli qardaşın Hamid”.

Samid iyirmi ildi ki, xəbəri-ətəri gəlməyən böyük qardaşı Hamiddən aldığı bu kiçik məktubu oxuyan­dan sonra bir müddət evdə fikirli-fikirli gəzdi və heç kimə məktub barədə bir kəlmə söz demədi.

Deməli, belə. Hamid qayıdır. Samid bilirdi, əvvəl­dən onun ürəyinə dammışdı ki, nə zamansa bu sərgü­zəşt elə belə də qurtaracaq. İçi doldurulmuş şar kimi nə zamansa bu əhvalat da “fıssss” eləyib yatacaq. Ge­ci vardı, tezi vardı. Düşünürdü: “Kimdən başlayım?! Bu xəbəri birinci kimə deyim?! Deməyinə dəyərmi?! Mənası varmı?! Atam sağ olsaydı, görəsən, neylərdi?! Bilirəm, bilirəm, – Samid acı-acı başını buladı. – Üzün­də-gözündə bir şey göstərməsə də, ürəyində sevinə­cəkdi. Niyə bu avaranın biri avara götürüb məktubu mənə yazıb, məni araçı eləyib?! Bu qədər zaman ke­çib. Mən axı neyləyə billəm?!”

Samid və Hamid doğma qardaşlar idi. Hamid bö­yük qardaş idi, Samid kiçik. Samidin xasiyyəti həlim idi, hamıyla yola gedə bilirdi, qılığı vardı. Hamid isə əsl bəla idi. Hələ orta məktəbdə oxuyarkən ipə-sapa yatmazdı. Valideynləri məktəbin yolunu Hamidə gö­rə tanımışdılar. Ləqəbi vardı: Düzünəqulu. Ölsəydi, gərək sözün düzünü deyəydi. Artıq ali məktəbdə oxuyarkən dekanının yalanını çıxartmışdı, özü də bü­tün potokun qarşısında.

– Siz özünüz bizə dediniz ki, sabah dərsə gəlmə­yin. Haşım müəllimin özü nədir ki, dərsi də nə ola.

Böyük auditoriyaya ölü bir sükut çökmüşdü. Bu sözlərə səbəb isə dekanları Eldar müəllimin özü ol­muşdu. O, dərsə gəlib-gəlməyənləri yoxlamaq üçün Hamidgilin potokuna girəndə hər kəsi yerində görüb ağzını əyə-əyə, az qala, dodaqaltı belə demişdi:

– Ay sizi, bəs deyirdiniz, heç kim bu dərsə gəl­mək istəmir?!

Hamid də bu zaman ayağa qalxıb dekanın yalanı­nı çıxartmışdı. Haşım müəllim rəngi qıpqırmızı qızarsa da, həmişəki həlim təbəssümü üzündə başı ilə dekana işarə etmişdi ki, “bənd olma!” O da “guya ki” bənd olmamışdı, irişə-irişə üzünü Hamidə tutub:

– Səndə olan fantaziya kimdə olsaydı…

Bilinməmişdi ki, bu fantaziya kimdə olsaydı, nə olardı. Eldar müəllim sözünün dalını gətirməmişdi. Haşım müəllimi otağın bir küncünə çəkib xısın-xısın ona nə isə deyəndən sonra çönüb heç kimin üzünə baxmadan otaqdan çıxmışdı.

Nəticə özünü semestrin axırından o tərəfə qoyma­dı qalsın. Sessiya zamanı Hamidin dalbadal aldığı “iki­”lər (axırıncı “iki”ni qulağınacan qıpqırmızı qızarmış Haşım müəllim gözünü ondan qaçırıb özü yazdı) kifa­yət elədi ki, Hamidi 3-cü kursu başa vurmadan uni­versitetdən xaric etsinlər. Atası, qohumları, tanışları nə illah elədilər, Eldar müəllim sözündən dönmədi: “Gedəcək ki, gedəcək!” – dedi. Hamidin rəhmətlik atası çox yalvardı o zaman Hamidə ki, ay Düzünəqulu, gəl səni aparım bu dekan müəllimin yanına, üzr istə, de ki, bilməmişəm, peşman olmuşam… Kimə deyirdin, iki ayaq bir başmağa girmədimi, girdi, yox ki, yox!

