02/06/2026
Enerji Həftəsi təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan mühüm beynəlxalq platformalardan biridir
Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür. İyunun 2-dən Azərbaycan qlobal enerji sahəsində liderləri bir araya gətirən 30-cu "Baku Energy Week"i keçirir. Həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olan "Baku Energy Week" özündə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"nu birləşdirir. Builki enerji həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. Sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Azərbaycanın müasir enerji siyasətinin təməli 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Bu müqavilə yalnız bir neft sənayesi layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu strateji qərar Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi. Məhz həmin dövrdə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi müstəqil Azərbaycanın beynəlxalq enerji dialoqunda çıxış nöqtəsinə çevrildi. Dövlətçiliyinin ilk illərində siyasi və hərbi təzyiqlərlə üzləşən Azərbaycan üçün enerji layihələri həm iqtisadi canlanmanın əsas vasitəsi, həm də geosiyasi balansın qurulması üçün vacib idi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli enerji strategiyasının Azərbaycanın müstəqil iqtisadi əsaslarının yaranmasına və ölkəmizin inkişafına xidmət edib. Çünki məhz bu tarixi addımlar fonunda Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdirməyə başladı. Sözsüz ki, o dövr üçün bu cür strateji qərarların qəbul edilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Yenicə müstəqillik qazanmış Azərbaycan müəyyən daxili gərginliklərdən yenicə xilas olmuş, Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdi. Belə bir şəraitdə "Əsrin müqaviləsi"nin imzalanması, 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük tarixi xidmətlərindəndir. Bu gün neft və qazın ölkənin Ümumi Daxili Məhsulda payı təqribən 30 faizdən çoxdur. Milli sərvətlərin ədalətli bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına nail olunub. Güclü ordu quruculuğu nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Azərbaycanın enerji strategiyası bu gün də o ideoloji təməl üzərində qurulmağa davam edir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin keçdiyi yolu, əldə olunan nailiyyətləri və qarşıdakı strateji hədəfləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına yönəldildi. Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir və yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin işlənilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq.
Azərbaycanın enerji uğurları yalnız təbii sərvətlərlə deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması geniş diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq platforması yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi layihələri istismara verilib. Gələn ilin sonuna qədər yaşıl enerji istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı da bu strategiyanın mühüm tərkib hissəsidir.
Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Bu platforma bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir. Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib.