Zaqatala rayon MKS-nin Lahıc kənd kitabxana filialı

Zaqatala rayon MKS-nin Lahıc kənd kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon MKS-nin Lahıc kənd kitabxana filialı, Library, Zaqatala.

23/02/2026
18/02/2026

Serbiya və Azərbaycan çox yaxın dost ölkələrdir. Yüksək səviyyədə inkişaf edən Azərbaycan-Serbiya əməkdaşlığı strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır.
Fevralın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycan və Serbiya arasında əməkdaşlığın strateji xarakter aldığını bir daha nümayiş etdirir. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib. Dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi məsələlərinin müzakirə olunduğu bu iclas ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bəyanatlarda səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini aydın şəkildə nümayiş etdirir.
Mühüm bəyanatla çıxış edən Prezident İlham Əliyev dəvətə görə Serbiya Prezidenti Aleksandr Vuçiçə təşəkkür edərək yenidən Serbiyada olmaqdan çox şad olduğunu bildirib və Dövlətçilik Günü münasibəti ilə Serbiya xalqını və prezidenti təbrik edib. Serbiya xalqının bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərdiyini, prezident Vuçiçin rəhbərliyi ilə Serbiyanın uğurla inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük hörmət qazandığını, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, “Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır.”
Prezident Vuçiçin Serbiya xalqına, dövlətinə və dövlət maraqlarına bağlı insan olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, “hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik.”
Gələcək üçün də açıq-aydın planlarımız olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, əsas məqsəd siyasi, iqtisadi və energetika sahəsində əlaqələri daha da möhkəmləndirmək, beynəlxalq platformalarda və təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdir. Bununla yanaşı birgə sərmayə layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat sahələrində yaranmış yeni imkanlardan səmərəli istifadə etməklə güclü və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq da qarşıya qoyulan əsas hədəflərdəndir.
Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu diqqətə çatdıran dövlətimizin başçısı energetika sahəsində ölkələrimiz arasındakı əməkdaşlığa toxunaraq qeyd edib ki, “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq.”
Bəli, ölkəmizdə çoxsaylı bərpaolunan enerji stansiyalarının tikintisi davam edir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır, strateji tərəfdaşlıq daha da güclənir. Bu səfər Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiya mərhələsinə keçidini nümayiş etdirir və Azərbaycanın aktiv diplomatiyasının növbəti uğur səhifəsi kimi tarixə düşür.

Rasim Musayev
RİHBA-nın Sənədlərlə və vəndaşların
müraciətləri ilə iş sektorunun məsləhətçisi.

16/02/2026

Hazırda bütün dünya dövlətləri texnoloji və rəqəmsal inkişafa xüsusi önəm verir. Çünki, müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Bu reallıq fonunda Azərbaycanda son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atılmış və ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilmişdir. Fevralın 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi də dövlətin bu sahənin inkişafına göstərdiyi iradənin ifadəsidir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirədə dövlətimizin başçısı çıxış edərək ilk növbədə rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirəsinə geniş yer ayırıb. Prezident İlham Əliyev süni intellektin tətbiqinin, data mərkəzlərinin yaradılmasının, rəqəmsallaşma ilə bağlı islahatların faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən etdiyini vurğulayaraq bildirib ki, “Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.
Bəli, Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf yolundadır. Bu, bir faktdır ki, ölkəmiz dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır. Azərbaycanın transmilli böyük şirkətlərlə iş təcrübəsi bir çox sahələrdə böyük üstünlüklər qazandırır. Bu üstünlüklərdən biri də coğrafi vəziyyətimizdir. Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir.
Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə son 20 ildə Azərbaycanın generasiya gücünün iki dəfəyə yaxın artaraq 10 min meqavata çatdığını və hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüzün mövcud olduğunu vurğulayıb.
Bəli, bu göstərici region üçün nadir üstünlükdür, üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir. Bu gün ölkəmiz özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik.
Dünyanın aparıcı dövlətlərindən olan ABŞ və Çin ilə genişlənən əlaqələrə toxunan Cənab prezident bildirib ki, “biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni bu, bizim üstünlüyümüzdür.”
Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm tapşırıqlar verib. Dövlət qurumlarına dövlət xidmətlərinin vahid mərkəzdən-yəni, “mygov” üzərindən həyata keçirilməsini tapşıran dövlətimizin başçısı bildirib ki, “Hər kəs bunu bilməlidir-həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.”
Prezident İlham Əliyev müşavirədə kadr hazırlığı ilə bağlı son vaxtlar müəyyən işlər görüldüyünü diqqətə çatdıraraq bildirib ki, “Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.”
Cənab Prezident həmçinin bildirib ki, “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir”.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı dövlətimizin bu istiqaməti inkişaf hədəfi kimi seçdiyini bir daha sübut edir.

Anar Mustafayev
RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun müdiri

12/02/2026

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edib. ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu nümayiş etdirən bu səfər Vaşinqton–Bakı münasibətlərinin dinamikasında yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisədir.
Dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq hər bir ölkə üçün xüsusi önəm daşıyır. Belə bir tərəfdaşlıq həm böyük məsuliyyət, həm də böyük şərəfdir. Bu əməkdaşlıq sabitlik, rifah və davamlı inkişaf naminə atılan mühüm addımdır.
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edərək Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlığını bildirən prezident İlham Əliyev Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürü olduğunu qeyd edib.
“Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.”- söyləyən dövlətimizin başçısı ötən ilin avqustunda Ermənistan və Azərbaycanın Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanmasından və Prezident Trampın, həmçinin şahid kimi Sülh haqqında Birgə Bəyannaməni imzalamasından sonra artıq altı aydır ki, sülh şəraitində yaşadığını və sülh içində yaşamağı öyrəndiyini xüsusi minnətdarlıqla bəyan edib.
Dövlətimizin başçısı bəyanatında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) strateji əhəmiyyətinə xüsusi toxunub. Həmin marşurutun nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi kimi gələcəkdə fəaliyyət göstərəcəyini söyləyən Prezident İlham Əliyev bildirib ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.
Bəli, bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Vitse-prezident Vensin ölkəmizə səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə heyətinin altı aylıq gərgin işinin və səylərinin nəticəsi, iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının tarixi təsdiqidir. Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, real layihələr və konkret istiqamətlər üzrə fəaliyyət proqramıdır. 4 bölümdən ibarət olan Xartiyada strateji əməkdaşlığın prioritet istiqamətləri öz əksini tapıb. Eyni zamanda ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi bir daha təsdiqlənib.
Ümumilikdə, Amerika Birləşmiş Ştatlarının Vitse-Prezidentinin Azərbaycana səfəri Bakının artan beynəlxalq çəkisinin və çoxvektorlu xarici siyasət kursunun praktik nəticəsi kimi qiymətləndirilə bilər.

Ceyhun Hüseynov
Zaqatala RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi.

06/02/2026

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh və həmrəylik prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ali mükafata layiq görülməsi təsadüfi hadisə deyil, əksinə, illərdir aparılan strateji və qətiyyətli siyasətin məntiqi yekunudur, eyni zamanda, sülhün, humanizmin və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsinin ifadəsidir.
Dünyanın müxtəlif nöqtələrində davam edən qanlı toqquşmalar fonunda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması sivilizasiyalararası dialoqun mümkünlüyünü nümayiş etdirən parlaq nümunədir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan tərəfi hər zaman ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən sülh sazişinin imzalanmasının tərəfdarı olub.
Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu. Dövlətimizin başçısı mərasimdəki çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini, Şeyx Məhəmmədin atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirdiyini qeyd edib. Prezident İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirilib. Dövlətimizin başçısının çıxışında əsas mesaj bu olub ki, “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.”
Bəli, dövlətimiz tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin beynəlxalq münasibətlər sistemində sülh yaradan və əməkdaşlığa açıq dövlət modelini uğurla həyata keçirir.

Rauf Seyidəhmədov
Zaqatala RİHBA-nın Hüquq və kadr
məsələləri sektorunun məsləhətçisi

