Xırdalan şəhər 10 nömrəli tam orta məktəb

Xırdalan şəhər 10 nömrəli tam orta məktəb Abşeron-Xızı Regional Təhsil İdarəsi
Abşeron rayonu
Xırdalan şəhər
10 nömrəli tam orta ümumtəhsil məktəbi

31/03/2026

Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunan, xalqımızın tarixi yaddaşında dərin iz buraxmış faciələrin anım günüdür. Bu gün 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla təsdiqlənmişdir. Həmin sənəd Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımı və etnik təmizləmə siyasətinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tarixi mənbələr göstərir ki, azərbaycanlılara qarşı yönəlmiş zorakılıq və qırğınlar uzun illər davam edən məqsədyönlü siyasətin nəticəsi olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması, onların yaşadıqları ərazilərə kənardan erməni əhalisinin köçürülməsi bu siyasətin əsas istiqamətlərindən biri olmuşdur. Bu proses sonrakı dövrlərdə daha da dərinləşərək 1905-1907-ci illər hadisələri, 1918-ci ilin mart-aprel qırğınları, eləcə də sovet dövründə həyata keçirilən deportasiyalarla davam etmişdir.

Xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunur. Həmin dövrdə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən bolşevik-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Qısa müddət ərzində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, tarixi və mədəni abidələr məhv edilmişdir.

Bu qırğınlar yalnız Bakı ilə məhdudlaşmamış, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Salyan və digər bölgələri də əhatə etmişdir. Şamaxıda yüzlərlə kənd dağıdılmış, minlərlə insan xüsusi qəddarlıqla öldürülmüşdür. Tarixi araşdırmalara görə, təkcə Şamaxı qəzasında minlərlə dinc sakin, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilmişdir. Quba bölgəsində isə 2007-ci ildə aşkar edilmiş kütləvi məzarlıq bu faciələrin miqyasını bir daha sübut edən ən mühüm faktlardan biridir. Aparılan elmi-tibbi ekspertizalar həmin məzarlıqda tapılan insan qalıqlarının 1918-ci il soyqırımı qurbanlarına aid olduğunu təsdiqləmişdir.

Eyni zamanda, İrəvan quberniyasında və Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar nəticəsində yüz minlərlə insan ya qətlə yetirilmiş, ya da öz doğma torpaqlarından didərgin salınmışdır. 1918-1920-ci illər ərzində yüzlərlə kənd dağıdılmış, minlərlə ailə məhv edilmişdir. Bu hadisələr təkcə azərbaycanlılara deyil, bölgədə yaşayan digər xalqlara qarşı da yönəlmiş genişmiqyaslı zorakılıq aktları ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bu hadisələrə toxunaraq qeyd etmişdir ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları sistemli xarakter daşıyır və bu faktların dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifədir. Onun təşəbbüsü ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmış, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bununla yanaşı, 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzalanmış sərəncam bu hadisələrin daha geniş şəkildə tədqiqi və beynəlxalq aləmdə tanıdılması baxımından yeni mərhələnin başlanğıcı olmuşdur. Bu sərəncam çərçivəsində həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlər, konfranslar, sərgilər və elmi araşdırmalar həyata keçirilmişdir.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri tarixi həqiqətlərin təhrif olunmasının qarşısını almaq, real faktlara əsaslanaraq dünya ictimaiyyətini məlumatlandırmaq və soyqırımı qurbanlarının xatirəsini yaşatmaqdır. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaları, diaspor təşkilatları və beynəlxalq platformalarda fəaliyyət göstərən nümayəndələr bu istiqamətdə mühüm rol oynayırlar.

31 mart yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillərə tarixi yaddaşı ötürmək, milli kimliyi qorumaq və ədalətin bərpası uğrunda mübarizəni davam etdirmək günüdür. Bu faciələrin unudulmaması və düzgün qiymətləndirilməsi xalqımızın birliyinin, həmrəyliyinin və milli şüurunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rəna Bağırova
Vətən müharibəsi şəhidi Əli Ələkbərovun anası, Abşeron rayon sakini

GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN DƏYƏRLƏRİNİ QORU!Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi Xırdalan şə...
27/03/2026

GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN DƏYƏRLƏRİNİ QORU!

Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin əsas tərbiyə istiqamətlərindən biridir. Bu məqsədlə məktəbimizdə “Gələcək nəsillər üçün dəyərlərini qoru!” adlı layihəyə çərçivəsində məktəbdaxili Novruz şənliyi təşkil olundu.

