18/05/2026
18 may 2026-cı il tarixində MİHİ-nin Salyan rayon Komitəsinin dəstəyi ilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü və muzeyin yaranmasının 45 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədr və nümayəndələri, rayon ictimaiyyəti, mədəniyyət işçiləri, ziyalılar, gənclər, təhsil müəssisələrinin nümayəndələri və muzeysevərlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları muzeydə təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgidə muzeyin fondlarında qorunub saxlanılan qədim arxeoloji tapıntılar, etnoqrafik nümunələr, qədim məişət əşyaları, xalçalar, sənədlər, fotoşəkillər, Salyanın zəngin tarixi-mədəni irsini əks etdirən eksponatlar və Salyan 4 saylı məktəbin müəllimi,oyma üzrə sənətkar Rauf İbrahimovun əl işləri nümayiş olundu.
Tədbir zamanı muzeyin 45 illik fəaliyyəti, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verildi.
Qonaqlar çıxış edərək muzey kollektivini 45 illik yubiley münasibətilə təbrik etdilər, muzeyin bölgənin tarixinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndiriblər.
Rəsmi hissədən sonra Salyan rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qonaqlar üçün konsert proqramı təqdim olunub. Proqram çərçivəsində vətənpərvərlik ruhunda musiqilər səsləndirildi, milli rəqslər və müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin əsas məqsədi muzeylərin cəmiyyət həyatındakı rolunu təbliğ etmək, tariximizə və milli-mədəni dəyərlərimizə marağı artırmaq, eləcə də Salyan Tarix-Diyarşünaslıq Muzeyinin 45 illik fəaliyyətinə ictimai diqqəti yönəltmək oldu.