Evdə hamı özünü inandırmışdı ki, atanı qəbir evinə Hamidin hərəkətləri aparıb. Universitetdən sonra özü­nə iş axtarmaq, yenidən təhsilini davam etmək barədə düşünmək əvəzinə bu adam durub-durub neyləsə yax­şıdır. Bu adam bir-iki gün ora-bura gəzəndən sonra gə­lib evdə hamıya elan eləmişdi ki, evlənmək qərarına gəlib. Həyatının yeganə mənasını tapıb, bu hər adama nəsib olmur, deməli, Allah-taala onu, axır ki, başqala­rından seçib ayırıb, bu hadisə milyonda bir adamın ba­şına gəlir və s. və i.a. Atası hamının yanında ondan so­ruşanda ki, neçə gündü tanıyırsan həyatının mənası olan bu adamı sən, ay Düzünəqulu, Hamid onun üzü­nə əzəli düşmən kimi baxıb əsəbi halda:

– Bunun heç bir mənası yoxdur. Ağıllı adam üçün iki gün tanıdın, yoxsa iki il – heç fərq eləməz… – de­mişdi. Kişi peşman-peşman başını aşağı dikib susmuş­du. Daha heç kəs Hamiddən bir söz soruşmamışdı. Məlum olmuşdu ki, o, həyatının mənasını iki gündü tanıyır. Anasının əli ağzında qalmışdı.

Bu o dövr idi ki, müstəqillik yeni-yeni başlayırdı. Türkiyə ilə gediş-gəliş çoxunun başını havalandırıb bi­huş eləmişdi. Varlı qohum axtarışları çoxları üçün il­ğım olsa da, bəziləri bunun mənəvi və real ləzzətini dadmağa başlayırdı. Hamidgilin ailəsi bu “bəzi” ailə­lərdən idi. Atası Cəbi kişinin İkinci Dünya müharibəsin­də almanlara “plen” düşən, müharibədən sonra isə fır­lanıb-fırlanıb Türkiyədə məskunlaşan doğmaca əmisi oğlu peyda olmuşdu. Yasin əmioğlu xeyli varlı biri idi, özü də, deyəsən, əməlli-başlı əliaçıq idi. Türkiyədən xəbərlər göndərirdi. Sərmayə qoyub birgə iş qurmaq istəyirdi. Özü gəlmək istəyirdi, Cəbini, övladlarını qo­naq çağırırdı. Ailə üçün yeni və çox xeyirli perspektiv­lər açılırdı. Belə bir zamanda Cəbi kişiyə işləyən, çalı­şan, gedib-gələn, zirək, bir sözlə, arvadı Pərnisəyə de­diyi kimi “qaz vurub qazan dolduran” oğullar lazım idi. Bu avara isə “evlənmək istəyirəm” deyib durur. Hələ bu azmış, ən maraqlısı heç bu da deyil, evlən­məklə iş bitsəydi, nə vardı?! Hamid sevgilisi, gələcək arvadı Svetlana ilə onun tarixi vətəni Rusiyaya get­mək, orada yaşamaq istəyirdi. Svetlana institutdan ədalətsiz olaraq xaric edilib, onun arzuları tar-mar olub, qız depressiyadadır, məhz indi onu dəstəkləmək lazımdır, onun buna ehtiyacı var, nəhayət, bu evlən­mək məsələsi Hamidin şəxsi işidir, onun artıq iyirmi dörd yaşı var və o, Svetlanaya söz verib. Yas qurmaq da lazım deyil… Ata və ananın yanıqlı-yanıqlı köks ötürməkdən savayı bir əlacları qalırdımı, qalmırdı.

Gecələr Hamidlə Samid öz yataq otaqlarına çəkilən zaman hamının yanında səsini udub duran Samidin dili açılırdı, o, qardaşının hərəkətinə haqq qazandırır­dı. Onu bir az da həvəsləndirirdi. Samid gecədən xeyli keçənə qədər Rusiya, oradakı imkanlar, qısa bir müddət içində milyoner olmaq şansı, hətta rus şairləri barədə uzun-uzadı söhbətlər edərdi. Gündüzlər cəsarət edib deyə bilmədiklərini beləcə gecələr üyüdər, tökərdi.