Layihə çərçivəsində keçirilən “ Ənənələr tarixi” adlı tədbir şagirdlərimizdə böyük maraq və ruh yüksəkliyi yaratdı.

Bütün məktəb heyətinin, pedaqoji kollektivin və müxtəlif siniflər üzrə şagirdlərin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbirdə çıxış edən direktor Təranə Mustafayeva iştirakçıları təbrik edərək Novruz bayramının qədim köklərindən, xalqımızın əsrlər boyu yaşatdığı adət-ənənələrdən və milli dəyərlərimizdə tutduğu xüsusi yerdən bəhs etdi. Şagirdlər isə Novruzun rəmzləri, dörd çərşənbənin mənası və bayram süfrəsinin atributları barədə maraqlı çıxışlar edərək öz bilik və düşüncələrini bölüşdülər.

Belə tədbirlər şagirdlərdə milli kimlik hissinin güclənməsinə, qədim tariximizin daha dərindən öyrənilməsinə və yaradıcı düşüncənin inkişafına mühüm töhfə verir. Layihə çərçivəsində gələcəkdə də milli-mənəvi dəyərlərimizi təbliğ edən müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.
Dəyərlərimizi yaşatmaq və qorumaq hər birimizin borcudur. Bu dəyərlər bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir.


REPRODUKTİV SAĞLAMLIQ HAQQINDA MƏŞĞƏLƏLƏR KEÇİRİLDİ...Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya...
19/03/2026

REPRODUKTİV SAĞLAMLIQ HAQQINDA MƏŞĞƏLƏLƏR KEÇİRİLDİ...

Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya fənn müəllimi Günay Həsənovanın təşkilatçılığı ilə 8-ci siniflərdə “Zərərli vərdişlər: alkoqolizm və narkomaniya” mövzusunda keçirilən tədbirdə bu vərdişlərin insan sağlamlığına, xüsusilə reproduktiv sağlamlığa vurduğu ciddi zərərlər diqqətə çatdırılmışdır. Şagirdlərə sağlam gələcək üçün düzgün seçimlərin vacibliyi aşılanmışdır.

Məqsədimiz gənc nəslin sağlam, məlumatlı və məsuliyyətli formalaşmasına dəstək olmaqdır.

Reproduktiv sağlamlıq və sağlam həyat tərzi məktəblilər arasında maarifləndirmə işinin vacib istiqamətlərindən biridir. ...
19/03/2026

Reproduktiv sağlamlıq və sağlam həyat tərzi məktəblilər arasında maarifləndirmə işinin vacib istiqamətlərindən biridir. Bu məqsədlə məktəbdə müxtəlif siniflər üzrə maarifləndirici görüşlər təşkil olunmuşdur.

Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya fənn müəllimi Vüsalə Quliyevanın təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında oğlanlar və qızlar ayrı-ayrılıqda keçirilən “Yeniyetmələrin sirləri” mövzusunda görüşdə yeniyetməlik dövrünün psixoloji və fizioloji xüsusiyyətləri, sağlam münasibətlərin qurulması və düzgün qərarvermə bacarıqları müzakirə olunmuşdur.

Şagirdlərə bu həssas dövrdə özlərini qorumağın və sağlam həyat tərzi seçməyin əhəmiyyəti izah edilmişdir.



Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində 18 mart 2026-cı il tarixində valideyn məmnuniyyəti sorğusunun n...
18/03/2026

Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində 18 mart 2026-cı il tarixində valideyn məmnuniyyəti sorğusunun nəticələrinə əsasən valideynlər üçün maarifləndirici seminarlar təşkil olundu.

Məktəbin direktoru Təranə Mustafayeva tərəfindən seminarlarda məktəbin idarəetmə və rəhbərlik prinsipləri və valideyn etimadının gücləndirilməsi məsələləri müzakirə edildi. Eyni zamanda, məsuliyyətli və güvənli idarəetmə mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbir çərçivəsində öyrətmə və öyrənmənin keyfiyyətinin artırılması, təhsildə real nəticələrə yönəlmiş yanaşmanın tətbiqi və “məktəb–valideyn əməkdaşlığı”nın şagird uğurundakı rolu geniş şəkildə izah olundu.

Seminarlarda həmçinin ümumi məmnunluğun artırılması, məktəbin müsbət imicinin formalaşdırılması və əldə olunan uğurların valideynlərlə paylaşılmasının vacibliyi vurğulandı.

