Ağcabədi Rayon İcra Hakimiyyəti

Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Ağcabədidə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilibAğcabədi Rayon İcra Hakimiyyətinin tə...
26/05/2026

Ağcabədidə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tariximizdə şəhərsalma və memarlıq: Heydər Əliyev ideyalarından müasir inkişafa doğru” mövzusunda elmi-praktik konfrans keçirilib.

“2026-cı il – Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbir iki hissədən ibarət olub.

Proqramın birinci hissəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Daha sonra Qəhrəmanlar Parkındakı “Əbədi Məşəl” abidəsi ziyarət olunub. Anım tədbirlərinin ardından Qarabağ Muğam Mərkəzinin qarşısında təşkil edilən rəsm, əl işləri və kitab sərgisinə baxış keçirilib.

Tədbirin ikinci hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Rəsmi açılışdan sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov “Müstəqillik illərində Ağcabədinin sosial-iqtisadi yüksəlişi və şəhərsalma strategiyasında yeni hədəflər” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib. “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Ağayeva “Müstəqil Azərbaycanın quruculuq salnaməsinin mediada işıqlandırılması və memarlıq irsimizin təbliği”, Hacıbədəlli kənd sakini, II dərəcəli “Əmək” ordenli pambıqçı-fermer İsa Mürşüdov “Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin təməli: Ağcabədi pambıqçılarının dövlətçiliyimizə və tərəqqiyə töhfələri”, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Elçin Süleymanlı “Müzəffər Azərbaycan Ordusu – dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin sarsılmaz qalası”, Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli isə “Müasir şəhərsalma və memarlıq sahəsində peşə təhsilinin rolu: ixtisaslı kadr hazırlığı və yeni inkişaf hədəfləri” mövzularında çıxış ediblər.

Sonda tədbir iştirakçılarının təklifləri ümumiləşdirilərək konfransın yekunu elan olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan“GƏLƏCƏYİN QURUCULARI VƏ MEMARLARI” Uşaq Yaradıcılıq Festivalına ...
26/05/2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan
“GƏLƏCƏYİN QURUCULARI VƏ MEMARLARI” Uşaq Yaradıcılıq Festivalına sizi dəvət edirik!

Festivalda uşaqlar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirəcək, gələcəyin şəhərləri və memarlıq ideyaları ilə çıxış edərək quruculuq və dizayn dünyasına rəng qatacaqlar.

Balaca istedadların böyük xəyalları ilə tanış olmaq üçün siz də tədbirimizə qoşulun!

📍 Məkan: Ağcabədi şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı
📅 Tarix: 1 iyun 2026-cı il
⏰ Saat: 09:00

🇦🇿 Gələcəyimizi birlikdə quraq, yaradaq və inkişaf etdirək!

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirib. Hələ ilk dəfə prezident vəzifəsinə...
26/05/2026

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirib.
Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi.
Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.
Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.
Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.
Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.
Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.
İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.
Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik;
Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.
Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.
Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi el...
25/05/2026

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi
əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
Ulu Öndər Heydər Əliyev
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi (https://e-qanun.az/framework/37531) Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qaldırılmış və 1920-ci il aprelin 27-də oradan götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Prezident İlham Əliyevin mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxış edib. Çıxı...
22/05/2026

Prezident İlham Əliyevin mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxış edib. Çıxışı zamanı ölkə başçısı bir sıra mövzulara toxunub.
182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.
Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.
Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.
Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik
Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.
Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır.
Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.
İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.
Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.
Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.
Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.
Biz ətraf mühit sahəsində çox işləri görməli olduq.
Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır.
Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.
Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.
Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən kəndində səyyar qəbul-görüşü keçirilmişdir.Mayın 20...
21/05/2026

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

Mayın 20-də Ağcabədi rayonunun Şahsevən kəndində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. Hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib.

İcra başçısı son dövrlərdə təbiət hadisələrinin təsərrüfata vurduğu gözlənilməz zərərlərdən danışaraq, bu baxımdan icra nümayəndələrinin və bələdiyyələrin daha ayıq-sayıq fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Qəbul iştirakçıları əsasən kəndin yeniyetmə və gənclərinin futbol oyunları üçün orta məktəbin idman meydançasından istifadəsinə şərait yaradılması, sosial yardımın alınmasında yaranan çətinliklərin aradan qaldırılması, içməli su problemi və digər məsələləri qaldırıblar.

