01/06/2026
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şəmkir şəhər 4 saylı körpələr evi–uşaq bağçasında tədbir keçirilib.
Tədbirdə bağçanın balaca fidanları maraqlı səhnəciklər, şeirlər, mahnılar və rəqs nömrələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Uşaqların ifasında təqdim olunan səhnəciklər dostluq, vətənpərvərlik, ailə dəyərləri və uşaqlıq sevincini əks etdirən mövzulara həsr olunub.
Tədbirdə valideynlər, pedaqoji kollektiv və qonaqlar iştirak ediblər. Balacaların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafı, onların yaradıcılıq potensialının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili məktəbəqədər təhsil müəssisələrinin əsas prioritetlərindəndir.
Sonda tədbir iştirakçıları uşaqları bayram münasibətilə təbrik edib, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıblar.