27/09/2025
27 Sentyabr – Anım Günü münasibətilə məktəbimizdə şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Çıxış edən məktəbimizin direktoru Röyalə Qurbanova şəhidlərimizin Azərbaycan tarixində qəhrəmanlıq zirvəsinə ucaldıqlarını vurğuladı. O, 44 günlük Vətən müharibəsinin xalqımızın birliyi, gücü və yenilməzliyi ilə qazanıldığını qeyd edərək, şəhid ailələrinə dərin ehtiramını bildirdi.
Daha sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Ceyhun Məmmədov və məktəbin hərbi rəhbəri Vətən Müharibəsi veteranı mayor Rauf İbrahimov çıxış edərək şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillər üçün böyük bir məktəb olduğunu söylədilər. Onlar, dövlətin və cəmiyyətin hər zaman şəhid ailələrinin yanında olduğunu xüsusi olaraq vurğuladılar.
Tədbirdə şəhid yaxınlarının çıxışları isə hər kəsi duyğulandırdı. Onların sözləri, övladlarının müqəddəs amal uğrunda şəhid olmaları, şagirdlər üçün unudulmaz bir vətənpərvərlik dərsi oldu.
Şagirdlərin ifasında səslənən şeirlər, bədii səhnələr və kompozisiyalar Anım Gününün mənəvi dəyərini daha da artırdı. Onlar qəhrəmanlarımızın mübarizə yolunu canlandıraraq, şəhidlərimizin adlarının daim qəlblərdə yaşayacağını nümayiş etdirdilər.
Bu gün bir daha sübut olundu ki, şəhidlərimizin xatirəsi əbədi yaşayacaq, onların göstərdiyi igidlik gələcək nəsillərə yol göstərəcəkdir.