02/06/2026
Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji siyasətinin uğurlarını nümayiş etdirir
Azərbaycanın paytaxtı Bakı artıq təkcə regionun deyil, dünyanın mühüm beynəlxalq tədbirlər mərkəzlərindən biri kimi tanınır. İyunun 1-də Bakı növbəti mötəbər beynəlxalq tədbirə – Bakı Enerji Həftəsinə ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimləri baş tutub.
Öz başlanğıcını 1994-cü ildən keçirilən “Caspian Oil and Gas” sərgisindən götürən Bakı Enerji Həftəsi bu gün qlobal enerji sektorunun ən nüfuzlu platformalarından birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək beynəlxalq enerji əməkdaşlığının mühüm ünvanına çevrilib.
Bu il Bakı Enerji Həftəsində 44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq enerji bazarında artan nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. Tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən şirkətlərin iştirakı enerji sahəsində əməkdaşlığın geniş coğrafiyasını əks etdirir. Almaniya və Rusiya isə milli pavilyonlarla təmsil olunurlar.
Sərgidə iştirak edən şirkətlərin 35 faizinin yeni iştirakçılar olması Azərbaycanın enerji sektoruna marağın davamlı şəkildə artdığını göstərir. İştirakçıların təxminən 60 faizinin xarici, 40 faizinin isə yerli şirkətlərdən ibarət olması ölkəmizdə beynəlxalq və yerli biznes arasında formalaşan səmərəli tərəfdaşlıq mühitini nümayiş etdirir.
“Baku Energy Forum”un açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını qoyub və sonrakı dövrdə genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Dövlətimizin başçısı vurğulayıb ki, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında ənənəvi enerji resursları hələ də mühüm rol oynayır. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişikliklərinə qarşı mübarizə də prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın makroiqtisadi göstəricilərinin müsbət dinamikasını da diqqətə çatdırıb. Ölkəmizin beynəlxalq kredit reytinqlərinin yüksəlməsi, yoxsulluğun və işsizliyin minimum səviyyəyə enməsi, xarici borcun əhəmiyyətli dərəcədə azalması həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan artıq yalnız xarici investisiyaları cəlb edən ölkə deyil, eyni zamanda beynəlxalq investorlardan birinə çevrilib. Bu gün SOCAR müxtəlif regionlarda, o cümlədən Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada mühüm layihələr həyata keçirir və investisiya coğrafiyası davamlı olaraq genişlənir.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrində reallaşdırdığı beynəlxalq layihələr də xüsusi diqqət mərkəzində olub. Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik xətti layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkəmizin strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Bu gün Bakı Enerji Həftəsi yalnız neft və qaz sənayesi ilə məhdudlaşmır. Tədbir yaşıl enerji, enerji keçidi, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika və sənaye sahələrini özündə birləşdirən geniş beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir.
Azərbaycanın enerji siyasəti ölkənin milli maraqları ilə qlobal çağırışlar arasında uğurlu balans yaratmağa imkan verir. Bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən ölkəmiz, digər tərəfdən bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində ardıcıl addımlar atır. Bakı Enerji Həftəsi də məhz bu uğurlu strategiyanın beynəlxalq miqyasda nümayiş olunduğu mühüm platforma kimi çıxış edir.