Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, Government Organization, Nəsib bəy Yusifbəyli küç. 107, G blok, 8. mərtəbə, Baku.

28/05/2026
Nənədən nəvəyə həyat payıQəbələdə yaşayan ailənin həyatındakı ən ağır gün ailə başçısının bal toplamaq üçün ağaca çıxark...
22/05/2026

Nənədən nəvəyə həyat payı

Qəbələdə yaşayan ailənin həyatındakı ən ağır gün ailə başçısının bal toplamaq üçün ağaca çıxarkən baş verən faciə nəticəsində həyatını itirdiyi gün oldu. Həmin vaxt ailənin sonbeşiyi Vüqar cəmi 40 günlük körpə idi. Bu faciədən sonra gənc ana üç uşağını tək böyütmək məcburiyyətində qaldı.

Qiyasov Vüqar böyüdükcə bel və baş ağrılarından əziyyət çəkirdi. Ağrılar şiddətlənəndən sonra aparılan müayinələr onun 5-ci dərəcəli böyrək çatışmazlığından əziyyət çəkdiyini ortaya çıxardı. O, dializ almağa başladı və həkimlər yeganə çıxış yolunun böyrək nəqli olduğunu bildirdilər.

Analizlər nəticəsində 16 yaşlı Vüqara donor kimi yalnız nənəsi Şahnaz xanım uyğun gəldi. O heç tərəddüd etmədən nəvəsi üçün donor olmağa razılaşdı.

Əməliyyat zamanı maraqlı və tibbi baxımdan spesifik bir vəziyyətlə qarşılaşıldı. Transplantoloq-cərrah Tariyel Nadirovun sözlərinə görə, əməliyyatdan əvvəl donor böyrəyində damar anevrizması aşkarlandı. Bu halda böyrək köçürüldükdən sonra həmin damar yırtıla bilərdi, bu da həm resipiyentin (nəvənin) həyatı üçün risk yaradar, həm də köçürülən orqanın itirilməsinə gətirib çıxarardı. Lakin fərqli bir cərrahi yanaşma tətbiq olundu. Həkimlər xüsusi cərrahi müdaxilə ilə anevrizmanı aradan qaldıraraq damarı bərpa etdilər və daha sonra böyrək uğurla Vüqara köçürüldü.

Hazırda əməliyyatdan xeyli müddət keçib. Həm nənə, həm də nəvə mütəmadi kontrollardan keçir və hər ikisinin vəziyyəti stabildir.

Ailə bu çətin yolda onlara dəstək olan hər kəsə minnətdardır:
“Əvvəlcə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində qeydiyyata düşdük. Oradakı kollektivin isti münasibətini və operativ koordinasiyanı unuda bilmərəm. Peşəkar həkim heyəti də əməliyyatı uğurla icra etdi.”

Transplantasiya insanlara sağlamlığını qaytaran əsl tibbi möcüzədir. Azərbaycan həkimləri bu möcüzəni reallığa çevirərək insanlara sağlamlıq və sevinc bəxş edirlər.

20 May - Ümumdünya Travmatoloq Günü zədələnmələrin qarşısını almaq və müasir müalicə üsulları barədə cəmiyyəti maariflən...
20/05/2026

20 May - Ümumdünya Travmatoloq Günü zədələnmələrin qarşısını almaq və müasir müalicə üsulları barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Bu xüsusi gün, bədbəxt hadisələrdən qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etməyin və reabilitasiya prosesinin vacibliyini xatırladır. Günün əsas hədəfi insan sağlamlığı keşiyində duran travmatoloqların fədakar əməyini qiymətləndirmək və vaxtında peşəkar tibbi yardımı təşviq etməkdir.

Ailəvi transplantasiya və kollektiv məsuliyyətTransplantasiyanı elmin möcüzəsi adlandırırlar. Bu möcüzəni mümkün edən re...
18/05/2026

Ailəvi transplantasiya və kollektiv məsuliyyət

Transplantasiyanı elmin möcüzəsi adlandırırlar. Bu möcüzəni mümkün edən real faktorlar var: sistemli səhiyyə idarəçiliyi, düzgün koordinasiya, müasir infrastruktur və yüksək ixtisaslı kadr potensialı. Bir ailənin iki övladının eyni dönəmdə orqan köçürülməsi kimi mürəkkəb bir sınaqdan keçməsi Azərbaycan tibbinin həm logistik çevikliyini, həm də elmi potensialının zirvəsini nümayiş etdirir.

Hər şey Aybəniz xanıma gələn o sarsıdıcı zənglə başladı: “Qızınızın halı pisləşib...” Bir ananın dünyasını qaraldan bu xəbər, əslində daha böyük bir sınağın başlanğıcı idi. Müayinələr amansız bir həqiqəti üzə çıxardı: ailənin hər iki övladı – Ruslan və Nazlı Vilson xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlik artıq gecikmiş mərhələ qaraciyər sirrozuna səbəb olmuşdu. Hər iki uşaq üçün tək çıxış yolu var idi: təcili qaraciyər transplantasiyası.

Aybəniz xanım onu narahat edən ilk sualı həkimlə bölüşdü: “Doktor, bəs bunun ödənişi necə olacaq?” Çünki söhbət dünyanın ən mürəkkəb və ən bahalı əməliyyatlarından gedirdi. Aldığı cavab ailə üçün ikinci bir həyatın qapısını açdı:

“Heç nə ödəməyəcəksiniz. Artıq bütün bu əməliyyatlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir. Sizin tək etməli olduğunuz uşaqlar üçün donor tapmaqdır.”

Dövlət dəstəyini bu qədər yaxından hiss etmək Aybəniz xanımın çarəsizliyini böyük bir ümidə və uğurlu sonluğa olan inama çevirdi.

Mübarizədə ilk addım Ruslanın payına düşdü. Yaxın qohumunun bağışladığı orqan ona uğurla köçürüldü; Ruslan qısa müddətdə sağalaraq evinə döndü. Ardınca növbə 16 yaşlı Nazlıya çatdı. Ona isə xalası donor oldu. Eyni peşəkarlıq, eyni diqqət və eyni dövlət qayğısı ilə Nazlı da ölümün pəncəsindən xilas edildi. Hər iki transplantasiya əməliyyatı ölkənin tanınmış cərrah-transplantoloqu Mircəlal Kazımi tərəfindən icra olundu.

Bu prosesdə dəqiq təşkil olunmuş koordinasiya mexanizmi də həlledici rol oynayıb. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirir:

“Canlı donor transplantasiyalarında uğurlu nəticənin əldə olunmasında donorun seçilməsi, tibbi uyğunluğun qiymətləndirilməsi, əməliyyatın planlaşdırılması və müxtəlif tibb komandalarının fəaliyyətinin vahid mərkəzdən koordinasiya olunması mühüm rol oynayır. Belə mürəkkəb hallarda hər bir detalın vaxtında və düzgün idarə olunması xəstələrin həyatının xilas edilməsində həlledici əhəmiyyət daşıyır.”

Bu iki mürəkkəb nəql prosesindən də aydın olur ki, tibbi infrastrukturumuz ən riskli vəziyyətlərdə belə saat mexanizmi kimi dəqiq işləyir. Düzgün koordinasiya, mütəxəssis biliyi, texnoloji təchizat və dövlət qayğısı bir nöqtədə birləşərək vətəndaşların sağlamlığının qorunmasını təmin edir.

15/05/2026

Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib. Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.

Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.

Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.

Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılacaq.

Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

Address

Nəsib Bəy Yusifbəyli Küç. 107, G Blok, 8. Mərtəbə
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi:

Share