02/02/2026

Gənclər mənsub olduğu cəmiyyətin aparıcı qüvvəsi, xalqın, millətin, dövlətin etibarlı gələcəyidir. Fiziki və mənəvi cəhətdən sağlam, inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan potensial qüvvədir.
Bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir, dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan gənclərinin günümüzün müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində yer verib. 1997-ci il fevralın 2-də məhz ümummilli liderin imzaladığı fərmana əsasən fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. Həmin vaxtdan etibarən gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.
Müasir dövrümüzdə ölkəmizdə dövlət gənclər siyasəti prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Gənclərə ən yüksək diqqət və qayğı göstərilir, gənclərimiz cəmiyyətin ən dinamik zümrəsi olmaqla Vətənin inkişafı üçün daha səylə çalışır, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanır və tarixi nailiyyətlər qazanırlar. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə gənclərin rifahına xidmət edən Dövlət Proqramları təsdiq etmiş, ölkə başçısının Sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olunmuşdur. Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis olunması, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsinin təsis edilməsi gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət Proqramlarının icrası nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan regional və beynəlxalq tədbirlərdə iştirakı təmin edilmişdir.
Bəli, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əksəriyyəti gənclərdən təşkil olunmuş Azərbaycan ordusunun qazandığı tarixi qələbə bunun ən bariz nümunələrindən biridir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Azərbaycan idmançıları dövlət başçımızın onlara göstərdiyi bu diqqətə beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaqla etimadı doğruldurlar. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmışlar ki, bunun da 600-dən çoxu qızıl medal olub. Bu ötən illərin ən böyük rekord göstəricisidir.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da misilsiz töhfəsi vardır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu minlərlə müxtəlif təyinatlı layihələri icra edir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir.
2025-ci ildə ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunmuş, təşkil olunmuş düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlar çərçivəsində iştirak etmiş 10000-dən artıq gəncin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği, Qarabağ zəfərinin önəmi və əhəmiyyəti, milli-mənəvi dəyərlər və vətənpərvərlik anlayışları üzrə bilikləri sistemli şəkildə gücləndirilmişdir.
İl ərzində dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər, elmi və tədqiqat sahəsində gənclərin inkişafı məqsədilə konfranslar, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı maarifləndirici və intellektual tədbirlər, Zəfərin 5-ci ildönümünə həsr olunmuş düşərgələr, oyunlar və maarifləndirici tədbirlər, gənclərin sosial inkişafı, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği və inklüzivliyi istiqamətində müxtəlif təlim proqramları və mübadilə layihələri, gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə və olimpiadalar təşkil edilmiş, bu proqramlara minlərlə gənc cəlb olunmuşdur.
2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İƏT, D-8, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli formatlar çərçivəsində 20-dən çox beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramı təşkil edilmiş və ya onlarda iştirak təmin olunmuşdur. Bu fəaliyyətlər Avropa, Asiya və Afrika məkanını olmaqla təxminən 25-dən çox ölkəni əhatə etmişdir. İl ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi və aidiyyəti qurumların iştirakı ilə Azərbaycan gənclərinin 50-dən çox beynəlxalq tədbirlərdə təmsilçiliyi təmin edilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan 30-dan artıq ölkədə təmsil olunmuşdur.
Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində Bakı şəhərində AQEM Gənclər Şurasının 8-ci iclası, AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu, “AQEM gənclərinin beyinfırtınası” interaktiv yarışması keçirilmiş, 19 ölkədən 110 nümayəndə iştirak etmişdir.
2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin intellektual, yaradıcılıq və asudə vaxtının səmərəli təşkili məqsədilə “Breyn Rinq” intellektual oyunu, “Standup Gənc Liqa” televiziya yarışması keçirilmiş, “ŞənGənc” televiziya layihəsinin 2-ci mövsümü uğurla yekunlaşdırılmışdır. Bütün bunlar ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Bəli, indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Əminəm ki, Vətəninə sonsuz sevgi ilə bağlı olan və cəmiyyət həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən gənclərimiz hər zaman ölkəmizin adını yüksəklərə qaldıraraq Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəklər.
Bir daha bayramınız mübarək əziz gənclər!

Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri

21/01/2026

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə yerləşdirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək dinc əhali müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən şəhərə yeridilib. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi, xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatdı. 20 Yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin başında duranların da iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu.
Lakin, faciənin ertəsi günü, yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə oldu, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətini verdi. Ümummilli Lider Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı–Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin qəbul etdiyi Qərarda, 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Ümummilli Liderin Sərəncamına əsasən Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı.
Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi Məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir. Eyni zamanda Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki, son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atan, beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayan ölkəmizin bütün ərazilərində Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Elmira Hacıyeva
Rayon ziyalısı, Əməkdar müəllin,

11/12/2025
11/12/2025

Address

Zaqatala

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon MKS-nin Lahıc kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category