– Sən Allah, doğru deyirsən? Sən də belə düşü­nürsən? Ay Allah, sən, sən… Gəl bir yerdə gedək!..

Hamid kiçik qardaşının canıyananlığından əməlli­-başlı vəcdə gələrək düşünürdü ki, o, həqiqətən, xoş­bəxtdir, çünki onu anlayan belə bir balaca, əziz, se­vimli qardaşı var. Evdəkilər isə Hamidi anlamadılar. Hamid məcbur qalıb evdən çıxdı. Svetlanagilə köçdü. Evdən gedən­dən on gün sonra toy edərkən nə ata-anası, nə də ba­cısı Zəhra toya gəldi. Hamid isə heç kimi yox, sevimli qardaşı Samidi gözləyirdi. O da gəlmədi. Bir-iki dost-­tanış, Svetlananın qohumları, ailə dostları, cəmi on beş adam, vəssalam. Svetlanagilin Nərimanov prospektin­də “finski domik”ləri vardı, o evin həyətində məclis qurdular. Svetlananın atası Nikolay Valentinoviç qo­naqlar dağılışandan sonra Hamidlə toy süfrəsinin ət­rafında dübədü oturub ona da, özünə də yekə bir bo­kal dolusu qırmızı şərab süzüb fikirli-fikirli belə dedi:

– Yaxşı olmadı, Hamid, heç yaxşı olmadı. Mən bunlara demişdim. – Toydan sonra ortalıqda yır-yı­ğış edən arvadı Ninanı və qızı Svetlananı nəzərdə tu­turdu. – Ata-ananın xeyir-duası çox vacibdir, bu, bəl­kə də, ən vacib bir məqamdır. Mən sənin, sənin yeni qurulmuş ailənin sağlığına içirəm. Sənin ata-ananın sağlığına, bacının, qardaşının sağlığına içirəm. Nə mən deyən olsun, nə sən deyən olsun. Allah deyən olsun. Hər şey düzələcək. Sağ ol. Sən əsl kişisən. Ola bilər, kimsə desin, p*s adamsan, tərs adamsan, nə bi­lim, necə adamsan, amma mən deyirəm, kişi adam­san. Ona görə yox ki, atanın, ananın iradəsinə tabe ol­mamısan, qətiyyən! Ona görə ki ürəyinin dediyi ilə hərəkət eləmisən. Ürəyinin dediyi ilə hərəkət eləyən kişilər ən qəliz kişilər olur. Sağ ol.

Bunları deyib qayınatası Nikolay Valentinoviç şərab dolu bokalı çəkmişdi başına, sonra ayağa qalxıb səndə­ləyə-səndələyə gedib girmişdi evə və qalxmışdı dar, əy­ri pilləkənlərlə düz çardağa, yerdən salınmış yatağa yıxmışdı özünü. Ər-arvadın yeni yataq otaqları artıq bu çardaq olacaqdı. Əsas yataq otağını onlar bu gecədən cavanlara təhvil vermişdilər. Ata üzünü yastığa soxub göz yaşını heç cür saxlaya bilmədi.

Svetlana gəlinlik paltarını dəyişib anasına qab­-qacağı yığışdırmaqda kömək edirdi. Bir də baxıb gör­dü ki, atası həyətdə yoxdur, Hamid isə gözlərini qar­şısındakı şərab dolu bokala zilləyib, oturduğu yerdə­cə donub qalıb. Gəlib onun yanında oturdu. Əlini çiyninə saldı, qısıldı sevgili ərinə:

– Fikir eləyirsən? Fikir eləmə. Hər şey yaxşı ola­caq. Bax görəcəksən, hər şey yaxşı olacaq…

– Heç biri, başa düşürsən, heç biri gəlmədi. Barı Samid gələydi… – Hamidin səsi, az qala, titrəyirdi.

Artıq soyuqlamağa başlayan həyətdə yeməkdən sonra orada-burada qalaq-qalaq yığılıb qalmış qab-qa­cağın arasında əllərini sinəsində çarpazlamış pəjmür­dəhal Hamid bilmirdi ki, üç gün əvvəl onun toy mə­sələsi atası evində əsl müzakirəyə çıxarılıb. Toya heç kimin getməyəcəyini qərarlaşdıran məşvərət iştirak­çıları Hamid adlı oğlunun olmamasını bəyan edən atanın birdən hıçqırıqlar içində boğulduğunu görüb bir səslə Hamidin qarasınca “Allah sənin bəlanı ver­sin!” deyə qorxu içində çığırışıb kişinin başının üstü­nü aldılar. Nəfəsi təngiyən Cəbi kişi birdən səsini “xırp” kəsib əlinin qəti hərəkəti ilə camaatı başından o tərəfə elədi, boğuq səslə dedi:

– Bu məsələ burda qurtardı! Ölsəm, bu adam ölü­mün üstünə gəlməsin, ölsə, ölüsünün üstünə getməyə­cəyəm! Kəsin bu ağlamağı! Bir də bir adamı ağlayan görməyim. Durun gedin işinizin-gücünüzün dalıyca. Samid, sən sabah İstanbula, Yasinə telefon elə. Denən ki, mən səni onun yanında öz vəkilim edirəm. Bitdi bu iş, bitdi.

Otağı ölü sükut bürüdü. Bir müddət bu sükutu Hamidin anası Leyla xalanın xısın-xısın, içdən gələn ağlamağı pozdu. Qaşlarını bərk-bərk düyünləmiş Cəbi kişi isə səsini çıxarmadan çoxdan eşitmədiyi se­vimli musiqiyə qulaq asırmış kimi diqqətlə bu ağla­mağa qulaq asmağa başladı.

…Məktubu alıb oxuduğu o gecə Samidin gözləri­nə yuxu getdimi, getmədi. Uzun illərin tarazlaşmış, müəyyən ahəng almış həyat yolu birdən-birə nəzər­də tutulmayan bir döngə ilə üzləşirdi. Bu döngəyə dönmək bu gün heç kimə lazım deyildi. Atasının söz­ləri xəncər kimi beynini deşdi. Samid yerində qurca­landı. Bu sözləri atası ölənədək dedi, yorulmadı: “Nolsun ki, mən onun toyuna getmədim, səni ki gön­dərdim, sən ki o toya getdin. O isə ənəsliyindən evə gəlmədi, saymadı bizi”.

Samid bu hadisəni həyatı boyu əzabla xatırlamış­dı, hamıdan gizləmişdi, bu gün heç kim, hətta anası belə bilmir ki, Cəbi kişi toy günü səhər Samidi yanı­na çağırıb belə demişdi:

– Ay bala, indi neyləyək, bu, eşşək çıxdı, amma bu söhbəti də acı bağırsaq kimi uzatmağına dəyməz, de­yirəm. Əlacımız nədi?! Gərəkdi ki, özü gələydi, indi dedim axı, eşşəkdi, nə gözləyirsən?! Toyuna hələ bir utanmayıb xəbər göndərib, toy qızgilin evində ola­caq, bizi çağırır…

Cəbi kişi iki-üç gün əvvəl dediklərini elə bil unutmuşdu, nəydi, bu gün onun səsində həlim nöq­tələr vardı. Amma yenə də arvadının, qızının yanın­da yumşaldığını göstərmək istəmirdi və sözlərini an­caq Samidə deyirdi:

– Bax, sənə deyirəm, nəbadə, bir adam bunu bilə. Barışıqdan… indiki halda söhbət gedə bilməz. Am­ma nə zamansa bu, olmalıdı. Körpüləri tam yandır­mayaq. Bu toya sən get. De ki, özün gəlmisən, sənin bu hərəkətindən guya bizim xəbərimiz yoxdur. Bil­sək, nə bilim, nə edərik, bir şey uydurub deyərsən. Özün də onunla əlaqə saxla. Qandır bu eşşəyə ki, ar­vadını da götürüb gəlsin, üzünə baxmasam da, əla­cım nədi, bağışlaram. – Kişini bu yerdə az qalmışdı, qəhər boğsun, “öhö-öhö” eləyib büruzə verməmişdi. Elə öskürə-öskürə sözünü belə tamamlamışdı. – Ana­sına yazığı gəlsin, arvad mum kimi əriyib, bu gün-sa­bah ölər bu, qalmaz…

… İndi yenə də o söhbəti xatırlayarkən təzə-təzə vaxtlarda olan kimi Samidin elə bil sinəsinin içinə kiminsə amansız barmaqları girib ürəyini sıxdıqca sı­xırdı. Bu barmaqlar onun ürəyini elə bil inək əmcək­lərini sıxan kimi sıxıb süd sağırdılar. Ürəyindən mis­qal-misqal çıxan inilti bu gün çox aydın bir şəkildə həmin ilk ağrını ona xatırlatdı. O isə belə güman edirdi: qardaşının sifətinin cizgiləri yadından çıxdıq­ca o ağrı da korşalacaq. Hökmən yox olacaq. Əslində, bu elə belə idi. Ağrı artıq yox idi. Bu qədər vaxt idi, nə qardaşı vardı, nə də ağrı. Bu gün ağrı bu məktubla geri qayıtdı. Gözlərini bərk-bərk yumdu. Bilirdi ki, qaranlıqda Hamidin üz cizgiləri bir-birinin ardınca onun qapanmış göz qaranlığında işıq verə-verə pey­da olacaq, bu isə ağrını ancaq şiddətləndirəcək, yenə də bərk-bərk yumdu gözlərini. Yanılmırdı, gözləri­nin qaranlığında o – qardaşı peyda oldu…

…Vaqzalda vida vaxtı idi. Samid onları ötürməyə gəlmişdi.

– Bilsələr burdayam, öldürərlər məni. – Samid riyakarcasına, irişə-irişə Hamidə dedi.

– Yəni deyirsən, o dərəcədə?! – Hamid ürəyi par­çalansa da, büruzə vermədi.

– Hə, indilik gərginlik necə vardı, eləcə də qalıb. Cəbi dedi, toya getsən, öldürrəm səni, “uf” demərəm. Yaxşı elədin, sən evə gəlmədin. Çatan kimi məktub yaz. Mən sənə gəlmək zamanını özüm deyə­cəyəm. Hə, bir də… dedi ki… ölsəm, ölümün üstünə gəlməsin. Sən məndən xəbər gözlə.

Samid inamsız bir ümidlə onun üzündə nəsə ax­taran qardaşının daxili həyəcanından anladı ki, bu gediş son gedişdir. Qatar yerindən tərpəndi, vaqon­lar bir-birinə dəyib şaqqıldayaraq yavaş-yavaş uzaq­laşdı. Amma hələ xeyli zaman Hamid vaqonun pən­cərəsindən başını çıxarıb qardaşının getdikcə balaca­laşan kölgəsinə baxdı. Ürəyi qısıldıqca qısıldı.

İndi isə iyirmi, düz iyirmi ildən sonra Hamid səbirsizliklə məktubuna cavab gözləyə-gözləyə qal­mışdı. Həmişəki kimi yenə də son ümid yeri Samid idi. Ancaq Samid onu ailəsi ilə, anası, bacısı Zəhra ilə, Yasəmən ilə barışdıra bilərdi. Anasından arxayın idi. Bütün bu ayrılıq illərində bircə gün də olmamışdı ki, onun üçün ürəyi sızlamasın. Hiss edirdi ki, anası da eynən onun kimi əzab çəkir, başqa cür ola bilməz. Ba­cısından isə könlü qırıq idi. Hamidin fikrincə, Zəhra özü onu axtarıb tapmalı, atası-anası ilə arasında vasi­təçi olmalıydı. Nə isə… Olan olmuşdu, gedən get­mişdi, qalan qalmışdı. Ona heç kimin rəhmi, günah­larını bağışlaması lazım deyildi. O özü özünün haki­mi idi. O özü heç zaman özünü bağışlamayacaqdı. Ancaq orası da vardı ki, o özünü günahkar saymırdı və saymayacaqdı. Qəribə idi. Atasının ruhu ilə bu ayrılıq illərində nə qədər danışıb durmuşdu, onunla hər şey barədə, universitetdən qovulması, evlənməsi, Rusiyaya köçməsi, burada həyat yolunun ağ-qara zo­laqlara bölünməsi, evləri, ən çox da onun və anası üçün burnunun ucunun göynəməsi barədə nə qədər desən, qovrula-qovrula danışmışdı. Gec də olsa, onu inandırmağa çalışmışdı. Amma bir dəfə də olsun, on­dan üzr istəməmişdi. Atasının “Ölsəm, ölümün üstü­nə gəlməsin” sözlərini vidalaşıb ayrılarkən Samid ağlamsınıb ona demişdi. Bu sözlərin ağırlığını Ha­mid bu gün də çəkirdi. Cəbi kişinin yasına da vaxtın­da xəbər tutmadığı üçün deyil, bu sözlərin şlaqbaum kimi “Yekaterinburq –Bakı” yolunu kəsdiyi üçün get­mədi. Aradakı uçurum daha da dərinləşdi. İllər elə bu cür, yeknəsaq şəkildə keçib-getməyinə davam etdi.

Birdən-birə nə baş verdiyi onun özü üçün də müəmma idi. Son bir-iki ay yerində sakit otura bilmir­di. Gecələr yuxusuna anası girirdi. Anası ona deyirdi: “Gəl, oğul, gəl, atan getdi, mən getməliydim, o getdi, sən isə gəl, məni tək qoyma!” Anası ağ buludların ara­sında əllərini ona doğru uzatmış bir halda gözlərində məzlum bir yalvarış yavaş-yavaş ondan uzaqlaşırdı. Səhərlər yuxudan qan-tər içində qəfildən səksənib ayı­lırdı. Svetlana onun bu halını son zamanların uğur­suzluğu və bundan irəli gələn yorğunluqla izah edir­di. Bir dəfə isə gecəyarısı Hamidin sayıqladığını və yuxuda anasını çağırdığını, onunla, az qala, unutduğu doğma dilində nə isə danışdığını eşitmişdi. Qardaşı Samidə məktub yazmağı da elə o səhər mətbəxdə qəhvə bişirə-bişirə Svetlana ona məsləhət görmüşdü.

– Bu düşmənçilik axı nə qədər davam edəcək?! Bu axı düzgün deyil. Bilirsən, mən də Bakı üçün da­rıxmışam…

– Mən darıxmamışam!

– Nolar, mənim xətrimə, yaz bu məktubu. Oğlu­muz da qohumlarını görər… Bəlkə, elə nənəsi də onu gözləyir?!

Orta məktəbi iki il əvvəl bitirən və ali məktəbə qəbul ola bilməyən oğlanları Zaur Xabarovskda hər­bi xidmətdə idi. “Uzaq, isti Azərbaycanda nənəsi onu gözləyir” fikri onu soyuq Uzaq Şərqdə necə və nə tə­hər isidəcəkdi – bunu Hamid bilmirdi. “Zaur, görə­sən, bu məktub məsələsinə necə baxar?!” – Hamid düşündü.

Hamid hələ onu bilmirdi ki, əziz və sevimli qar­daşı Samid onun toyunda iştirak etmək tapşırığını atasından ala-ala toya gəlməmişdi, səhərisi gün isə atasına demişdi ki, toya getdim, amma üzümə də baxmadılar. Bundan başqa, sevimli qardaşı ilk ayrılıq günləri və ayları Hamidin Rusiyadan yazdığı mək­tubları da evdə heç kimə göstərməmiş, özü özünü isə aldatmağa çalışmışdı ki, bununla qarşıdurmanın kəs­kinliyini azaldır. “Bu cür həyat Hamidə lazım deyil, Hamidlik deyil. O, heç vaxt iş adamı ola bilməz. Ha­mid pul qazanmağın ləzzətini heç vaxt bilməyib”. Sa­mid bu cür düşüncələrlə özü özünə təskinlik verir, sönük vicdanını aldatmağa çalışırdı.

