Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

  • Home
  • Azerbaijan
  • küçəsi
  • Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Government Organization, Babək küçəsi 52, küçəsi.

Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil.Azərbaycanda akkreditə olunmuş diplomatik korpus...
16/09/2026

Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır komplekslərinə, "İstisu" mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır. Ermənistan cəmiyyətinin və ayrı-ayrı siyasi dairələrin bu səfərə reaksiyası təəssüf doğurmaqla yanaşı, qəbuledilməzdir. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən gedir. Xarici diplomatların Azərbaycanın ərazisində səfəri heç bir halda Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı təzyiq və linç xarakterli kampaniyaların aparılması siyasi mədəniyyət baxımından da qəbuledilməzdir.Diplomatik nümayəndələrin səfər etdikləri ərazi Azərbaycanın ərazisidir və onların bu səfərləri Ermənistanın müdaxilə edə biləcəyi məsələ deyil. Əslində, bu cür reaksiyalar Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişə reallıqlarının tam aradan qalxmadığını göstərir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, eyni zamanda siyasi düşüncənin, ictimai yanaşmaların və qarşılıqlı münasibətlərin dəyişməsi ilə mümkündür. Əgər bir tərəfdən sülhdən, normallaşmadan və regional əməkdaşlıqdan danışılırsa, digər tərəfdən Azərbaycanın suveren ərazisinə edilən diplomatik səfərlərə qarşı kampaniya aparılırsa, bu, ciddi ziddiyyət yaradır.
Ermənistan daxilində revanşist meyillərin hələ də özünü göstərməsi təəssüf doğurur. Son günlər yayılan bəzi məlumatlar və aparılan informasiya kampaniyaları göstərir ki, bu prosesdə hakimiyyətə yaxın siyasi və media resurslarının da fəallığı müşahidə olunur. Bu isə məsələnin yalnız ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyi olmadığını düşünməyə əsas verir. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan parlamentinin rəhbərinin Azərbaycanın daxili məsələləri ilə bağlı açıqlamalar verməsi yolverilməzdir. Ermənistanın siyasi institutlarının Azərbaycan ərazisində baş verən proseslərə münasibət bildirməsi, xüsusilə də ölkəmizin suveren ərazisində həyata keçirilən diplomatik səfərləri müzakirə predmetinə çevirməsi iki ölkə arasında sülh prosesinin ruhuna uyğun gəlmir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il sentyabrın 12-13-də baş vermiş döyüşlər zamanı həlak olan erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu kontekstdə diqqətdən kənarda qala bilməz. Həmin hadisələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində baş vermişdi. Azərbaycan öz ərazisinin və dövlət sərhədinin müdafiəsini təmin etmək məcburiyyətində qalmışdı. Bu hadisələrin birtərəfli təqdim olunması və yalnız Ermənistan itkilərinin önə çəkilməsi tarixi və siyasi reallıqların təhrif edilməsinə xidmət edir. Bu yanaşma həm də regionda sülhün möhkəmləndirilməsi üçün zəruri olan qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. Çünki davamlı sülh keçmişə münasibətdə obyektivlik, məsuliyyət və siyasi iradə tələb edir.
Azərbaycan dəfələrlə regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsipləridir və bu prinsiplərə münasibətdə ikili standartlara yol verilməməlidir. Ermənistan da özünün imzaladığı və qəbul etdiyi beynəlxalq sənədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alaraq, bu reallıqla hesablaşmalıdır.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub və bu mövqe dövlətimizin beynəlxalq hüquqa, sülhə və regional əməkdaşlığa sadiqliyinə əsaslanır. Ermənistanın qarşısında da seçim aydındır: ya yeni reallıqları qəbul edərək regionun sülh və əməkdaşlıq gündəliyinə qoşulacaq, ya da keçmişin siyasi stereotipləri və revanşist düşüncəsi ilə gələcək arasında maneə yaradacaq. Cənubi Qafqazın gələcəyi qarşıdurma ritorikasında deyil, suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, qarşılıqlı etimad və əməkdaşlıq müstəvisində müəyyənləşəcək. Azərbaycan bu gələcəyin formalaşmasında öz məsuliyyətini dərk edir. Ermənistanın da eyni siyasi məsuliyyətlə çıxış etməsi artıq seçim deyil, regionun davamlı sülhə olan ehtiyacının tələbidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib:Azərbaycan ...
22/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib:
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) dövlət səfəri ərəfəsində verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin hansı miqyasda inkişaf etdiyini bir daha ortaya qoydu.
Prezident müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin artıq sadəcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, ən yüksək səviyyəli müttəfiqlik münasibətləri mərhələsinə yüksəldiyini xüsusi vurğuladı.

Dövlət başçısının mesajlarında diqqət çəkən əsas məqamlardan biri Bakı-Daşkənd xəttində formalaşan siyasi etimad və şəxsi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafına verdiyi töhfədir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin reallaşması, 2024-cü ildə Azərbaycanın, 2025-ci ildə isə Özbəkistanın dövlət başçısının qarşılıqlı səfərləri və imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərinin siyasi-hüquqi
əsaslarının nə qədər möhkəmləndiyini göstərir.
Müsahibənin digər mühüm xətti iqtisadi əməkdaşlıqdır. İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatdığını, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz yüksəldiyini açıqladı. 500 milyon dollarlıq kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, energetika və yaşıl enerji layihələri, tranzit daşımalarının artması, Füzulidə “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” istehsalı kimi layihələr Bakı-Daşkənd tərəfdaşlığının artıq real iqtisadi nəticələr yaratdığını göstərir.