Keçirilən seminarlar valideynlərin maarifləndirilməsi, məktəb-valideyn əməkdaşlığının daha da gücləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik r...
18/03/2026

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun şagirdlər arasında təbliği məqsədilə silsilə tədbirlər davam edir.

Təlimata uyğun olaraq müxtəlif siniflərdə şagirdlərin oxuduqları bədii əsərlərin və izlədikləri filmlərin geniş təhlili təşkil olunub. Keçirilən müzakirələr zamanı şagirdlər əsərlərdə əks olunan milli dəyərlər, vətən sevgisi, qəhrəmanlıq və mənəvi irs mövzularına öz baxışlarını ifadə ediblər.

Bu cür tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasına, milli kimliyə bağlılığının güclənməsinə və vətənə sevgi ruhunda tərbiyəsinə mühüm töhfə verir.

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə əlaqədar olaraq Xırdalan şəhər ...
18/03/2026

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə əlaqədar olaraq Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində şəhidlərin əziz xatirəsi yad edilib.

Məktəb rəhbərliyi tərəfindən Novruz bayramı münasibətilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Məmişli Sahil Ağakişi oğlunun ailəsi ziyarət olunub.

Şəhidlərin xatirəsinin əziz tutulması, həm də ailələrinə diqqət və qayğının göstərilməsi məqsədilə bu kimi görüşlər növbəti günlərdə də mütəmadi şəkildə təşkil olunacaq.


“MİLLİ SƏNƏT XƏZİNƏMİZ”  adlı Novruz şənliyi keçirildi...17 mart 2026 - cı il tarixində Abşeron Rayon İcra Hakimiyyətini...
18/03/2026

“MİLLİ SƏNƏT XƏZİNƏMİZ” adlı Novruz şənliyi keçirildi...

17 mart 2026 - cı il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Məmmədli kəndi ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Novruz bayramı qeyd edilib.

Azərbaycan xalqının tarixlərdən süzülüb gələn milli adət-ənənələrini özündə yaşadan “Milli sənət xəzinəmiz” adlı bayram şənliyində Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəb kollektivi də iştirak edib.

Dəyərlərimizi yaşatmaq və qorumaq hər birimizin borcudur. Bu dəyərlər bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir.

Torpaq çərşənbəsi ölkəmizə əmin - amanlıq, süfrələrimizə bol ruzi - bərəkət gətirsin.

NÜVƏ TƏHLÜKƏSİZLİYİ...Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin “Nüvə və digər kütləvi qırğ...
16/03/2026

NÜVƏ TƏHLÜKƏSİZLİYİ...

Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması, əhalinin mühafizəsi, profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq maarifləndirici dərslər təşkil olunub.

Məktəbin hərbi rəhbəri Yadulla İmanov tərəfindən müxtəlif siniflər üzrə keçirilən dərslərdə şagirdlərə nüvə təhlükəsizliyi, fövqəladə hallarda davranış qaydaları, kollektiv mühafizə qurğularından düzgün istifadə və onların daim istifadəyə hazır vəziyyətdə saxlanılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Dərslər zamanı şagirdlərin təhlükəsizlik qaydaları barədə biliklərinin artırılması, mümkün təhlükə zamanı düzgün və operativ davranış bacarıqlarının formalaşdırılması məqsədilə izahlar aparılıb və maarifləndirici tövsiyələr verilib.








NÜVƏ TƏHLÜKƏSİZLİYİ...Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Nüvə və digər kütləvi qırğın silahının m...
16/03/2026

NÜVƏ TƏHLÜKƏSİZLİYİ...

Xırdalan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək şərait üzrə qiymətləndirmənin aparılması və zərərin minimallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusu çərçivəsində maarifləndirici dərslər təşkil olunmuşdur.

Məktəbin müəllimi Günay Həsənova tərəfindən keçirilən dərsdə şagirdlərə radiasiya, kimyəvi və bioloji çirklənmə ilə bağlı yarana biləcək mümkün vəziyyətlər, belə hallarda təhlükəsizlik qaydaları, zərərin minimum həddə endirilməsi və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.

Dərs zamanı şagirdlərin fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması, təhlükənin qiymətləndirilməsi və təhlükəsizlik qaydalarına əməl olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.