Az keçdi, çox keçdi, Samid düşündüklərinin o biri hissəsini də təmkinlə həyata keçirməyə başladı. Türki­yədəki əmisi nəvəsi Ceylan Yasinqızına evlənib, İstan­bulda varlı bir şirkətin başına keçdi. İndi böyük iş ada­mı olan Samidi təkbaşına hakimiyyət əzazil və xəbis bir adama çevirmişdi. Bax ki, Hamiddən gözlənilməz bir şəkildə gələn son məktubu da evdə heç kimə gös­tərmədi. Kim ondan hesab istəyəcəkdi?! Atası artıq həyatda yox idi. Qayınatası və atasının əmisi oğlu Ya­sin bəyin bütün bu məsələlər vecinə də deyildi – o, qo­ca və əhlikef bir adam idi. Anası Leyla çox qocalmışdı, artıq Hamidi güclə xatırlayırdı. Arvada elə gəlirdi ki, Hamid ölüb və bu xəbəri ondan indiyənəcən gizlədirlər. Bunu bildiyini isə üzə vurmurdu. Bacısı Zəhranın başı əyyaş ərinə və narkoman oğlanlarına qarışmışdı. Arvadı çoxdan ondan ayrı, Türkiyədə öz həyatı ilə yaşayırdı. Samidin dodaqlarından üzünə acı və miskin bir təbəssüm yayıldı.

Bizim Leyli-Məcnunun eşq hekayəti isə belə baş­lamışdı. Hamid Svetlananı ilk dəfə universitetdən sənədlərini götürməyə gələndə gördü. Pilləkənlərlə gözündən səssiz-səssiz sel kimi yaşlar axan ağ paltar və qırmızı ayaqqabı geyinmiş, əlindəki qara çantası­nı bərk-bərk sinəsinə sıxmış, saçlarını səliqə ilə boy­nunun arxasına yığmış və ayaqlarının altına diqqətlə baxa-baxa bir qız enirdi. Pilləkənlərlə üzüyuxarı de­kanlığa qalxan Hamidin yanından ötəndə bu qız qə­fildən büdrədi, az qaldı, yıxılsın. Hamid bir onu bildi ki, qızın çiyinlərindən bərk-bərk tutdu, amma bu də­fə ikisi də, düzdür, yıxılmadılar, amma bir-birindən yapışaraq eləcənə mərmər pilləkənə oturdular. Tir-tir titrəyən bu qızın gözlərindən dayanmadan səssiz­-səssiz yaşlar axırdı. Hamid özü də bilmədi, nə üçün qızın üzünə dağılmış şabalıd rəngli saçlarını əli ilə tu­marlayıb üzündən yığmağa başladı. Svetlana da bil­mədi ki, nə üçün buna icazə verdi və nə üçün Hami­də qısıldı.

O da bu universitetdə oxuyurmuş və o da elə in­dicə üçüncü ikisini almışdı və Hamid kimi universi­tetdən qovulmuş sayıla bilərdi. Onlar əl-ələ tutub əv­vəlcə yuxarı dekanata qalxdılar, dekanları Eldar müəllimin istehzalı baxışları altında Hamidin sənəd­lərini aldılar, sonra isə universitetdən çıxıb yenə də bir-birinin əlindən bərk yapışaraq üzüaşağı, bulvara tərəf getdilər. Üç gün, üç gecə bir yerdə oldular. Sə­hərlər, günortalar, axşamlar əl-ələ, göz-gözə, o küçə mənim, bu küçə sənin, gecələr telefonda – səs-səsə. Sonrası isə bəlli idi – toy! Vəssalam.

Hə, son nöqtəni qoymazdan əvvəl bir də onu hökmən demək lazımdır ki, Svetlana uşaqlıqdan üzü bu yana həmişə nədənsə, kimdənsə qorxardı. Yanından sürətlə keçən maşından, itdən, pişikdən qorxardı, atasından qorxardı, anasından qorxardı. Müəllimlərdən, kurs yoldaşlarından, qonşularından qorxardı. Bakıda qalmaqdan qorxardı, Rusiyaya köçməkdən qorxardı. Hamiddən isə gördüyü andan bu günə qədər bir dəfə də olsun qorxmamışdı. Eşq dediyimiz hekayət bu idi və bundan başqa bir şey deyildi.