Prezidentin müsahibəsində Azərbaycanın Mərkəzi Asiyaya, Özbəkistanın isə Cənubi Qafqaza açılan strateji qapı rolunu oynaya biləcəyi mesajı da xüsusi əhəmiyyət daşıyır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının perspektivlərinə diqqət çəkən İlham Əliyev bunun bütün region üçün yeni iqtisadi və tranzit imkanları yarada biləcəyini bildirdi.

Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulması ilə “C5” formatının faktiki olaraq “C6” formatına çevrildiyini vurğuladı.

Müsahibənin mühüm istiqamətlərindən biri də Türk dünyasının gələcəyi ilə bağlı mesajlardır. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatını yalnız əməkdaşlıq platforması deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi gördüyünü bildirdi. TDT-nin siyasi, iqtisadi və hərbi gücünün artırılması, Türk dünyasının beynəlxalq arenada təsir mərkəzinə çevrilməsi və türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi bu baxımdan müsahibənin əsas strateji xətlərindən birini təşkil edir.

İlham Əliyev mədəni-humanitar əlaqələri də Azərbaycan-Özbəkistan müttəfiqliyinin mühüm dayaqlarından biri kimi təqdim etdi. Mədəniyyət günləri, təhsil proqramları, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Bakıda “Özbəkistan” parkı, media və QHT forumları, qardaşlaşmış şəhərlər və artan turist axını xalqlar arasındakı əlaqələrin yalnız diplomatik səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşdiyini göstərən nümunələr kimi önə çəkildi.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsi yalnız qarşıdakı dövlət səfərinin siyasi gündəliyinə işıq salan açıqlamalar toplusu deyil. Burada Bakı-Daşkənd müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və türk dünyası müstəvisində genişlənən strateji xəritəsi təqdim olunur. Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək perspektivi isə təkcə iki ölkənin əməkdaşlığı baxımından deyil, Cənubi Qafqaz, Mərkəzi Asiya, Orta Dəhliz və bütövlükdə Türk dünyasının geosiyasi çəkisinin artması baxımından diqqət çəkir.
Prezidentin müsahibəsinin sonunda Özbəkistan xalqına dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı təbrik və sülh, əmin-amanlıq, tərəqqi arzuları isə Bakı-Daşkənd münasibətlərinin siyasi müttəfiqliklə yanaşı, xalqların qardaşlığı və qarşılıqlı hörmət üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır.
Azərbaycan və Özbəkistan arasında möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər hazırda yeni və daha yüksək mərhələyə yüksəlib: “Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan–Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər, xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib”.
Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Özbəkistan arasındakı siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.
“Bu çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İqtisadi-ticari münasibətlərdə müşahidə olunan dinamika xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əlaqələrin iqtisadi potensialının nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artması qarşılıqlı iqtisadi marağın davamlı şəkildə yüksəldiyini nümayiş etdirir. Bundan başqa, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir”.
Azərbaycan–Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur: “Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir. Təhsil sahəsində qarşılıqlı mübadilələr də genişlənir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəslin qarşılıqlı əlaqələrinin inkişaf etdiyini göstərir. Bu münasibətlər gələcəkdə iki ölkənin elmi, intellektual və peşəkar potensialının daha sıx əməkdaşlığı üçün mühüm zəmin yaradır”.Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır: “Hər iki dövlət Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə, təşkilat daxilində iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafına ardıcıl dəstək verir. Azərbaycan ilə Özbəkistanın ikitərəfli müttəfiqlik münasibətləri Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsi baxımından mühüm amildir. Bu gün Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, enerji və iqtisadi layihələrin həyata keçirilməsi yeni əməkdaşlıq imkanları yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq uzunmüddətli strateji perspektivə malik hərtərəfli tərəfdaşlıq modelinə çevrilib. Bu modelin əsasını siyasi etimad, iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və xalqlarımızın qarşılıqlı rəğbəti təşkil edir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi fikirlər də məhz bu reallığı təsdiqləyir. Əminliklə demək olar ki, Azərbaycan və Özbəkistan qardaşlığı, strateji müttəfiqliyi bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, birgə addımlarımız Türk dünyasının güclənməsinə, regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azə...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.

Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliye...
01/08/2026

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.

Məlum olduğu kimi, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bununla belə, yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.

Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olur .

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev haqlı olaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir . Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.Mərasimdə çıxış edən Qırğızıstan...
01/08/2026

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.
Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.
Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim.
Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətli İlham Heydər oğlu, icazə verin, “Manas” ordenini Sizə təqdim edim
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.
Prezident Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram
Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.

Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.
Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.
Çıxışına davam edən Prezident İlham Əliyev dedi: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətləri münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.
Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimizi də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.
İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Sadır Japarova təqdim etdi.
Prezident Sadır Japarov dedi: Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.
Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.
Sizə təşəkkür edirəm. Sağ olun.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbu...
01/08/2026

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Sadır Japarovun
bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.
Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.
Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.
Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.
İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.
Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.
Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, “ŞƏT+” Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək “Bişkek+25” ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.
Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.
Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.
Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.
Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır.
Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.
Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Address

Babək Küçəsi 52
Küçəsi
AZ5300

Alerts

Be the first to know and let us send you an email when Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Shortcuts

Share