Zaqatala rayon MKS-nin Mosul kənd kitabxana filialı

Zaqatala rayon MKS-nin Mosul kənd kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon MKS-nin Mosul kənd kitabxana filialı, Library, Zaqatala.

03/06/2026

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyan və Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib. "Bakı Enerji Həftəsi"nin enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini və sənaye mütəxəssislərini bir araya gətirməsi Azərbaycanın iqtisadi müstəqilliyinin və qlobal nüfuzunun bariz göstəricisidir.
Bu ilki tədbir regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək nəzakətli məktubuna görə Prezident Trampa minnətdarlıq edib, həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürünü bildirib. Uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulduğunu və planetin dağıdılmasında ittiham olunduqlarını xatırladan dövlətimizin başçısı Prezident Trampın bu trendi dəyişdiyini diqqətə çatdıraraq bildirib ki, “hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq.”
Bəli, cənab prezidentin vurğuladığı kimi, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Məhz neft və qaz strategiyası Azərbaycanın iqtisadi dirçəlişinə şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldildi. Bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri yenidən gündəmə gətirən prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələrin Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırıldığını, Azərbaycan qazını alan 16 ölkədən 10-unun Avropa İttifaqına üzv olan ölkələr olduğunu vurğulayaraq bildirib ki, “Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.”
Dövlət başçısının Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində cıxışının mühüm məqamlarından biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirib ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əhəmiyyətindən də bəhs edib. Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə enerji sahəsində qazandığı uğurların ümumiləşdirilməsi olmaqla yanaşı, ölkənin gələcək enerji strategiyasının əsas konturlarını da ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır.

Tacəddin Aslanov
"Şimal-Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin
Zaqatala Elektrik Şəbəkəsinin rəisi

27/05/2026

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident öz çıxışında 2004-cü ildən başlanan Regional İnkişaf proqramlarının tarixi bəhrələrini xatırladaraq kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Son 20 ildə aqrar sahənin inkişafı üçün yaradılmış fundamental şəraiti diqqətə çatdıran prezident İlham Əliyev bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, pambıqçılıq, baramaçılıq və bir çox istiqa¬mətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olduğunu diqqətə çatdırıb. Ancaq buna baxmayaraq, kənd təsərrüfatı istehsalındakı cari dinamikanın qənaətbəxş olmadığını vurğulayan dövlət başçısı bu sahənin köklü şəkildə yenidən qurulması üçün hökumət və fermerlər qarşısında mühüm vəzifələr qoyub.
Müşavirədə şəhərlərdən kəndlərə qayıdış prosesinin başlanmasının vacibliyini qeyd edən prezident İlham Əliyev bu amilin - Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapdığını və bunun təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyil olduğunu bildirib.
Azərbaycanın daxili bazarı yerli məhsullarla təmin etmək imkanlarının genişləndirilməsi müşavirənin ana xəttini təşkil edib. İstehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmləri açıqlayan Prezident İlham Əliyev bildirib ki, “Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.”
Müşavirədə cənab prezident tor¬¬paq¬lardan səmərəli istifadə olunmasının, hər bir əkin üçün yararlı torpaq sa¬həsinin öz pasportu olmasını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə is¬teh¬salının artırılmasının zəruriliyini də diq¬qətə çat¬dırıb. Dövlətimizin başçısı iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb.
Müasir suvarma sistemlərinin genişləndirilməsinin məhsuldarlığın artırılmasında həlledici olacağını qeyd edən prezident İlham Əliyev bildirib ki, “Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, -130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.”
Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin və digər qurumla¬rın fəal işləməsinin zəruriliyini də qeyd edib.
Müşavirənin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Genişmiqyaslı dəyişiklikləri hədəfləyən bu proqram özəl sektorun aqrar sahəyə marağını daha da artıracaq. Bununla yanaşı sahə üzrə istehsalın ixtisaslaşmasını və rəqabətə davamlılığını təmin edəcək.
Dövlət başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe, tənqidi və real yanaşma, eləcə də qarşıya qoyulan aydın vəzifələr yaxın illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına, modern və rəqəmsal kənd təsərrüfatının formalaşmasına rəvac verəcəkdir.

