18/11/2025
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) geniş müsahibə verib. Müsahibəsində Azərbaycanın regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini söyləyən Prezident İlham Əliyev əsrlər boyu bir-birinə dərin rəğbət və hörmət bəsləyən Özbəkistan-Azərbaycan xalqlarının dövlətlərarası münasibətlərinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini və müttəfiqlik səviyyəsində olduğunu bildirib. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amilin Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə arasında yaranan şəxsi etimad və dostluq münasibətləri olduğunu qeyd edən dövlətimizin başçısı Prezidentin dövlətlərarası münasibətlərin inkişafına şəxsi töhfəsini və onun çoxşaxəli əməkdaşlığın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulayıb.
Bəli, Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyən Özbəkistanın xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Azərbaycanın qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, “Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.”
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir.”
Bəli, son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq enerji sektorunda da genişlənir. Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır.
Mədəni və humanitar əməkdaşlığın ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayan prezident İlham Əliyev bildirib ki, “Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk.”
Media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlığın da məhsuldar inkişaf etdiyini diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, “Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.”
Dövlətimizin başçısının müsahibəsində vurğulanan məsələlər Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını, bu əməkdaşlığın yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun inkişafı, sabitliyi və rifahı üçün böyük strateji əhəmiyyət kəsb etdiyini açıq şəkildə nümayiş etdirir.
Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri