Xanəgah kənd İcra Nümayəndəliyi

Xanəgah kənd İcra Nümayəndəliyi Xanəgah

26/02/2026
24/12/2025

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik!

Doğum gününüz mübarək, cənab Prezident! 🇦🇿

24/12/2025

Doğum gününüz mübarək olsun, suveren Azərbaycanın memarı – cənab Prezident İham Əliyev

İlham Əliyev — bu ad bu gün ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın memarı, xalqının taleyini uğura çevirmiş qətiyyətli lider kimi tariximizin qızıl səhifələrinə əbədi həkk olunub.
1961-ci il dekabrın 24-də dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsində dünyaya gələn İlham Əliyev, dərin zəka, yüksək məsuliyyət və xalqa xidmət kimi ali dəyərlərlə formalaşan həyat yolu ilə daim uğurlar qazandı. O, həm siyasi fəaliyyətində, həm də şəxsi həyat fəlsəfəsində qətiyyət, əzm və uzaqgörənlik nümayiş etdirərək müasir Azərbaycanın inkişafına mühüm töhfələr verdi. İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də dövlətçilik yolunda ardıcıl və məsuliyyətli fəaliyyəti ilə seçilirdi. Onun tutduğu vəzifələrdə atdığı hər addım gələcək Liderin xalqa xidmət missiyasını möhkəmləndirirdi. İlham Əliyevin fəaliyyətində vətəndaşa bağlılıq, dövlətə sədaqət və inkişaf strategiyası daim ön planda olub.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyən İlham Əliyev 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Dünya şöhrətli siyasətçi 1994-cü ildən etibarən Dövlət Neft Şirkətində vitse-prezident, sonradan isə birinci vitse-prezident kimi fəaliyyət göstərərək neft strategiyamızın memarlarından birinə çevrildi. 1995 və 2000-ci illərdə isə millət vəkili seçilən İlham Əliyev xalq arasında böyük nüfuza sahib olduğunu sübut etdi. 1997-ci ildə isə idmanın ruhunu yaşadan bir missiya ilə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. 1999-cu ildən etibarən isə siyasət səhnəsində daha qəti, daha parlaq görünməyə başladı. Əvvəlcə YAP sədrinin müavini, sonra birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilərək, milli liderlik zirvəsinə doğru inamla irəlilədi.
Prezident İlham Əliyev beynəlxalq siyasi arenada da özünü uğurla göstərdi. Belə ki, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Bütün bunlar onun beynəlxalq aləmdə qazandığı etimadın bariz nümunəsidir. Dəyərli siyasət adamı 4 avqust 2003-cü ildə isə Milli Məclisdə təsdiqlənərək Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olundu. Bu, yalnız yeni bir idarəetmə mərhələsinin deyil, həm də xalqın bir Liderə olan inamının təsdiqi idi.
İlham Əliyevin çalışdığı bütün sahələrdə nümayiş etdirdiyi peşəkarlıq və liderlik keyfiyyətləri, eyni zamanda dövlətçilik ənənələrinə sadiqliyi xalqın da qəti seçiminə çevrildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 76 faizindən çoxunun etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu nəticə, sadəcə bir seçki deyil, tarixə çevrilən bir qərar idi. Xalq bu səsi ilə sabitliyə, inkişaf yoluna və Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamına “bəli” dedi. Bu səsdə ümid, inam və gələcəyə olan güvən var idi.
Seçkilərdən öncə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciət edərək demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezidentliyinin ilk illərindən etibarən xalqın etimadını layiqincə doğruldan İlham Əliyev hər seçkidə daha böyük dəstək qazanaraq, dövlət başçısı kimi mövqeyini möhkəmləndirdi. 2008, 2013, 2018-ci illərdə olduğu kimi, 2024-cü il fevralın 7-də keçirilən növbəti Prezident seçkilərində də Azərbaycan xalqı öz Liderinə güvəndiyini bir daha nümayiş etdirdi. Bu seçkilər təkcə siyasi yox, həm də tarixi məna daşıyırdı. Çünki bu, Zəfər seçkisi idi. İlk dəfə olaraq, seçkilər işğaldan azad edilmiş bütün ərazilərimizdə – Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Qubadlıda, Ağdamda və digər bölgələrdə keçirilmişdi. Seçkilər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi bu seçkilərin rəmzi gücünü daha da artırdı. 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində verilən bu səs, əslində Azərbaycanın Zəfər yolunun növbəti mərhələsinə atılmış mühüm bir addım idi. Seçici fəallığının 76,43 faiz olduğu seçkilərdə İlham Əliyev 92,12 faiz səslə inamlı qələbə qazandı. Bu, təkcə bir siyasi nəticə deyildi. Bu, xalqın Qalib Sərkərdəsinə verdiyi sarsılmaz dəstəyin, sabitliyə, inkişaf siyasətinə və güclü dövlətə inamının ifadəsi idi.
İlham Əliyevin Prezidentliyi dövürdə yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etməklə yanaşı, Azərbaycanı dünyada tolerantlıq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtmışdır.
İlham Əliyev siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir. Məhz Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olaraq Prezident İlham Əliyevin ən böyük arzusu ermənilər tərəfindən işğal olunan tarixi torpaqlarımızın azadlığına nail olmaq idi. Məhz bu amalla siyasi kursunu şəkilləndirən Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda düşmənin hücumuna cavab olaraq ordusuna əks-hücum əmri verdi. Əməliyyatın başlamasından bir neçə gün keçməmiş döyüşlərin dayandırılması üçün düşmən tərəfi ağ bayraq qaldıraraq yalvarmağa başladı. Bu dəfə də Prezident İlham Əliyev xarakterini ortaya qoyub Şanlı ordusuna dur əmri verərək bildirdi ki: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bununla da, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində qələbə çalaraq ədalətin bərpa olunmasına nail oldu. Artıq 5 ildir Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevlə birlikdə tarixi qələbənin haqlı qürurunu yaşayır.
Sevincli və əlamətdar günlərini daima xalq ilə paylaşan Prezident İlham Əliyev ad günlərində, adətən, sosial obyektlərin açılışında, şəhid ailələri və qazilərlə görüşlərdə, onlar üçün inşa edilmiş yeni evlərin açılışlarında iştirak edir. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biridir. Artıq 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Həmçinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi ölklərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə gətirib çıxarmışdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyətin həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.
Bu gün Azərbaycanın yüksəliş yolunda atdığı hər addımda Prezident İlham Əliyevin müdrik və uzaqgörən liderliyi dayanır. Onun rəhbərliyi ilə ölkəmiz regional gücə çevrilib, milli maraqlara söykənən diplomatiya, iqtisadi inkişaf və hərbi qüdrət vahid bir strateji xəttə çevrilib. Hər bir nailiyyətdə xalqın etimadı, Prezidentin iradəsi, dövlətin gücü əks olunur. Müasir Azərbaycanın bu möhtəşəm inkişaf salnaməsi məhz İlham Əliyevin imzasını daşıyır.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Prezident İlham Əliyev