Vaqif Şabanov
Zaqatala DAİM direktoru

25/05/2026

28 may 1918-ci ildə Azərbaycan xalqı öz tarixi taleyinə sahib çıxaraq, Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını-Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla xalqımızın müstəqillik əzmini, siyasi iradəsini, öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan vətəndaşlığı institutu təsis olundu, Milli Ordu formalaşdırıldı, dövlətin hüquqi əsasları yaradıldı. Eyni zamanda irqi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanındı. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli olduğunu bir daha göstərdi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Daxili qarşıdurmaların, dərin siyasi böhranın və torpaqlarımızın işğal təhlükəsinin p*k həddə çatdığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu tarixi qayıdış dövlət müstəqilliyimizin əbədiliyini təmin etdi və müasir Azərbaycanın inkişafının, həmçinin torpaqlarımızın işğaldan azad olunmasının təməlini qoydu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Milli müstəqillik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir mərhələyə qədəm qoymuş, həyata keçirilən sistemli islahatlar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş torpaqlarda azadlıq və suverenliyin simvolu kimi dalğalanır. Bu, yalnız hərbi-siyasi qələbənin yox, həm də dövlətçilik əmanətinə sadiqliyin göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə sadiqliyinin mühüm göstəricilərindən biri də 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsidir. Bu tarixi sənədin rəmzi olaraq əbədiləşdirilməsi Prezident İlham Əliyevin milli yaddaşın formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm parçasıdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun sübutudur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Yaşasın güclü, müstəqil Azərbaycan!

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru

22/05/2026

Son illərdə ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası–WUF13 bunun ən parlaq nümunələrindən biri oldu. Şəhərsalma, dayanıqlı inkişaf və müasir infrastruktur sahəsində fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyan bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin uğurlu siyasətinin və beynəlxalq səviyyədə qazandığı hörmətin göstəricisidir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində çıxış edən prezident İlham Əliyev ölkəmizin inkişaf strategiyası və şəhərsalma siyasəti haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı COP29-dan sonra Azərbaycanda keçirilmiş ikinci ən böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsinin COP29 qədər uğurlu olacağına ümid etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq bu harmoniyanın ölkənin memarlığında, şəhərsalma ənənələrində də öz əksini tapdığını, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında vəhdətin mövcud olduğunu bildirdi. Ölkənin bir çox qədim şəhər və rayonlarının da zəngin memarlıq abidələri ilə qürur duya biləcəyini xüsusi vurğulayan dövlətimizin başçısı bildirdi ki, “Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.”
Bəli, cənab prezidentin qeyd etdiyi kimi, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır.
Prezidentin çıxışının ən vacib istiqamətlərindən biri də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan analoqsuz yenidənqurma işlərinin dünyaya təqdim edilməsi oldu.
Açılış mərasimində dövlətimizin başçısı ətraf mühit sahəsində görülən işlərə diqqəti yönəldərək Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrindən bəhs etdi.
Bəli, tarixi olaraq neft sənayesinin mərkəzi olmuş Bakı uzun illər ekoloji problemlərlə üz-üzə qalıb. Lakin son onilliklərdə həyata keçirilən siyasət nəticəsində çirklənmiş sənaye zonalarının müasir yaşayış və istirahət məkanlarına çevrilməsi, Qara şəhərin Ağ şəhərə transformasiyası Azərbaycanın ekoloji bərpa sahəsində əldə etdiyi uğurları nümayiş etdirir. Azərbaycanın bir çox bölgələrində sürətlə həyata keçirilən şəhərsalma layihələri, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, yeni şəhər və kənd konsepsiyalarının tətbiqi göstərir ki, Azərbaycan bütün ölkə miqyasında vahid inkişaf modelini həyata keçirir. Azərbaycanın məqsədi müasir və təhlükəsiz şəhərlər yaratmaqdır. Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız öz şəhərlərini deyil, həm də qlobal urbanizasiya gündəliyini formalaşdıran ölkələr sırasında yer almaqdadır.