16/03/2026

Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı

İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Dövlət başçısı bildirib ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində əsas prioritetə çevrilməlidir. Onun sözlərinə görə, bu amillər olmadan digər inkişaf istiqamətləri əhəmiyyətini itirir, çünki son illərdə uzun müddət sabit inkişaf yolu keçmiş dövlətlər belə ciddi risklərlə üzləşirlər.

Prezident qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələ olub. İşğal dövründə ölkənin əsas məqsədi sülhün təmin edilməsi və suverenliyin bərpası idi. Bu proses uzun illər davam etsə də, nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və hazırda regionda yeni mərhələ başlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu, güclü siyasi iradə, cəsarət və ardıcıl siyasətin nəticəsidir. Prezident xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində təmin edilib.

Dövlət başçısı bildirib ki, Azərbaycan işğal altında qalmış ərazilərini güc yolu ilə azad edib, lakin sülhə siyasi yollarla nail olub. Onun sözlərinə görə, bu, müasir tarixdə nadir nümunələrdən biridir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında qalıb, milyonlarla insan etnik təmizləməyə məruz qalıb. Bu müddətdə beynəlxalq ictimaiyyət tərəfindən münaqişəyə lazımi səviyyədə diqqət yetirilməyib və bəzi beynəlxalq aktorların selektiv yanaşması problemin uzun illər həll olunmadan qalmasına səbəb olub. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri illərlə icra olunmayıb.

Prezident İlham Əliyev çıxışında 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsinin nəticələrinə də toxunaraq bildirib ki, sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduqda gücdən istifadə qaçılmaz idi. Azərbaycan əvvəlcə hərbi yolla öz torpaqlarını azad edib, daha sonra siyasi dialoq vasitəsilə sülh prosesinə nail olub. Prezident bunu müasir tarixdə nadir təcrübə kimi qiymətləndirib və qeyd edib ki, bu proses suverenliyin bərpası ilə yanaşı regionda yeni siyasi reallıqlar yaradıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması da mühüm tarixi mərhələdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasına qədər iki ildən də az vaxt keçib və bu, normallaşma prosesinin olduqca sürətli getdiyini göstərir. Prezident bildirib ki, hazırda sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Azərbaycanın məqsədi isə uzunmüddətli deyil, davamlı və möhkəm sülhün təmin edilməsidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhün yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb və ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir və ölkə regionda sabitliyin möhkəmlənməsinə töhfə vermək niyyətindədir.

Prezident çıxışında vasitəçilik institutunun fəaliyyətinə də toxunaraq bildirib ki, uzun illər münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib. Onun sözlərinə görə, vasitəçilərin əsas məqsədi münaqişəni həll etməkdən daha çox onu dondurmaq və uzun müddət davam etdirmək olub.

Dövlət başçısı müasir dünyada enerji təhlükəsizliyinin də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji bazarında baş verən dəyişikliklər qlobal iqtisadiyyat üçün ciddi təsir yaradır və tarazlı enerji siyasəti böyük əhəmiyyət daşıyır. Prezident qeyd edib ki, Azərbaycan bütün enerji seqmentlərində – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahəsində istehsal və ixrac imkanlarına malikdir. Son bir ildə Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib və onların hamısı qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstəriciyə görə Azərbaycan coğrafi əhatə baxımından dünyada ən geniş qaz təchizat şəbəkəsinə malik ölkələrdən biridir.

Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da diqqət çəkib. O bildirib ki, münaqişələr və geosiyasi gərginliklər bir çox ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, qlobal tədarük zəncirləri üçün ciddi problemlər yaradır. Azərbaycan isə enerji sektorundan əldə olunan gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkə həm Şərq–Qərb nəqliyyat dəhlizi, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə mühüm tərəfdaş kimi çıxış edir və hər iki marşrut üzrə infrastruktur layihələri artıq tam şəkildə tamamlanıb.

Prezident bildirib ki, Ermənistanla sülh əldə edildikdən sonra regionda yeni nəqliyyat imkanları yaranır. Bu çərçivədə Orta Dəhlizin yeni istiqaməti üzərində iş aparılır və bu marşrut Ermənistan ərazisindən keçəcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında davamlı nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident vurğulayıb ki, bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

16/03/2026

Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ

İlham Əliyev 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat bəyanatında Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı mərhələsi, enerji əməkdaşlığı, iqtisadi əlaqələr və regionda formalaşan yeni geosiyasi reallıqlar geniş şəkildə müzakirə olunub. Dövlət başçısı bildirib ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir və son illərdə tərəflər arasında dialoq daha da intensivləşib.

Prezident qeyd edib ki, Avropa İttifaqı rəsmilərinin Azərbaycana mütəmadi səfərləri əlaqələrin dinamik inkişafının göstəricisidir. Onun sözlərinə görə, ticarət münasibətləri də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu ilin yanvar ayının göstəricilərinə əsasən Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Dövlət başçısı vurğulayıb ki, ötən il bu göstərici nisbətən aşağı olsa da, ümumilikdə Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalır. O bildirib ki, qarşılıqlı investisiyalar və yeni iqtisadi layihələr bu əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq, həm Avropa şirkətlərinin Azərbaycana sərmayələri, həm də Azərbaycanın Avropa iqtisadiyyatına yatırdığı investisiyalar artacaq.

Dövlət başçısı çıxışında enerji əməkdaşlığının Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji sütunlarından biri olduğunu xüsusi vurğulayıb. O xatırladıb ki, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə əməkdaşlığı yeni mərhələyə çıxarıb. Prezidentin sözlərinə görə, həmin vaxtdan etibarən Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənib. Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı alır və ümumilikdə bu qazı idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təchizatı üzrə dünyada aparıcı ölkələrdən biri olduğunu göstərir və ölkənin bir çox dövlətlərin enerji təhlükəsizliyində rolunu daha da artırır.

Prezident İlham Əliyev bildirib ki, Avropa bazarı Azərbaycanın qaz ixracının əsas istiqamətlərindən biridir və böyük artım potensialına malikdir. O qeyd edib ki, bu ilin əvvəlində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında da bu məsələlər müzakirə olunub və Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Yeni yataqlardan hasilata başlanılması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazın bazara çıxarılması gözlənilir.

Dövlət başçısı enerji əməkdaşlığının yalnız ənənəvi karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını, bərpaolunan enerji sahəsində də böyük perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycan külək, Günəş və su elektrik enerjisi sahələrinə geniş investisiyalar yatırır və qarşıdakı beş-altı il ərzində ixrac üçün 6–8 giqavat həcmində bərpaolunan enerji potensialının formalaşdırılması planlaşdırılır. Onun sözlərinə görə, bu istiqamətdə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dənizaltı kabellər və enerji infrastrukturunun digər mühüm komponentləri üzərində iş aparılır. Prezident qeyd edib ki, ölkədə il ərzində 300-dən çox günəşli günün olması, eləcə də əlverişli külək potensialı Azərbaycanın yaşıl enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir.

Prezident İlham Əliyev çıxışında regionda formalaşan yeni siyasi reallıqlara da toxunaraq bildirib ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, faktiki olaraq cəmi yeddi aydır sülh şəraitində yaşayır. Onun sözlərinə görə, Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanları yaradır və artıq bunun ilk nəticələri hiss olunmağa başlayıb. Dövlət başçısı qeyd edib ki, nəqliyyat və logistika məsələləri ikitərəfli gündəliyin mühüm hissəsinə çevrilib və Orta Dəhlizin genişlənməsi üçün yeni imkanlar yaranır.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan sülhün praktik müstəvidə möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana mühüm neft məhsullarının təchizatına başlanılıb, həmçinin digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana yönələn yüklərin tranziti üçün mövcud məhdudiyyətlər aradan qaldırılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə yalnız imzalanan sənədlər çərçivəsində deyil, real addımlarla sadiq olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev xatırladıb ki, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh razılaşmasının əldə olunmasına qədər iki ildən də az vaxt keçib. Onun sözlərinə görə, əgər tərəflər siyasi iradə nümayiş etdirərək sülhə sadiq qalarlarsa, bu, dövlətlər və xalqlar arasında barışığın ən yaxşı göstəricisi olacaq. Dövlət başçısı vurğulayıb ki, müharibənin nə olduğunu yaxşı bilən ölkə kimi Azərbaycan üçün sülh ən böyük dəyərdir və regionda sabitliyin möhkəmləndirilməsi bundan sonra da əsas prioritet olaraq qalacaq.

Elmar Abbasov
Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Address

Xırdalan şəhəri, Bakı-Sumqayıt Yolunun 7-ci Km-yi
Xirdalan
AZ0100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Xırdalan şəhər 10 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xırdalan şəhər 10 nömrəli tam orta məktəb:

Share

Category