Dendrologiya Bağı Publik Hüquqi Şəxs

Dendrologiya Bağı Publik Hüquqi Şəxs Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxs

Xarici elmi müəssisələrdən əldə olunan dekorativ bitki növlərinin toxumları “Dendrologiya Bağı” PHŞ-nin tədqiqat sahələr...
23/06/2026

Xarici elmi müəssisələrdən əldə olunan dekorativ bitki növlərinin toxumları “Dendrologiya Bağı” PHŞ-nin tədqiqat sahələrinə introduksiya edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşları tərəfindən S.M.Kirov adına Sankt-Peterburq Dövlət Meşə-Texniki Universitetindən - Lupinus albus L., Aster amellus L., Dahlia pinnata Cav., Kanadanın The University Of British Columbia (UBC) Botanical Garden Universitetindən - Cypella coelestis (Lehm.) Diels, Fritillaria affinis (Schult.) Sealy, Lilium kelleyanum Lemmon, Türkiyənin Ankara Universitetindən - Callistephus chinensis (L.) Nees ‘Red Tower’, Callistephus chinensis (L.) Nees “Princess”, Viola mirabilis L., Iris albicans Lange, Mirabilis jalapa L., Rosa (Rambling Roses), Aquilegia “McKana Hybrids”, Alyssum Aphrodite L., Felicia amelloides (L.) Voss, Gaillardia × grandiflora “Kobold”, Cosmos bipinnatus Cav., Campanula medium L., Syringa reflexa C.K.Schneid., Fuchsia regia (Vell.) Munz, Cosmos bipinnatus Cav., Thymus vulgaris L., Alcea rosea L., Rosa rubiginosa L., Phlox paniculata L. növlərinin toxumları tədarük edilib və tədqiqat sahələrinə introduksiya olunub.
Növlərin bioekoloji xüsusiyyətləri araşdırılıb, toxumlar münbit torpaq qarışığında əkilərək yeni iqlim şəraitində adaptasiya imkanlarının tədqiqinə başlanılıb. İntroduksiya olunan bitkilərin gələcəkdə kolleksiyaların zənginləşdirilməsi, dekorativ xüsusiyyətlərinin qiymətləndirilməsi və landşaft memarlığında geniş tətbiqi planlaşdırılır. Bu məqsədlə, Lupinus albus L. növünün arxa plan və şaquli vurğu yaradan qrup əkinlərində, Aster amellus L. növünün bordür və yarımdairəvi kompozisiyalarda, Dahlia pinnata Cav. növünün isə mərkəzi vurğu yaradan dekorativ qrup və dairəvi əkinlərdə istifadəsi nəzərdə tutulur.

18/06/2026

Samirə xanım, yubiley yaşınız mübarək!

Azərbaycanda Milli Qurtuluş Günüdür1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayı...
15/06/2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdıb.
İki il öncə müstəqillik qazansa da ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə ətrafından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. İyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçildi.
Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

"Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblərBakı Şəhər İcra Hakimiyyəti başçısının...
14/06/2026

"Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" publik hüquqi şəxsin (PHŞ) əməkdaşları görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ tərəfindən konfransın ilk günü keçirilən plenar iclasda elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin alimləri və tədqiqatçılar iştirak edib, tədbirin əhəmiyyəti, Xəzər hövzəsinin ekocoğrafi problemlərinin öyrənilməsinin aktuallığı, eləcə də professor Amin İsmayılovun Azərbaycan coğrafiya və torpaqşünaslıq elminin inkişafına verdiyi töhfələr barədə çıxışlar səsləndirilib.
Konfransa ümumilikdə 123 məqalə təqdim edilib. Onlardan 87-si konfrans proqramına daxil olunub.
Konfransın ikinci günü onlayn formatda keçirilən panel iclaslarında əməkdaşlarımızın çıxışları dinlənilib, Xəzər hövzəsinin ekoloji vəziyyəti, iqlim dəyişikliklərinin təsirləri, biomüxtəlifliyin mühafizəsi, torpaq və su resurslarının idarə olunması, eləcə də davamlı inkişaf məsələləri üzrə aktual elmi nəticələr təqdim olunub. Çıxışlara yüksək qiymətləndirilib və sertifikatlara layiq görülüb.

09/06/2026

Dendrologiya bağından yay təsvirləri

5 iyun – Dünya ətraf mühitin mühafizəsi günüdürİqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha qabarıq şəkildə hiss o...
05/06/2026