Zaqatala RİH Başçının müavini,
Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri
şöbəsinin müdiri

21/05/2026
18/05/2026

Zaqatalada Əfzələddin Xaqaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Zaqatala rayon MKS-nin 1 nömrəli Yuxarı Tala kənd kitabxanasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, filosof və nasir Xəqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəblilərin iştirak etdiyi tədbirdə kitabxana əməkdaşı şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra söz məktəblilərə verilib. Onlar Xaqani Şirvaninin “Gənclərə nəsihət”, “Günəşə xitab”, “Savalan dağının tərifi” və “Həbsiyyə” əsərlərindən parçalar səsləndiriblər.

07/05/2026

Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulan İtaliya-Azərbaycan münasibətləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi sayəsində daha da dərinləşərək çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, humanitar və mədəni sahələrdə də faydalı əməkdaşlıq mühiti yaradılıb.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Prezident İlham Əliyev səfərin yekunu ilə bağlı mətbuata bəyanatında Azərbaycan–İtaliya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, bu münasibətlərin uzunmüddətli sabitlik və qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib. Ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirən Prezident İlham Əliyev keçən il bizim ticarət dövriyyəmizin təxminən 12 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
İki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən birinin energetika sahəsində tərəfdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, “Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir və bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir və bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq.”
Prezident İlham Əliyevin bəyanatında diqqətçəkən məqamlardan biri də iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində atılan addımlardır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bir çox layihələr həyata keçirir.
Bəli, İtaliya-Azərbaycan münasibətləri yeni sahələri də əhatə edir. Hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətləri inkişaf etdirilir. Bununla yanaşı, tərəflər arasında mədəni-humanitar əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Təhsil sahəsində isə İtaliya Azərbaycan Universiteti iki ölkə arasında insan kapitalı və bilik əlaqələrini daha da gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Keçən il böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti Bakıda açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri olacaq, töhfəsi olacaq.”
Beləliklə, Azərbaycan-İtaliya münasibətlərinin gələcək inkişafına yeni təkan verəcək mühüm hadisə kimi tarixə düşən bu səfər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri

01/05/2026

Azərbaycanda idmanın inkişafı hər zaman dövlətin siyasətinin prioritet istiqamətlərindən olub. Məhz dövlətin diqqət və qayğısı sayəsində bu inkişaf modeli institusional xarakter alıb. Azərbaycanın mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın əldə etdiyi uğurlar ölkəmizin bu sahədə formalaşdırdığı dövlət siyasətinin effektivliyini göstərir. Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında milli komandamızın birinci olması uzunmüddətli strateji yanaşmanın real nəticəsidir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüşdə çıxış edən dövlətimizin başçısı milli komandamızı qazandığı böyük qələbə münasibətilə təbrik edib.
Tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimizin də böyük nəticələr əldə etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur.”
Prezident İlham Əliyev federasiyanın fəaliyyətinə toxunaraq bu qurumun rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış idmançıların təmsil olunduğunu diqqətə çatdırıb. Nəsillərarası keçid məsələsinə xüsusi yer verən Prezident qeyd edib ki, nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişməz olaraq qalır.
Bununla yanaşı, bölgələrdə idmanın inkişafı məsələsinə də diqqət çəkən prezident İlham Əliyev ölkənin müxtəlif regionlarında yaradılmış Olimpiya idman kompleksləri və güləş zallarının gələcək uğurların əsasını təşkil edən mühüm amillər olduğunu bildirib.
Çıxışında tanınmış idmançıların daim cəmiyyətin diqqət mərkəzində olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir.” Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin dünya çempionatlarına nisbətən daha çox olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, “Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.”
Bəli, müasir dövrdə idman sahəsində rəqabət getdikcə güclənir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Avropa çempionatlarında bəzi hallarda qərəzli yanaşmalar müşahidə olunur. Bu reallıq Azərbaycan idmançıları üçün əlavə psixoloji və peşəkar hazırlıq tələb edir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycan idmanının keçdiyi yolun və qazandığı nüfuzun aydın ifadəsidir. İdman uğurları dövlətimizin ümumi inkişafının mühüm göstəricilərindən biridir. Əldə edilən hər bir nailiyyət xalqımızın gücünün və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

Səfər Şabanov
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun baş məsləhətçisi

Address

Zaqatala

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon MKS-nin Mosul kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category