Siyəzən RİHB-nın Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Siyəzən RİHB-nın Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyəzən RİHB-nın Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Government Organization, Siyəzən, Siyəzən.

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkənin sosial-iqt...
26/05/2026

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıdığını vurğulayaraq görülmüş işlərə və qarşıdakı dövr üçün müəyyən edilən prioritetlərə toxunub. Çıxışda kənd təsərrüfatının inkişafı, regionların dirçəldilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və investisiya mühitinin gücləndirilməsi əsas istiqamətlər kimi təqdim edilib.
Dövlət başçısı qeyd edib ki, hələ 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları ölkənin kənd təsərrüfatı potensialının formalaşmasında mühüm rol oynayıb. Bir neçə mərhələdə icra olunan proqramlar nəticəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yaşayış şəraiti yaxşılaşdırılıb və məşğulluq imkanları genişlənib.
Qazlaşdırma səviyyəsinin yüksək həddə çatdırılması, elektrik təchizatının tam təmin olunması, yeni avtomobil yollarının çəkilməsi, su anbarlarının və suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün əsas baza yaradıb.
Prezident çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafında subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və metodiki dəstək mühüm rol oynayır. Azərbaycanda tətbiq edilən subsidiya mexanizmlərinin genişliyi fermerlərin fəaliyyətini stimullaşdıran əsas amillərdən biridir.
Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər istiqamətlər üzrə qəbul edilmiş dövlət proqramları nəticəsində məhsul istehsalında ciddi artım əldə olunub.
Müşavirədə kənd təsərrüfatının müxtəlif sahələri üzrə əldə olunan nəticələrə də toxunulub. Xüsusilə pambıqçılıq sahəsində istehsalın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı qeyd edilib. Baramaçılığın və ipəkçiliyin yenidən canlandırılması istiqamətində görülən işlər də müsbət nəticələr verib.
Bununla yanaşı, dövlət başçısı son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan dinamikanın qənaətbəxş olmadığını vurğulayaraq yeni Dövlət Proqramının hazırlanmasının zəruriliyini qeyd edib.
Dünyada baş verən müharibələr, logistika problemləri, enerji böhranı və iqlim dəyişiklikləri ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Bu səbəbdən Azərbaycanın daxili istehsal imkanlarını genişləndirməsi və idxaldan asılılığı azaltması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Xüsusilə buğda, bitki yağları, süd və ət məhsulları üzrə özünütəminetmə göstəricilərinin artırılması qarşıya qoyulan əsas hədəflər sırasındadır. Eyni zamanda tərəvəz, meyvə, bostan məhsulları və bəzi digər istiqamətlər üzrə ixrac potensialının yüksək olduğu vurğulanıb.
Çıxışda diqqət çəkən əsas məqamlardan biri urbanizasiya prosesinə münasibət olub. Prezident bildirib ki, məqsəd kəndlərdən şəhərlərə axını azaltmaq və əksinə, şəhərlərdən kəndlərə qayıdış üçün əlverişli şərait yaratmaqdır.
Bunun üçün kəndlərdə müasir sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, xidmət sektorunun və məşğulluq imkanlarının genişləndirilməsi əsas şərt kimi göstərilib.
Yeni hazırlanacaq Dövlət Proqramının 2026–2030-cu illəri əhatə edəcəyi bildirilib.
Eyni zamanda dövlət və özəl sektorun birgə fəaliyyəti ilə kənd təsərrüfatına milyardlarla manat həcmində investisiyanın cəlb olunması planlaşdırılır.
Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafında, regionların dirçəldilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən biri olaraq qalır. Müşavirədə səsləndirilən hədəflər göstərir ki, qarşıdakı illərdə aqrar sektorun modernləşdirilməsi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetləri sırasında olacaq.

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötürQədim və zəng...
24/05/2026

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı. 15 oktyabr 2021-ci ilədək 28 may Respublika Günü kimi qeyd olunurdu, sonra bu ad dəyişdirilərək Müstəqillik Günü adlandırıldı.

Arıq 5 ildir ki, Azərbaycanda mayın 28-i Müstəqillik Günü kimi qeyd edilir. Bununla bağlı Milli Məclisdə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm Zəfərin, suverenlik və ərazi bütövlüyünün tam təmin edilməsi uğurlarının fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi və sairə bu kimi digər məsələlərdir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha yüksək rifahına aparır.Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 1 may 2018-ci il tarixli qanunu ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) "yubiley medalı" təsis olunub.Bu gün tarixinin ən qüdrətli Azərbaycanı Müstəqillik Gününü büyük təmtəraqla qeyd edir. İlham Əliyev elə bir güclü Azərbaycan yaradıb ki, regiondakı yeni reallıqlarla hər kəs hesablaşır. Müstəqil siyasət yürüdən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Bildiyimiz kimi Azərbaycan 18 may 2026-cı il tarixindən start götürən dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri o...
22/05/2026

