Şamaxı RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəliyi

Şamaxı RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəliyi, Government Organization, Muğanlı, Shamakhy.

Enerji Diplomatiyası və Milli İnkişafın Azərbaycan ModeliMüstəqillikdən enerji strategiyasının formalaşmasına doğru İyun...
02/06/2026

Enerji Diplomatiyası və Milli İnkişafın Azərbaycan Modeli

Müstəqillikdən enerji strategiyasının formalaşmasına doğru
İyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin enerji siyasətinin keçdiyi yolu, əldə olunan nailiyyətləri və qarşıdakı hədəfləri əhatə edən mühüm proqram xarakterli çıxış kimi yadda qaldı. Dövlət başçısı çıxışında qeyd etdi ki, bu gün dünyanın aparıcı enerji platformalarından biri olan Bakı Enerji Həftəsinin əsası vaxtilə keçirilən Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Sonrakı illərdə bu tədbir genişlənərək beynəlxalq enerji əməkdaşlığının vacib platformasına çevrilib.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, bu il Azərbaycanın qaz sənayesinin inkişafında mühüm rol oynayan “Şahdəniz” müqaviləsinin imzalanmasının 30 ili tamam olur. Məhz bu layihə ölkənin qaz ixracatçısı kimi formalaşmasında mühüm mərhələ olub.
Dövlət başçısı müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır vəziyyəti də xatırlatdı. Həmin dövrdə ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadiyyat tənəzzül yaşayır, torpaqların bir hissəsi işğal altında qalırdı. Bir milyondan artıq qaçqın və məcburi köçkün vardı, yoxsulluq səviyyəsi 50 faizdən çox idi. Azərbaycan hətta elektrik enerjisi və təbii qaz idxal edən ölkəyə çevrilmişdi.
Belə mürəkkəb şəraitdə qəbul edilən strateji qərarlar ölkənin gələcəyini müəyyənləşdirdi. Xarici investisiyaların cəlb olunması, enerji sektorunun inkişafı və milli maraqlara söykənən siyasət Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil etdi. Bu gün ölkənin beynəlxalq nüfuzu, iqtisadi gücü və enerji sahəsində qazandığı mövqe həmin uzaqgörən siyasətin nəticəsidir.

Enerji gəlirlərinin sosial inkişaf və dövlət gücünə təsiri
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də enerji gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsi oldu. Dövlət başçısı vurğuladı ki, təbii sərvətlərə sahib olmaq uğurun yeganə göstəricisi deyil. Əsas məsələ həmin sərvətlərdən əldə olunan gəlirlərin xalqın rifahına və dövlətin inkişafına necə yönəldilməsidir.
Azərbaycan son otuz ildə enerji sektorundan əldə etdiyi gəlirləri genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisinə, yol və kommunal təsərrüfatın yenilənməsinə sərf edib. Bunun nəticəsində ölkədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, işsizlik minimum səviyyəyə enib və əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib.
Prezident qeyd etdi ki, həyata keçirilən maliyyə siyasəti nəticəsində Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizini təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdən biridir. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları isə xarici borcu dəfələrlə üstələyir.
Enerji gəlirləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində də mühüm rol oynayıb. Prezident İlham Əliyev vurğuladı ki, güclü iqtisadi baza olmadan müasir ordu qurmaq mümkün deyil. Son illərdə Azərbaycanın hərbi qüdrətinin artması, müasir silah və texnikalarla təchiz olunması nəticəsində ölkə öz ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə həm xalqın iradəsinin, həm də güclü iqtisadi potensialın nəticəsi idi.
Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri yalnız iqtisadi inkişaf üçün deyil, həm də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və gələcək inkişafın formalaşdırılması üçün səmərəli şəkildə istifadə edib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu və beynəlxalq əməkdaşlıq
Müasir dövrdə enerji təhlükəsizliyi qlobal siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu sahədə oynadığı mühüm roldan geniş bəhs etdi. Dövlət başçısının sözlərinə görə, uzun illər ərzində həyata keçirilən enerji layihələri nəticəsində Azərbaycan Avropa və region ölkələrinin etibarlı tərəfdaşına çevrilib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa boru xətti, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri Azərbaycanın enerji siyasətinin ən mühüm nailiyyətləri sırasındadır. Xüsusilə Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident qeyd etdi ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici ölkənin beynəlxalq enerji bazarındakı mövqeyinin ildən-ilə gücləndiyini göstərir. Eyni zamanda “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layihəsi, “Abşeron” yatağı və digər perspektivli layihələr hasilatın daha da artırılmasına imkan yaradacaq.
Dövlət başçısı SOCAR-ın beynəlxalq fəaliyyətinə də toxundu. Bu gün SOCAR müxtəlif ölkələrdə investisiyalar həyata keçirir, Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada mühüm layihələrə imza atır. İtaliyanın “Italiana Petroli” şirkətinin alınması nəticəsində Azərbaycanın emal imkanları daha da genişlənib.
Prezident çıxışında vurğuladı ki, Azərbaycanın uğurunun əsas səbəblərindən biri balanslı xarici siyasət və güclü diplomatiyadır. Dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq üçün qonşular və tərəfdaş dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmağa nail olub. Bu gün regionda formalaşan enerji əməkdaşlığı modelində Azərbaycanın təşəbbüskar və aparıcı rol oynadığı açıq şəkildə görünür.

