06/05/2026
Avropa Parlamenti- siyasi təzyiq aləti kimi
Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qətnamələr regiondakı siyasi dinamika fonunda ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə 2021-ci ildən etibarən qəbul olunan 14 qətnamənin tonu və məzmunu Bakı tərəfindən qərəzli və balanssız yanaşma kimi qiymətləndirilir. Bu sənədlərdə istifadə olunan sərt ifadələr və ittiham xarakterli müddəalar diplomatik dialoqa deyil, daha çox siyasi təzyiq mexanizminə bənzədilir.
Azərbaycan tərəfinin əsas arqumentlərindən biri odur ki, bu qətnamələr reallıqları tam əks etdirmir və regiondakı mürəkkəb prosesləri sadələşdirilmiş formada təqdim edir. Xüsusilə münaqişədən sonrakı dövrdə formalaşan yeni geosiyasi vəziyyət, sülh danışıqları və kommunikasiya xətlərinin açılması kimi müsbət tendensiyalar bu sənədlərdə ya kifayət qədər nəzərə alınmır, ya da kölgədə qalır. Nəticədə, qəbul edilən qərarlar obyektiv qiymətləndirmədən çox, siyasi mövqe nümayişi təsiri bağışlayır.Bu yanaşmanın sülh prosesinə təsiri də mübahisə doğurur. Diplomatiyada tərəflər arasında etimadın qurulması əsas şərtlərdən biridir. Lakin birtərəfli və sərt qətnamələr həmin etimadı zəiflədə, tərəflər arasında əlavə gərginlik yarada bilər. Bu isə Azərbaycan-Ermənistan normallaşma prosesinə dolayısı ilə mənfi təsir göstərir. Maraqlıdır ki, Avropa Komissiyası kimi digər Avropa institutları daha çox vasitəçi və balanslaşdırıcı rol oynamağa çalışdığı halda, Avropa Parlamentinin ritorikası fərqli xətt üzrə inkişaf edir. Bu institusional fərqlilik Avropa İttifaqı daxilində vahid yanaşmanın olmadığını göstərir və ümumi siyasətin effektivliyinə təsir edir. Digər mühüm məqam isə prioritetlər məsələsidir. Tənqidçilər qeyd edir ki, Avropa Parlamenti qlobal və daxili problemlər – miqrasiya, sosial bərabərsizlik, iqtisadi rəqabət kimi məsələlər fonunda diqqətini selektiv şəkildə müəyyən ölkələrə yönəldir. Bu isə qurumun obyektivliyi ilə bağlı suallar yaradır və onun siyasi alət kimi istifadə olunduğu fikrini gücləndirir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Avropa Parlamenti öz mandatına uyğun olaraq insan hüquqları, demokratiya və hüququn aliliyi məsələlərini gündəmdə saxlamağa çalışır. Lakin bu prinsiplərin tətbiqində balansın qorunmaması və ya seçici yanaşma təsiri yaranarsa, bu, həm qurumun nüfuzuna, həm də regiondakı proseslərə mənfi təsir göstərə bilər.
Sözsüz ki, Avropa Parlamentinin Azərbaycanla bağlı fəaliyyəti ətrafında formalaşan diskussiya daha geniş bir sualı gündəmə gətirir: beynəlxalq institutlar siyasi mövqelərlə hüquqi obyektivlik arasında balansı necə qorumalıdır? Bu balansın pozulması isə təkcə bir ölkə ilə münasibətlərə deyil, ümumilikdə sülh və əməkdaşlıq proseslərinə təsir edən amilə çevrilə bilər.
Mahru Rəcəbova
Suraxanı rayonu , 154 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru