23/05/2026
Görkəmli rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi keçirilib
Mayın 23-də Salyan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi keçirilib. Mərasimdə rəsmilər, rəssamlar, sənət adamları, ziyalılar, mərhum sənətkarın tələbələri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, rəssam İqdam Xanmirzəyev, veteran mədəniyyət işçisi Lətif Zərbəliyev, Əməkdar artist Rafiq Mirzə, şair-publisist Zabil Pərviz, veteran dövlət qulluqçusu Etibar Hüseynov, Salyan rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, tədqiqatçı Nadir Rüstəmov, mərhum sənətkarın tələbələri, rəssamlar Coşğun Məmmədov, Seymur Gözəlov, tarixçi-tədqiqatçı Sahib Həsənov, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov və digərləri rəssam İmanverdi Mustafayevin çoxşaxəli sənət dünyasından söhbət açıblar. Bildirilib ki, o, zəngin yaradıcılığı, rəng dünyası ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahib idi. İmanverdi Mustafayev çəkdiyi tablolara, süjetli kompozisiyalara xüsusi yanaşardı. Onun yaratdığı rəsm əsərlərində Vətənə, torpağa, xalqa bağlılıq, fırça ustasının tükənməz vətənpərvərliyindən xəbər verir. O da vurğulanıb ki, 90-cı illərin əvvəllərində ölkədə yaranan xaos dövründə İmanverdi Mustafayev Salyan Dövlət Rəsm Qalereyasına aid olan fondu qorumağa nail olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz onun qoruyub saxladığı əsərlərlə Salyan Dövlət Rəsm Qalereyası yenidən formalaşıb. Sonda mərhum rəssamın ailəsi adından çıxış edən Mirməmməd Mustafayev mərasim iştirakçılarına minnətdarlığını ifadə edib. Vida mərasimindən sonra mərhumun cənazəsi alqışlarla son mənzilə yola salınıb. O, Salyan şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, rəssam, heykəltaraş İmanverdi Mustafayev 13 noyabr 1955-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Uzun sürən xəstəlikdən sonra 22 may 2026-cı il tarixində 71 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!