Yaşıl enerji, yeni nəqliyyat dəhlizləri və gələcəyə baxış
Prezident İlham Əliyevin çıxışında gələcək inkişaf istiqamətləri də xüsusi yer tutdu. Dövlət başçısı bildirdi ki, Azərbaycanın zəngin qaz ehtiyatları uzun illər ölkənin və tərəfdaşlarının enerji tələbatını ödəməyə imkan versə də, ölkə bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir.
Hazırda günəş və külək enerjisi üzrə iri layihələr həyata keçirilir. Qarşıdakı illərdə bu sahədə istehsal gücünün bir neçə dəfə artırılması planlaşdırılır. Prezidentin sözlərinə görə, 2032-ci ilə qədər ölkədə 8 giqavatlıq yaşıl enerji potensialı yaradılacaq. Qarabağ və Şərqi Zəngəzur bölgələrində artıq yüzlərlə meqavat gücündə hidroenerji layihələri istifadəyə verilib.
Azərbaycan yaşıl enerjinin ixracı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiyadan Azərbaycana uzanacaq yaşıl enerji kabeli regionlararası əməkdaşlığın yeni mərhələsini formalaşdıracaq.
Dövlət başçısı nəqliyyat sahəsində əldə olunan uğurlara da diqqət çəkdi. Şərq-Qərb nəqliyyat dəhlizi artıq mühüm beynəlxalq marşrut kimi fəaliyyət göstərir. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə Azərbaycanın tranzit imkanlarını daha da artıracaq, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın son otuz ildə qazandığı uğurların, enerji strategiyasının və gələcək inkişaf prioritetlərinin ümumi mənzərəsini ortaya qoydu. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən, regional əməkdaşlığa rəhbərlik edən və yaşıl enerji sahəsində yeni hədəflər müəyyənləşdirən dövlət kimi beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirir. Enerji siyasəti isə ölkənin iqtisadi qüdrətinin, sosial rifahının və dövlət müstəqilliyinin əsas təminatçılarından biri olaraq qalır.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş...
26/05/2026

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

“Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi dirçəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə Prezident müşavirədə geniş çıxış edərək qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi.
Prezident çıxışı zamanı regionların inkişafının dövlət siyasətində strateji istiqamət olduğunu xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı yalnız aqrar sektorun inkişafı deyil, bütövlükdə regionların sosial-iqtisadi dirçəlişi deməkdir.
Dövlət başçısı bildirdi ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları nəticəsində bölgələrin infrastrukturu tamamilə yenilənmişdir. Həmin dövrdə kəndlərdə qaz təchizatı demək olar ki, yox səviyyəsində idi, elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanırdı, yollar yararsız vəziyyətdə idi və su təminatı zəif idi. Son illərdə həyata keçirilən dövlət proqramları nəticəsində isə bu problemlərin böyük hissəsi aradan qaldırılmışdır.
Prezident qeyd etdi ki, hazırda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatmış, min kilometrlərlə avtomobil yolu tikilmiş, iri su anbarları və kanallar istifadəyə verilmişdir. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi strateji layihələr kənd təsərrüfatının inkişafına ciddi təkan vermişdir. Bunun nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı artmış, məşğulluq səviyyəsi yüksəlmiş və kəndlərin sosial həyatı canlanmışdır.
Çıxışda vurğulandı ki, regionların inkişafı insanların kəndlərdə qalmasına və doğma torpaqlarında çalışmasına imkan yaradır. Prezident bildirdi ki, kəndlərdə yalnız əkinçilik deyil, xidmət sektoru, turizm və digər fəaliyyət sahələri də inkişaf etdirilməlidir. Dövlət başçısının sözlərinə görə, əsas məqsəd kəndlə şəhər arasındakı sosial və iqtisadi fərqləri minimuma endirməkdir. Bu siyasət insanların kəndlərdə rahat və təhlükəsiz yaşayışını təmin etməyə, şəhərlərə axının qarşısını almağa xidmət edir.
Prezident həmçinin qeyd etdi ki, bölgələrdə müasir xəstəxanalar, məktəblər və digər sosial obyektlər tikilmişdir. Minlərlə məktəb əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. Bu layihələr regionlarda məşğulluğun artmasına və insanların kənd təsərrüfatına marağının güclənməsinə səbəb olmuşdur.
Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da strateji əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, dünyada baş verən müharibələr, enerji böhranları və nəqliyyat zəncirlərində yaranan problemlər hər bir ölkəni daxili istehsalı artırmağa məcbur edir. Buna görə də Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək, yeni proqramlar və investisiya layihələri həyata keçiriləcəkdir.

“İdxaldan asılılıq azaldılmalıdır”
Prezident müşavirədə ərzaq təhlükəsizliyi məsələsinin müasir dövrdə bütün dövlətlər üçün strateji əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dünyada baş verən müharibələr, beynəlxalq münaqişələr, enerji böhranları və qlobal təchizat zəncirində yaranan problemlər bir çox ölkələrdə ərzaq təhlükəsizliyi ilə bağlı ciddi risklər formalaşdırır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan daxili istehsalı artırmalı və idxaldan asılılığı azaltmalıdır. Xüsusilə buğda istehsalı ilə bağlı vəziyyətə toxunan Prezident qeyd edib ki, ölkə özünü buğda ilə cəmi 55 faiz təmin edir və bu göstərici qənaətbəxş hesab edilə bilməz.
Prezident həmçinin açıqlayıb ki, ölkədə buğda istehsalı 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton təşkil edir. Bu rəqəmlər daxili istehsalın artırılmasının vacibliyini bir daha göstərir.
Müşavirədə təqdim olunan statistik göstəricilər ölkədə kənd təsərrüfatının bir sıra istiqamətlər üzrə müsbət dinamika göstərdiyini, lakin bəzi sahələrdə hələ də idxaldan asılılığın qaldığını nümayiş etdirir.
Dənli bitkilər üzrə ümumi təminat 95 faiz təşkil edir. Kartof istehsalı 91 faiz təminat səviyyəsindədir, 160 min ton idxal, 71 min ton ixrac qeydə alınıb. Tərəvəzçilik sahəsində isə vəziyyət daha müsbətdir — 1 milyon 770 min ton istehsal hesabına 107 faiz təminat əldə olunub və 214 min ton ixrac həyata keçirilib.
Bostan məhsulları üzrə istehsal 460 min ton təşkil edir. Meyvə və giləmeyvə istehsalında isə ölkə 140 faiz təminat səviyyəsinə çatıb; bu sahədə 1 milyon 400 min ton istehsal və təxminən 600 min ton ixrac həyata keçirilib.
Fındıqçılıq sahəsi 84 min ton istehsal və 30 min ton ixracla Azərbaycanın beynəlxalq bazarda güclü mövqeyini qoruduğu sahələrdən biridir. Üzüm istehsalı 211 min ton olmaqla 92 faiz təminat səviyyəsindədir.
Heyvandarlıq sektorunda mal əti üzrə 84 faiz təminat (150 min ton istehsal, 30 min ton idxal), quş əti üzrə 82 faiz təminat (147 min ton istehsal, 32 min ton idxal), qoyun-keçi əti üzrə isə 94 faiz təminat qeydə alınıb.
Yumurta istehsalı 2 milyard 340 milyon ədəd təşkil edir və 90 milyon ədəd ixrac həyata keçirilir. Bitki yağları üzrə təminat 52 faiz, kərə yağı üzrə 62 faiz səviyyəsindədir.
Digər məhsullar üzrə göstəricilər də fərqlidir: çay istehsalında 86 faiz təminat, duz istehsalında 80 min ton istehsal və 20 min ton ixrac, un üzrə 95 faiz təminat, şəkər üzrə isə 102 faiz təminat və 96 min ton ixrac qeydə alınıb.
Prezident vurğulayıb ki, əsas məqsəd idxaldan asılılığın azaldılması və ixrac potensialının genişləndirilməsidir. Son illərdə aqroparkların yaradılması, subsidiyaların artırılması və fermerlərə dövlət dəstəyi kənd təsərrüfatında müsbət dinamika yaradıb.
Bununla belə, bəzi sahələrdə istehsal artımı hələ də arzu olunan səviyyədə deyil. Bu səbəbdən yeni Dövlət Proqramında əsas prioritetlərdən biri taxılçılığın inkişafı, eyni zamanda mal əti, quş əti və süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi olacaq.
Tərəvəz və meyvə istehsalı üzrə ölkə artıq özünü təmin etsə də, heyvandarlıq və yağ istehsalı sahələrində əlavə tədbirlərin görülməsi vacib hesab olunur. Məqsəd həm daxili bazarın tam təmin edilməsi, həm də ixrac imkanlarının daha da genişləndirilməsidir.