17/12/2025

“Konstitusiya və Suverenlik İli”də humanizim nümunəsi - Aministiya

Müstəqil Azərbaycan dövlətinin yaranması və qorunub möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsi ilə bağlıdır. Məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində dövlətçilik ənənələri bərpa edilmiş və 1995-ci ildə qəbul olunan Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi-siyasi təməlini qoymuşdur. Bu Konstitusiya milli iradənin, dövlət müstəqilliyinin və xalq hakimiyyətinin rəmzinə çevrilmişdir. Möhkəm təməl üzərində qurulan dövlət siyasətimiz bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Ölkəmizin suverenliyinin tam bərpa olunması və Konstitusiyanın bütün ölkə ərazisində tətbiqi dövlətimizn gücünü və sabitliyini bir daha təsdiqləyir.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması və Prezident İlham Əliyevin bu münasibətlə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi və mənəvi dayaqlarının gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Bu təşəbbüs hüquq və ədalət prinsipləri ilə yanaşı, humanizm və insanpərvərlik kimi ali dəyərlərin dövlət siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Həmçinin hər bir azərbaycanlı bilir ki, Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman ön plandadır. Vətəndaş rifahının yüksəldilməsi, sosial ədalətin qorunması və cəmiyyətin sağlam inkişafı əsas məqsədlərindən biridir. Amnistiya təşəbbüsü də bu yanaşmanın tərkib hissəsidir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi çox böyük xüsusi məna daşıyır. Belə ki, Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Azərbaycan dövlətinin həyata keçirdiyi amnistiya və əfv siyasəti uzun illərdir ki, ardıcıl və sistemli şəkildə tətbiq olunur. Bu siyasət minlərlə insana ikinci şans verərək onların cəmiyyətə qayıdışına şərait yaradıb, humanizm prinsiplərinin və ədalət anlayışının möhkəmlənməsinə xidmət edib. Belə ki,1995-ci ildən bu günə qədər qəbul edilən 12 amnistiya aktı ümumilikdə 130 mindən çox şəxsə şamil olunub. Təkcə 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı 17 mindən artıq insana tətbiq edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən də 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.
Qeyd etmək lazımdır ki, bu humanist siyasətin formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti, o dövrdə isə Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın da mühüm rolu olub. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib.
Qəbul edilən sonuncu amnistiya aktı isə əvvəlkilərdən fərqlənir. Çünki bu dəfə müstəqil Azərbaycan tarixində ən geniş əhatəli amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu da təkcə həmin şəxslər üçün deyil, onların ailələri üçün də böyük sevinc və ümid deməkdir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü və ədalətli dövlətin insanpərvər siyasətinin növbəti təzahürüdür. Bu addım göstərir ki, Azərbaycan dövləti hüquqa söykənən, suverenliyini qoruyan və eyni zamanda vətəndaşına dəyər verən bir dövlətdir.

13/12/2025
12/12/2025

Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünü ehtiramla anır.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlətçiliyin möhkəm təməlini qoydu və gələcək nəsillərə güclü, müstəqil Azərbaycan əmanət etdi.

Onun uzaqgörən siyasəti, müdrik qərarları və xalqına bağlılığı Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin adı və irsi yalnız tarixdə deyil, daima xalqımızın qəlbində yaşayır və gələcək nəsillərə yol göstərir.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir dövlətimizin memarı və əbədiyaşar lideridir. Onun əziz xatirəsi hər bir azərbaycanlı tərəfindən həmişə ehtiramla yad ediləcək, adı minnətlə anılacaq!

12/12/2025

12 dekabr – Azərbaycanın və xalqımızın tarixində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik.

11/12/2025
08/12/2025

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, 11 dekabr 2025-ci il saat 16:00-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Culfa rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Culfa rayon Rabitə Evində keçiriləcək.

Qəbula yazılmaq və əlavə məlumat əldə etmək üçün Nazirliyin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
📞 (036) 550-99-04
📞 (077) 356-06-75

Address

Nakhchivan

Website

Alerts

Be the first to know and let us send you an email when Xanəgah kənd İcra Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share