5 iyun – Dünya ətraf mühitin mühafizəsi günüdür

İqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha qabarıq şəkildə hiss olunduğu bir dövrdə yaşayırıq. Bu gün ətraf mühitin qorunması yalnız dövlətlərin və beynəlxalq təşkilatların deyil, hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətdir. Təbiətə qayğı göstərmək, ekoloji tarazlığın qorunmasına töhfə vermək sağlam və dayanıqlı gələcəyin əsas şərtlərindən biridir. Gələcək nəsillərin sağlam və təhlükəsiz həyatı ətraf mühitin təmizliyindən, təbiətə və canlı aləmə münasibətimizdən birbaşa asılıdır.
Ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərin uğuru cəmiyyətin ekoloji şüurunun səviyyəsindən də əhəmiyyətli dərəcədə asılıdır. Su ehtiyatlarından səmərəli istifadə, yaşıllıq sahələrinin qorunması, tullantıların düzgün idarə olunması və təkrar emal mədəniyyətinin təşviqi hər birimizin gündəlik həyat tərzinə çevrilməlidir.
Bu əlamətdar gündə hər kəsi təbiətə daha həssas yanaşmağa, ekoloji məsuliyyət hissini gücləndirməyə və ətraf mühitin qorunmasına fəal dəstək verməyə çağırırıq. Gəlin, ekoloji məsuliyyətimizi unutmayaq, su ehtiyatlarına qənaət edək, yaşıllıqları qoruyaq, tullantıları düzgün idarə edək. Unutmayaq ki, təbiəti qorumaq gələcəyimizi qorumaq deməkdir.

"Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblərBakı Şəhər İcra Hakimiyyəti ba...
03/06/2026

"Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları 20 may 2026-cı il tarixində Rusiyanın Soçi şəhərində keçirilən Beynəlxalq Çay Gününə və Rusiyada ilk çay plantasiyasının yaradılmasının 125 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda onlayn iştirak ediblər.
“Çayçılığın inkişafının müasir tədqiqatları və perspektivləri” mövzusunda təşkil olunan tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və sahə mütəxəssisləri bir araya gələrək çayçılıq sahəsində aparılan elmi araşdırmaları, yenilikləri və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Konfransda iştirakına görə əməkdaşlar sertifikatla təltif olunub. Sertifikat Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Mərkəzinin direktoru, akademik A.V. Rındin tərəfindən imzalanıb.
Qeyd edək ki, bu cür beynəlxalq tədbirlər elm və təcrübə mübadiləsinin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və sahənin inkişafına töhfə verən mühüm platformalardan hesab olunur.

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət o...
28/05/2026

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub.
Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər əldə edib. Müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verilib, qadın-kişi bərabərliyi təmin edilib, milli ordu və Milli Bank yaradılıb, milli valyuta tətbiq edilib. Həmçinin demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində mühüm addımlar atıldı. Beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib.
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə mövcudluğunu cəmi 23 ay qoruya bildi. Milli dövlətimiz iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qaldı, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Azərbaycanda Qurban bayramı qeyd edilirQurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 1...
26/05/2026

Azərbaycanda Qurban bayramı qeyd edilir

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.
Bayramınız mübarək!

“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Zirə ərazisində şoran torpaqlar üzrə tədqiqatlar aparmışlar14 may 2026-cı il tar...
18/05/2026

“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Zirə ərazisində şoran torpaqlar üzrə tədqiqatlar aparmışlar

14 may 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları illik tədqiqat planına uyğun olaraq Abşeron rayonu şoran torpaqlarının öyrənilməsi məqsədi ilə Zirə qəsəbəsi ərazisində monitorinq işləri həyata keçirmişlər. Aparılmış tədqiqatlar zamanı ərazinin təbii və mədəni bitki örtüyü araşdırılmış və müəyyən edilmişdir ki, quraqlığa davamlı ot bitkiləri yovşan, şoranotular, gəvən, sahil tonqal otu, pişikquyruğu, çayır, dəvətikanı təbii şəraitdə geniş yayılmışdır.
Mədəni bitkilərdən isə yolkənarı ərazilərdə piramidal, horizontal və irimeyvəli sərv, Eldar şamı, çinar, tut, dekorativ zeytun, evkalipt, nar, iydə, xamerops palması, yapon gərməşovu, üzüm, həmçinin plantasiya halında badam və zeytun əkilmişdir.
Zirə ərzisinin 40o2725.7N və 50o1031.4E kordinatlarından 0-30 sm torpaq qatından kimyəvi analiz və əkin məqsədi ilə nümunələr götürülmüşdür. 18 may tarixində gətirilmiş torpaq nümunəsi sınaq təcrübələrin qoyulması üçün hazırlanmışdır. Şoranlığa davamlı Eldar şamı və zeytun növlərinin birillik fidanları müqayisəli tədqiqat məqsədi ilə kompost qarışıdırılmış dibçəklərdə əkilmişdir.
Əkin üçün istifadə edilmiş kompost Dendrologiya bağı ərazisindən bitki materialları əsasında hazırlanmış və 18 aylıq kompost olmuşdur.
Zirə ərazisinin şoran torpaqlarında aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq qeyd etmək olar ki, şoranlığa davamlı bitki növlərinin daha geniş miqyasda introduksiyası və adaptasiyası məqsədilə əlavə elmi-tədqiqat işlərini aparılması məqsədəuyğundur.

Address

Azərbaycan, Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin Küç. 89
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dendrologiya Bağı Publik Hüquqi Şəxs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share