“Torpaq sahəsinin öz pasportu olmalıdır”
Prezident çıxışında torpaqlardan düzgün və səmərəli istifadənin kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olduğunu bildirdi. O qeyd etdi ki, hər bir bölgənin torpaq xüsusiyyətləri fərqlidir və buna uyğun olaraq məhsul seçimi aparılmalıdır.
Dövlət başçısı vurğuladı ki, torpaq analizləri, elektron xəritələşdirmə, peyk müşahidələri və süni intellekt texnologiyalarından istifadə edilməlidir. Prezidentin sözlərinə görə, hər bir torpaq sahəsi üçün ayrıca elektron məlumat bazası yaradılmalı və hansı məhsulun daha yüksək məhsuldarlıq verəcəyi əvvəlcədən müəyyən edilməlidir.
Prezident qeyd etdi ki, bu yanaşma fermerlərin daha çox gəlir əldə etməsinə və torpaqlardan maksimum səmərəli istifadəyə imkan yaradacaq. Dövlət başçısı həmçinin subsidiya mexanizmlərinin daha çevik olmasının vacibliyini bildirdi. Onun sözlərinə görə, subsidiyalar bazar tələbatına uyğun şəkildə yenilənməli və məhsul istehsalının istiqamətləri daim təhlil olunmalıdır.
Çıxışda kənd təsərrüfatı texnikasının yenilənməsi məsələsinə də toxunuldu. Prezident bildirdi ki, son 20 ildə ölkənin texnika parkı tamamilə yenilənmişdir və hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı da həyata keçirilir.
Bununla yanaşı, gübrə istehsalının artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi və fermerlər üçün maarifləndirmə proqramlarının davam etdirilməsi əsas prioritetlərdən biri kimi göstərildi. Prezident qeyd etdi ki, hazırda 130 min hektarda müasir suvarma sistemi tətbiq olunur və bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.

“Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının yeni inkişaf mərkəzinə çevriləcək”
Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin kənd təsərrüfatının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın əsas kənd təsərrüfatı və su ehtiyatı bölgələrindən birinə çevriləcək.
Prezident bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə dərhal genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmış, xüsusilə su infrastrukturu ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Dövlət başçısının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda ölkənin ümumi su ehtiyatlarının təxminən 25 faizi formalaşır və bu imkanlardan səmərəli istifadə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Çıxış zamanı qeyd olundu ki, Suqovuşan, Sərsəng, Xaçınçay, Zabuxçay və Köndələnçay su anbarları artıq yenidən qurulmuş və istifadəyə verilmişdir. Bununla yanaşı, Bərgüşad və Həkəri su anbarlarının tikintisi də davam etdirilir. Prezident vurğuladı ki, bu layihələr yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, eyni zamanda digər bölgələrin də su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Dövlət başçısı bildirdi ki, Şirvan və Qarabağ kanallarının yenidən qurulması layihələri kənd təsərrüfatının inkişafına ciddi təkan verəcək. Bu kanallar istifadəyə verildikdən sonra yüz minlərlə hektar torpaq sahəsinin su ilə təmin olunacağı qeyd edildi. Prezidentin sözlərinə görə, həmin ərazilərdə müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına imkan yaradacaq.
Prezident həmçinin azad edilmiş torpaqlarda intensiv bağçılıq və müasir kənd təsərrüfatı layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Ağalı kəndi yaxınlığında yaradılmış intensiv meyvə bağlarının artıq ixrac məhsulu verdiyi bildirildi. Dövlət başçısı qeyd etdi ki, bu ərazilər gələcəkdə müasir aqrar istehsal mərkəzlərindən birinə çevriləcək.
Çıxışda vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Regionda yaradılan yeni infrastruktur, yollar, enerji və su layihələri kənd təsərrüfatının sürətli inkişafına, insanların doğma yurdlarına qayıdışına və məşğulluğun artmasına mühüm töhfə verəcəkdir.

“Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır”
Prezident müşavirədə kənd təsərrüfatında yeni inkişaf mərhələsinin başlanacağını bildirdi və qeyd etdi ki, 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Dövlət başçısının sözlərinə görə, proqram konkret nəticələrə hesablanacaq və həm dövlət, həm də özəl sektorun birgə fəaliyyətini nəzərdə tutacaq.
Prezident vurğuladı ki, kənd təsərrüfatının inkişafı üçün böyük həcmdə investisiyalar tələb olunur. Təxmini hesablamalara əsasən, proqram çərçivəsində dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya yatırılması planlaşdırılır.
Çıxışda pambıqçılıq sahəsində əldə olunan nəticələr xüsusi qeyd edildi. Prezident bildirdi ki, vaxtilə pambıq istehsalı kəskin şəkildə azalmışdı, lakin dövlət dəstəyi nəticəsində bu sahədə ciddi artım əldə olunmuşdur. Məhsuldarlığın daha da artırılması və pambığın emal sənayesinin inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
Prezident həmçinin intensiv bağçılıq, istixana kompleksləri və aqroparkların genişləndirilməsinin vacibliyini vurğuladı. O qeyd etdi ki, Azərbaycanda artıq yüz minlərlə ton tutuma malik soyuducu anbarlar yaradılmışdır və əlavə anbarların tikintisi davam etdiriləcək.
Su təminatı məsələsinə toxunan dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin strateji əhəmiyyət daşıdığını bildirdi. Yeni kanalların və su anbarlarının tikintisi nəticəsində yüz minlərlə hektar torpaq sahəsinin su ilə təmin olunacağı qeyd edildi.
Prezident çıxışının sonunda bildirdi ki, Azərbaycanın əsas məqsədi müasir, dayanıqlı, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı sistemi qurmaqdır. Dövlət başçısı vurğuladı ki, həyata keçiriləcək yeni proqram ölkənin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günüdür.1918-ci il mayın 28-i Azərbaycan xalqının tarixində ən şərəfli v...
25/05/2026

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günüdür.

