18/05/2026
18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş regional konfrans keçirilib
“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzində regional konfrans keçirilib. Qusar, Quba və Xaçmaz rayonlarının mədəniyyət müəssisələrini bir araya gətirən “Heydər Əliyev və Tarixi İrsimiz” adlı konfrans çərçivəsində milli dəyərlərimizin qorunması, muzeylərin cəmiyyətin mənəvi yaddaşındakı əvəzsiz rolu və gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunması missiyası geniş şəkildə işıqlandırılıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbir qonaqların səmimi çay süfrəsi arxasında qarşılanması ilə başlayıb. Bu xoş qarşılanma zamanı Qusar İncəsənət Məktəbinin kollektivi tərəfindən ifa olunan canlı musiqi proqramı tədbirə xüsusi rəng qataraq qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Daha sonra konfrans iştirakçıları mərkəzin ekspozisiya zalı ilə yaxından tanış olublar. Qonaqlar “Muzeylərimiz tarixin aynasıdır” adlı fotoşəkil və kitablardan ibarət sərgi-ekspozisiyaya, həmçinin Qusar İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Gənc istedadların vətənpərvərlik və milli irs mövzularını əks etdirən rəsmləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans zalında davam edən rəsmi hissədə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “18 May – Beynəlxalq Muzeylər Günü”nün yaranma tarixinə və mənəvi mahiyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib.
Konfransın məruzələr hissəsində mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz və Qusar rayon komitələrinin sədrləri, Quba və Xaçmaz rayon Heydər Əliyev Mərkəzlərinin direktorları, Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, həmçinin şəhid anası çıxış ediblər.
Natiqlər öz çıxışlarında muzeylərin tariximizin və mənəviyyatımızın qorunmasındakı mühüm rolunu xüsusi qeyd edib, bu ocaqların gələcək nəsillər üçün əsl mənəvi xəzinə olduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin qorunmasına daim xüsusi diqqət yetirib, ölkəmizdə muzey işinin inkişafına mühüm töhfələr verib. Onun təşəbbüsü və dəstəyi ilə bir çox muzeylər yaradılıb, mövcud muzeylərin fəaliyyəti daha da genişləndirilib və milli-mədəni irsimizin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Tədbir zamanı regional əməkdaşlığın bədii tərəfini əks etdirən və konfransa qatılan hər bir mərkəzin xüsusi olaraq hazırladığı videoçarxlar nümayiş olunub. Yekunda regional əlaqələrin və bu əlamətdar günün xatirəsi olaraq tədbir iştirakçılarına mərkəz tərəfindən hazırlanmış kiçik hədiyyələr təqdim edilib və konfrans gələcək birgə layihələrin təməli kimi yüksək ovqatla başa çatıb.