Bildiyimiz kimi Azərbaycan 18 may 2026-cı il tarixindən start götürən dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməkdədir. Xüsusi olaraq qeyd etməliyik ki, son illər beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan dövlətinə və onun rəhbərinə verilən böyük dəyərin göstəricisidir. Məhz bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biri kimi tariximizə yazılacaqdır. Dünyanın 182 ölkəsindən 45 mindən artıq nümayəndənin rəsmi qeydiyyatdan keçdiyi və bütün dünyanın diqqətində olan bu mötəbər tədbir artıq bir neçə gündür ki, uğurla davam edir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqi və qlobal şəhərsalma ilə bağlı söylədiyi fikirlərlə yadda qaldı. Cənab Prezident mühüm mesajları özündə əks etdirən çıxışında ölkəmizin müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf strategiyası və azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Dövlətimizin başçısı Azərbaycanın memarlıq və şəhərsalma tarixindən və bu istiqamətdə son illərdə həyata keçirilən layihələrdən bəhs etdi. Cənab Prezident xüsusi vurğulamışdır ki, müasir şəhərsalma yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır, eyni zamanda insanların rahat yaşayışı, ekoloji tarazlığın qorunması və dayanıqlı iqtisadiyyat ilk növbədə təmin edilməlidir.
Dövlətimizin başçısı çıxışında toxunduğu əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərindən bəhs etməsi oldu. Cənab Prezident qeyd etdi ki, “indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmiş, 30 illik işğal ərzində vandalizm nəticəsində dağıdılmışdı.”
“Böyük Qayıdış” proqramı əsasında bu ərazilərdə 5 il ərzində görülmüş işləri statistik rəqəmlərlə iştirakçıların nəzərinə çatdıran dövlətimizin başçısı qeyd etmişdir ki, bütün görülmüş işlər “Ağıllı şəhər”, “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarına əsaslanmaqla icra edilir. “Böyük Qayıdış” proqramının uğurlu icrası bizim üçün bir nömrəli vəzifədir deyən Möhtərəm cənab Prezident vurğuladı ki, “Böyük Qayıdış”ı reallaşdırmaq məqsədilə hazırda bu ərazilərdə böyük infrastruktur layihələri icra edilir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Planlı şəkildə həyata keçirilən bu işlərin davam etdirilməsi üçün dövlətimiz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışmaqdadır.
Xüsusi qeyd etməliyik ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi və Möhtərəm cənab Prezidentin həmin tədbirdə etdiyi çıxış Azərbaycanın gələcəyə hesablanmış strategiyasını bütün dünyanın nəzərinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, beynəlxalq platformaların da fəal iştirakçısı və təşəbbüskarıdır.

İlham Əliyev 2026-cı il mayın 4-də İtaliya Respublikasının Nazirlər Şurasının sədri Giorgia Meloni-nin Azərbaycana səfər...
06/05/2026

İlham Əliyev 2026-cı il mayın 4-də İtaliya Respublikasının Nazirlər Şurasının sədri Giorgia Meloni-nin Azərbaycana səfəri zamanı mühüm bəyanatla çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğuladı.

Dövlət başçısı qeyd etdi ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və 2014 və 2020-ci illərdə imzalanmış müvafiq bəyannamələr bu əməkdaşlığın möhkəm əsasını təşkil edir. Bu gün siyasi əlaqələr ən yüksək səviyyədədir və qarşılıqlı etimad üzərində qurulub.

İqtisadi sahədə də əməkdaşlıq dinamik inkişaf edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi artıq 12 milyard dollara çatıb. Energetika sahəsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ön sıralarda yer alır. Ötən il ixrac olunan 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilib. Bu göstəricilərin artırılması üçün Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi məsələsi də müzakirə olunub.

Bununla yanaşı, tərəflər yeni əməkdaşlıq istiqamətlərini də nəzərdən keçirirlər. Xüsusilə hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri diqqət mərkəzindədir. Birgə istehsal və texnologiyaların tətbiqi ilə bağlı konkret təşəbbüslər irəli sürülüb.

İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də yüksək qiymətləndirilib. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkəmizdə fəaliyyət göstərir və xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə fəal iştirak edirlər. Bu layihələr regionun bərpası və inkişafında mühüm rol oynayır.

Təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti artıq yüzlərlə tələbəyə keyfiyyətli təhsil verir və gələcəkdə bu tələbələr iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Bütün bu amillər göstərir ki, Azərbaycan-İtaliya münasibətləri dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir və gələcəkdə daha da genişlənəcəkdir.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edibPrezident ...
06/05/2026

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib

Prezident İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib.
Dövlət başçısı bildirib ki, Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).
Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.
İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.
Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edibPrezident İlham Əliyev ...
01/05/2026

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib. Dövlət başçısı bildirib ki, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.
Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər.
Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından p*s istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.

Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata bəyanat veribPre...
29/04/2026

Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib

Prezident İlham Əliyev 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.
Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Address

Siyəzən
Siyəzən

Telephone

+994233067005

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən RİHB-nın Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share