1918-ci il mayın 28-i Azərbaycan xalqının tarixində ən şərəfli və yadda qalan günlərdən biridir. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Bu hadisə yalnız Azərbaycan üçün deyil, bütün Şərq və müsəlman aləmi üçün böyük tarixi əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası idi.
Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik arzusu ilə yaşamışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli oyanış və milli dirçəliş prosesinin güclənməsi xalqımızda milli dövlətçilik düşüncəsinin formalaşmasına səbəb olmuşdur. Xalqın qabaqcıl ziyalıları milli azadlıq və müstəqillik ideyalarının yayılmasında mühüm rol oynamışlar. Bunun nəticəsində xalqımız öz müqəddəratını müəyyən etmək iradəsini nümayiş etdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə dövlətçilik tariximizdə mühüm iz buraxmışdır. İlk parlament və hökumət yaradılmış, dövlət atributları təsis edilmiş, milli ordu qurulmuş və üçrəngli dövlət bayrağımız qəbul edilmişdir. Həmin dövrdə qəbul edilən qanunlar ölkədə demokratiyanın və insan hüquqlarının inkişafına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar vermişdir. Bu isə həmin dövr üçün olduqca mühüm və mütərəqqi addım idi.
Xalq Cümhuriyyəti dövründə qadın hüquqlarına da xüsusi diqqət yetirilmişdir. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmuşdur. Bu fakt dövlətin demokratik və müasir düşüncəyə malik olduğunu göstərirdi. Eyni zamanda parlamentdə müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması ölkədə tolerantlıq və bərabərlik prinsiplərinin qorunduğunu sübut edirdi.
Təhsil və maarif sahəsində də mühüm addımlar atılmışdır. Məktəblərdə ana dilində tədrisə başlanılmış, Bakı Dövlət Universiteti yaradılmışdır. Bununla yanaşı, dövlət quruculuğu, məhkəmə və ədliyyə sistemi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Xarici siyasətdə isə əsas məqsəd Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin iştirakı və müxtəlif dövlətlərlə diplomatik əlaqələrin qurulması ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur.
1918-ci ildə Qafqaz İslam Ordusunun və Azərbaycan ordusunun birgə mübarizəsi nəticəsində Bakı şəhəri işğaldan azad edilmişdir. Bu tarixi qələbə Azərbaycan dövlətçiliyinin qorunmasında mühüm rol oynamış, xalqımızın mübarizə əzmini və milli birliyini daha da gücləndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli kimlik şüurunun formalaşmasında mühüm rol oynamışdır. Həmin dövrdə yaradılmış dövlətçilik ənənələri bu gün də müstəqil Azərbaycanın inkişafında və güclənməsində əsas dayaqlardan biri hesab olunur.

Müstəqilliyin qorunması və Heydər Əliyevin tarixi rolu
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə baxmayaraq, xalqımız müstəqillik arzularından heç vaxt vaz keçmədi. Uzun illərdən sonra – 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə ağır siyasi və iqtisadi böhran hökm sürürdü. Ermənistanın torpaqlarımıza qarşı təcavüzü, daxili qarşıdurmalar və hakimiyyət böhranı dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
Belə bir çətin dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Ulu Öndər hər zaman bildirirdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətin və məsuliyyətli vəzifədir.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, ölkəmiz dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınmağa başladı. Milli dövlətçilik ənənələri daha da inkişaf etdirildi, xalqın milli mənlik şüuru gücləndirildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi qaldırıldı. Bu addım xalqımızın müstəqillik yolunda atdığı ən cəsarətli addımlardan biri idi.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu xüsusi qeyd edildi. Bu sənəd bir daha təsdiq etdi ki, müasir Azərbaycan dövləti 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi davamçısıdır.
Sonrakı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin irsinə daim yüksək qiymət verildi. Ulu Öndər Heydər Əliyevin sərəncamları ilə Cümhuriyyətin yubileyləri dövlət səviyyəsində qeyd olundu, onun tarixi irsinin araşdırılması və təbliği istiqamətində mühüm işlər görüldü. Bu siyasət milli dövlətçilik ənənələrinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edirdi.