…Məktubda adı keçən Yasəmənin isə kim olduğu­nu Samid gecə yarıyacan yataq otağında o baş, bu ba­şa var-gəl edə-edə, sonra da yatağında o tərəf, bu tərəfə çevrilə-çevrilə nə qədər xatırlamağa çalışdısa da, xatırlaya bilmədi.

https://www.detayhaberler.com/oykuler/

https://www.haber232.com/kemal-abdulla-nin-kaleminden-bir-ask-hikayesi/13312

Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdiX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə M...
07/10/2024

Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş “Qətl günü” (Yusif Səmədoğlu), “Beş dəqiqə və əbədiyyət” (Elçin) və “Əfsanənin ikinci həyatı” (Elvira Araslı) kitablarının təqdimat mərasimi keçirilib.

Mərkəzin Rusiya, Belarus və Ukrayna ilə ədəbi əlaqələr üzrə koordinatoru Püstə Axundova tədbiri giriş sözü ilə açaraq Dövlət Tərcümə Mərkəzi ilə Rusiya Tərcümə İnstitutunun sıx əməkdaşlıq əlaqələrindən, Rusiya-Azərbaycan ədəbiyyatlararası mübadilələr istiqamətində ötən il ərsəyə gətirilən layihələrdən danışıb.

Rusiya Tərcümə İnstitutunun direktoru, tanınmış şair Yevgeni Rezniçenko Rusiya ədəbiyyatının Azərbaycanda, eləcə də Azərbaycan ədəbiyyatının Rusiyada tanıdılması işinə əlamətdar töhfələr vermiş Mərkəzin fəaliyyətini yüksək dəyərləndirərək bu qarşılıqlı məhsuldar əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçilər Mahir Qarayev və İmir Məmmədli, filologiya elmləri doktoru, professor Telman Cəfərov və digərləri Rusiyada işıq üzü görmüş kitablarda yer almış əsərlərin mövzu aktuallığı, bədii məziyyətləri haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və Xalq yazıçısı Yusif Səmədoğlunun qızı Humay Vəkilova ərsəyə gətirilən kitablara görə ailələri adından Rusiya Tərcümə İnstitutu və Dövlət Tərcümə Mərkəzinə təşəkkürlərini bildiriblər.

Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilibDövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının...
04/10/2024

Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib

Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabının müəllifi – Venesuela şairi Anna Maria Oviedo Palomareslə görüş keçirilib.

Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq qurumun fəaliyyəti dövründə hər zaman Latın Amerikası ədəbiyyatına verilən xüsusi önəmdən, Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş əsərlərdən danışıb, “Söyüd krallığı” kitabının bu ənənənin davamı, növbəti təzahürü olduğunu qeyd edib.

Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəhbəri, yazıçı-tərcüməçi Etimad Başkeçid, tərcümə və nəşr məsələləri üzrə müşavir, yazıçı-tərcüməçi Yaşar Əliyev “Söyüd krallığı” kitabında yer alan şeirlərin bədii məziyyətlərindən, aktuallığından söz açaraq qələmə alınan mövzuların Azərbaycan oxucusu üçün maraqlı olacağını qeyd ediblər.

Daha sonra Venesuelanın səfiri cənab Kristofer Alberto Martinez Berroteran, Meksika Birləşmiş Ştatlarının səfiri xanım Viktoriya Romero Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışaraq ərsəyə gətirilən işlərin mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi, xalqlarımız arasında isti munasibətlərin yaranmasına mühüm töhfələr verdiyini vurğulayıblar.

Tədbirin sonunda söz Mərkəzin qonağına – məşhur Venesuela şairi Anna Maria Palomaresə verilib. Xanım Palomares, ilk növbədə, şeirlər toplusunun Azərbaycan kimi qüdrətli ölkədə nəşr olunmasından qürur duyduğunu, əsərlərinin Azərbaycan dilində işıq üzü görməsinin onun yaradıcı bioqrafiyasında əlamətdar hadisə kimi qalacağını vurğulayaraq Mərkəzə dərin minnətdarlığını bildirib, Azərbaycan poeziyası nümunələrinin Venesuela oxucusuna çatdırılması istiqamətində Mərkəzlə əməkdaşlığa hazır olduğunu qeyd edib. Daha sonra şair və toplunun bədii tərcümə müəllifi Mahir Qarayev kitabda toplanmış şeirlərdən nümunələri ispan və Azərbaycan dilində səsləndiriblər.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125668027

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Tərcümə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Tərcümə Mərkəzi:

Share