25/06/2026
İyunun 24-də Avropa Şurası Parlament Assambleyasında belçikalı deputat Lakrua tərəfindən hazırlanmış Azərbaycan əleyhinə hesabat qəbul edildi. Müzakirə zamanı Azərbaycanın köhnə “dostu”, deputat Şvabe Assambleyada çıxış etdi.
Onun çıxışının əsas məğzi Azərbaycanda söz azadlığının olmaması və bir sıra “söz azadlığı uğrunda mübarizə aparanların” həbsdə saxlanıldığı iddiası idi.
Azərbaycan nümayəndə heyəti hələ Assambleyanın işində iştirak etdiyi zaman və mən də onun tərkibində olduğum illərdə AŞPA-da söz azadlığının reallıqlarını öz gözlərimlə gördüyümü qeyd etməliyəm.
Biz Qarabağ məsələsində Azərbaycanın səsini boğmağa yönəlmiş sistemli cəhdlərlə üzləşirdik.
Avropa siyasi sistemində bunun üçün artıq formalaşmış bir mexanizm mövcuddur. Avropada söz azadlığı dedikdə, Avropa siyasətinin görünməyən sahiblərinin, siyasi prosesləri pərdə arxasından idarə edənlərin öz baxışlarını bizə qəbul etdirmək imkanları nəzərdə tutulur. Bizim fikrimiz isə onları maraqlandırmır.
Məhz bunu onlar söz azadlığı adlandırırlar. Bu hesabata da məhz bu prizmadan yanaşırlar.
Azərbaycanda dövlət əleyhinə işləyən müəyyən səslərin maliyyələşdirilməsi və Azərbaycan dövlətinə təsir göstərmək üçün kanallar mövcud idi. Bu kanallar bağlanıb, təsir mexanizmləri aradan qalxıb və bu da narazılıq doğurur. Bu oyunda iştirak etməyə razılaşmış bir-iki gənc azərbaycanlıya isə yalnız təəssüflənmək qalır.
Eyni zamanda, anlamaq lazımdır ki, bu yanaşma yalnız Azərbaycana aid deyil. Avropalı deputatların əksəriyyəti qorxur. Mən bunu pandemiya dövründə gördüm. Pandemiya zamanı bir sıra tənqidi çıxışlarım olan zaman, hətta bizi dəstəkləyən deputatlar belə səslərini çıxarmağa cəsarət etmirdi. Assambleyada bu mövzuda çıxış edən cəmi bir neçə nəfər var idi və onların çoxu Şərqi Avropadan idi. Qərb ölkələrinin deputatları AŞPA-nın dəhlizlərində bizə sakitcə yaxınlaşaraq dəstəklərini ifadə edir, lakin artıq söz deməkdən və ya “yanlış” səs verməkdən çəkinirdilər.
Mənim üçün bu mövzuda ən böyük məyusluqlardan biri isə 2022-ci ildə qəbul edilmiş “Böhran dövründə medianın rolu” adlı qətnamə oldu. Həmin sənəddə “informasiya xaosu” və “faktların yoxlanılması” kimi anlayışlar təqdim edilir, medianın funksiyasının isə hökumət siyasətinin düzgünlüyünün ictimaiyyətə izah etməkdən ibarət olduğu qeyd olunurdu. Eyni zamanda, sənəddə söz azadlığına birbaşa və ya dolayı yolla heç bir istinad yox idi.
Bu qətnamə mənim üçün Avropada söz azadlığının sonunun əlaməti oldu. (Aşağıda həmin qətnaməyə qarşı çıxışımı paylaşıram)
Şvabe, əlbəttə ki, sadəcə bir marionetdir. Hətta onun sahiblərinin məhz Avropanın özündə olduğuna da tam əmin deyiləm. Çünki Avropa ilə Azərbaycanın münasibətlərini korlamaq istəyən qüvvələr var.
Lakin Şvabenin bu cür davranmaq imkanı məhz ona görə yaranır ki, Avropa siyasi sistemi ciddi şəkildə xəstədir, böhran vəziyyətindədir. Bu sistemdə Avropanın gələcəyinə dair baxışı olan siyasətçilər çatışmır.
25 January 2022