Müstəqil Azərbaycanın uğurları və gələcəyə inam
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası güclü və müstəqil dövlət kimi inkişaf edir. Ölkəmizdə siyasi, iqtisadi və sosial sahələrdə mühüm islahatlar həyata keçirilir, xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə artır, dövlətimiz regionun aparıcı ölkələrindən birinə çevrilir.
Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda yenidən dalğalandı. Bu gün Şuşada, Laçında, Xankəndidə dalğalanan bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və xalqımızın öz tarixi torpaqlarına sahib çıxdığını göstərir.
2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanuna əsasən 28 May rəsmi olaraq Müstəqillik Günü elan edildi. Bu qərar bir daha sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyinin təməli məhz 1918-ci ildə qoyulmuşdur. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi isə dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
28 May yalnız tarixi hadisə deyil, həm də xalqımızın milli qürur günüdür. Bu tarix Azərbaycan xalqının azadlıq ruhunun, milli birliyinin və dövlətçilik iradəsinin rəmzidir. Bu gün hər bir azərbaycanlı müstəqil dövlətimizin uğurları ilə fəxr edir və gələcəyə böyük inamla baxır.
Azərbaycan xalqı tarix boyu böyük çətinliklərdən keçsə də, heç vaxt öz dövlətçilik ənənələrindən və azadlıq arzusundan vaz keçməmişdir. Bu gün müstəqil Azərbaycan güclü ordusu, qüdrətli iqtisadiyyatı və xalq-iqtidar birliyi ilə gələcəyə inamla addımlayır.
Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır.
Yaşasın müstəqil Azərbaycan!

Bakı WUF13: Qlobal şəhərsalma dialoqu və Azərbaycanın inkişaf modeliWUF13-ün qlobal əhəmiyyəti və Bakının beynəlxalq möv...
21/05/2026

Bakı WUF13: Qlobal şəhərsalma dialoqu və Azərbaycanın inkişaf modeli

WUF13-ün qlobal əhəmiyyəti və Bakının beynəlxalq mövqeyi

Bakıda 2026-cı il mayın 18-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin inkişafı, urbanizasiya prosesləri və dayanıqlı yaşayış mühitinin formalaşdırılması üzrə dünyanın aparıcı beynəlxalq platformalarından biri kimi qeyd olunur. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Tədbirin təşkilatçılarından biri olan UN-Habitat bu forumu qlobal şəhərsalma sahəsində əsas dialoq platforması kimi qeyd etdi.
Forumda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. Bu göstərici WUF tarixində ən yüksək iştirak səviyyələrindən biri kimi qiymətləndirilir. Bakı bu tədbirlə yalnız regionun deyil, həm də qlobal şəhərsalma mərkəzlərindən birinə çevrildiyini sübut etdi.
WUF13-ün əsas məqsədi şəhərlərin sürətli urbanizasiya qarşısında üzləşdiyi problemlərin müzakirəsi, dayanıqlı inkişaf modellərinin paylaşılması və gələcək şəhərlərin daha yaşanabilir olması üçün innovativ yanaşmaların təqdim olunması idi. Forum çərçivəsində dövlət başçıları, şəhər planlaşdırıcıları, memarlar, ekoloqlar və beynəlxalq ekspertlər arasında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycanın bu forumu qəbul etməsi həm də ölkənin beynəlxalq əməkdaşlıq siyasətinin davamı kimi qiymətləndirilir. COP29 kimi böyük qlobal tədbirdən sonra WUF13-ün Bakıda keçirilməsi ölkənin beynəlxalq tədbirlərin təşkilində artan təcrübəsini və etibarlı tərəfdaş imicini daha da gücləndirdi. Bakı artıq yalnız coğrafi mövqe deyil, həm də qlobal dialoq platforması kimi çıxış edən şəhərə çevrilməkdədir.

Azərbaycanın şəhərsalma fəlsəfəsi: tarixi irs və müasirlik sintezi
Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın şəhərsalma strategiyasının əsas fəlsəfəsini açıq şəkildə ortaya qoydu: tarixi irsin qorunması ilə müasir inkişafın paralel şəkildə həyata keçirilməsi. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyi üçün onun şəhər mədəniyyəti də müxtəlif sivilizasiyaların təsirini özündə birləşdirir.
Bakı şəhəri bu sintezin ən parlaq nümunəsidir. İçərişəhərin qədim qala divarları, Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələr müasir göydələnlər, geniş prospektlər və yeni şəhərsalma layihələri ilə yanaşı mövcuddur. Bu kontrast əslində ziddiyyət deyil, əksinə harmoniyanın göstəricisidir.
Prezident çıxışında Azərbaycanın digər regionlarının da zəngin memarlıq irsinə toxundu. Şamaxıda yerləşən qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi strukturu, Şəki Xan Sarayı və Kiş kəndindəki qədim kilsə ölkənin memarlıq xəzinəsinin yalnız bir hissəsidir. Lahıc kimi qədim yaşayış məntəqələrində isə min illər əvvəl formalaşmış su və kanalizasiya sistemlərinin bu günə qədər işlək qalması Azərbaycan şəhərsalma ənənələrinin nə qədər inkişaf etmiş olduğunu göstərir.
Bu irs yalnız keçmişin yaddaşı deyil, həm də gələcək şəhərsalma planlarının əsas istinad nöqtəsidir. Azərbaycanda şəhərsalma siyasəti tarixi abidələrin qorunması, onların bərpası və eyni zamanda müasir infrastrukturla inteqrasiyası üzərində qurulub. Bakı Bulvarının genişləndirilməsi, yeni parkların salınması, köhnə sənaye zonalarının transformasiyası və ictimai məkanların yaradılması bu yanaşmanın praktiki nəticələridir.
Ölkədə elan edilən “Şəhərsalma və Memarlıq İli” də bu strategiyanın davamı kimi qiymətləndirilir. Bu təşəbbüs şəhər planlaşdırmasının təkcə texniki deyil, həm də mədəni və sosial məsələ olduğunu ön plana çıxarır. Şəhərlər yalnız binalardan ibarət deyil, həm də insanların həyat tərzini, mədəniyyətini və gələcəyə baxışını formalaşdıran canlı orqanizmlərdir.

Qarabağın yenidən qurulması və dayanıqlı şəhər inkişafının yeni mərhələsi
WUF13 çərçivəsində ən çox diqqət çəkən mövzulardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri oldu. Prezident İlham Əliyev çıxışında bu prosesin miqyasını “Böyük Qayıdış” proqramı çərçivəsində geniş şəkildə izah etdi.
30 ilə yaxın işğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər indi müasir şəhərsalma prinsipləri əsasında sıfırdan inşa edilir. Ağdam şəhərinin beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması regionda baş vermiş dağıntının miqyasını göstərir. Lakin bu gün həmin ərazilər tamamilə yeni urban mühitə çevrilməkdədir.
Son beş il ərzində Qarabağ və Şərqi Zəngəzurda geniş infrastruktur layihələri həyata keçirilib: 70 kilometrdən çox tunel, yüzlərlə körpü, elektrik stansiyaları, su anbarları, yeni yol şəbəkələri, üç beynəlxalq hava limanı, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunub. Bu, təkcə bərpa deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji şəhərsalma modelidir.
Hazırda 85 mindən çox insan artıq azad edilmiş ərazilərdə yaşayır və çalışır. Dövlətin əsas məqsədi bu bölgələrdə dayanıqlı iqtisadi mühitin yaradılması, sənaye zonalarının inkişaf etdirilməsi və əhalinin təhlükəsiz və rahat yaşayışının təmin edilməsidir.
Bakı şəhərində həyata keçirilən ekoloji və urban transformasiya da bu ümumi strategiyanın bir hissəsidir. Keçmişdə ağır sənaye və neft tullantıları ilə çirklənmiş ərazilər bu gün müasir yaşayış komplekslərinə və istirahət zonalarına çevrilib. “Qara şəhər” ərazisinin “Ağ şəhər” layihəsi ilə yenidən qurulması bu transformasiyanın ən uğurlu nümunələrindən biridir.
Eyni zamanda son illərdə Bakıda 100-dən çox park və ictimai məkanın yaradılması, ictimai nəqliyyat sisteminin modernləşdirilməsi, elektrik avtobuslarının istifadəyə verilməsi və mikromobillik layihələrinin tətbiqi şəhərin daha yaşıl və yaşanabilir olmasına xidmət edir.
Bu yanaşma göstərir ki, Azərbaycan şəhərsalmanı yalnız tikinti prosesi kimi deyil, sosial rifah, ekoloji tarazlıq və mədəni inkişafın vəhdəti kimi dəyərləndirir. WUF13 isə bu təcrübənin beynəlxalq müstəviyə çıxarılması üçün mühüm platforma rolunu oynadı.

Address

Muğanlı
Shamakhy
5627

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share