Bildirilib ki, məktəbin idman meydançasından istifadənin təmin olunması üçün həmin vaxtlarda təhlükəsizlik və təmizlik qaydalarına nəzarət edəcək məsul şəxsin müəyyənləşdirilməsi vacibdir. Kənd bələdiyyəsinin sədri isə qeyd edib ki, kənd ərazisində əlavə futbol meydançasının yaradılması üçün uyğun yer mövcuddur və maliyyə ayrıldıqdan sonra bu istiqamətdə işlərə başlanılması nəzərdə tutulur. Həmin müddətədək məktəbin meydançasından istifadənin təşkili məqsədilə əlavə nəzarətçi ayrılacağı bildirilib.

Görüş zamanı səsləndirilən digər məsələlər ətrafında da aidiyyəti qurumlarla fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Ağcabədi Rayon İcra Hakimiyyətində mühüm məsələlərə dair Şura iclası keçirilib.Mayın 18-də Ağcabədi Rayon İcra Hakimiyyə...
19/05/2026

Ağcabədi Rayon İcra Hakimiyyətində mühüm məsələlərə dair Şura iclası keçirilib.

Mayın 18-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilib. İclasda rayon icra hakimiyyəti yanında Şuranın üzvləri, aparatın məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gündəlikdə duran üç mühüm məsələ barədə məlumat verib.

Müzakirəyə çıxarılan ilk məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərin rayonda icra vəziyyəti ilə bağlı olub. Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov 2024-cü il iyulun 16-da imzalanmış müvafiq Fərmandan irəli gələn vəzifələr, həmçinin əlaqələndirmə mərkəzlərində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin cari vəziyyəti barədə geniş məlumat verib.

Gündəliyin ikinci mühüm mövzusu kənd təsərrüfatı sahəsində görülən işlərə həsr olunub. Rayon icra hakimiyyəti başçısının müavini Toğrul Bünyatov taxıl biçininə vaxtında başlanılması, sahələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi və biçindən sonra torpaqların şumlanması istiqamətində görülən hazırlıq işlərindən danışıb. Bildirilib ki, məhsulun itkisiz toplanması və təhlükəsizlik qaydalarına riayət olunması rayonun iqtisadi göstəriciləri baxımından strateji əhəmiyyət daşıyır.

Üçüncü məsələ bələdiyyələrin hesabat dövründəki fəaliyyəti və ərazi-təşkilat məsələləri ilə bağlı olub. Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Elvin Həsənov bələdiyyələrin fəaliyyət istiqamətləri və ictimai-siyasi məsələlər şöbəsinin bu sahədə apardığı monitorinqlərin nəticələri barədə məlumat verib.

İclasda, həmçinin yanğın təhlükəsizliyi tədbirləri və taxıl biçini zamanı texnikaya olan tələbatın qarşılanması yolları müzakirə olunub, müvafiq tövsiyələr səsləndirilib.

İclasın sonunda müzakirə edilən hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

“Şəhərsalma və Memarlıq” ili çərçivəsində Ağcabədi rayon Bayraq Muzeyində Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbayc...
15/05/2026

“Şəhərsalma və Memarlıq” ili çərçivəsində Ağcabədi rayon Bayraq Muzeyində Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Nəsilləri birləşdirən ailə dəyərləri” adlı tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Rada Qafarova ailə institutunun cəmiyyət həyatındakı mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasının vacibliyindən, eləcə də nəsillərarası münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs etmişlər. Çıxışlarda ailənin cəmiyyətin təməl dayağı olduğu xüsusi vurğulanmışdır.

Daha sonra tədbir iki panel sessiyası ilə davam etmişdir.
“Ailə modeli: dəyərlər, məsuliyyət və cəmiyyətin rolu” mövzusuna həsr olunmuş ilk panelin moderatoru Rada Qafarova olmuşdur. Paneldə Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımova, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının müdiri Elnur Həsənov və “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Musa çıxış etmişlər.

Panel müzakirələri zamanı ailə dəyərlərinin qorunması, valideyn məsuliyyəti, gənclərin sağlam ailə modelinə hazırlanması, eləcə də cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

“Uzunömürlü ailələrin həyat təcrübəsi və gənclərə tövsiyələri” mövzusunda keçirilən ikinci paneldə isə nümunəvi və uzunömürlü ailələr öz həyat təcrübələrini, ailə bağlılığının və qarşılıqlı hörmətin əhəmiyyətini gənclərlə bölüşmüşlər. Səmimi mühitdə keçən panel iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda uzunömürlü ailələrin toy ildönümləri münasibətilə təşkilatçılar tərəfindən ailələrin xanımlarına gül dəstələri və xatirə hədiyyələri təqdim olunmuşdur.

Address

Heydər Əliyev Prospekti 124
Aghjabädi
AZ0400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994504739773

Alerts

Be the first to know and let us send you an email when Ağcabədi Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağcabədi Rayon İcra Hakimiyyəti:

Share