01/05/2026
https://www.facebook.com/share/p/1LFszPuxfK/
Azərbaycan güləşçilərinin Avropa çempionatındakı böyük uğuru yüksək qiymətləndirildi
Prezident İlham Əliyevin Avropa çempionatında tarixi uğura imza ataraq komanda hesabında çempion olan Azərbaycan güləşçilərini qəbul etməsi ölkəmizdə idmana, xüsusilə də güləş ənənələrinə verilən yüksək dəyərin daha bir bariz nümunəsi oldu. Dövlət başçısının milli komandamızın Tiranada keçirilən Avropa çempionatındakı möhtəşəm çıxışını yüksək qiymətləndirməsi Azərbaycan idmanının beynəlxalq arenadakı gücünü və nüfuzunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, onlar Avropanın ən güclüləridir. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə əldə olunan uğurlar göstərir ki, ölkəmizdə idmanın bu sahəsi sistemli şəkildə inkişaf edir, peşəkar hazırlıq prosesi düzgün qurulub və gənc nəslin yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Bu qələbə yalnız idman nailiyyəti deyil, həm də Azərbaycan xalqının milli qürurunun təntənəsidir.
Azərbaycan bayrağının beynəlxalq arenalarda ucaldılması, Dövlət Himnimizin səsləndirilməsi hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Məhz bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, idmana marağın daha da artmasına mühüm töhfə verir. Prezidentin də qeyd etdiyi kimi, idman cəmiyyətin ayrılmaz hissəsidir və dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycanda idmanın inkişafı üçün yaradılmış geniş infrastruktur — bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, güləş zalları, beynəlxalq səviyyəli yarışların təşkili — ölkəmizin idman potensialını daha da gücləndirir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları kimi mötəbər yarışlara ev sahibliyi edən Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı mühüm məqamlardan biri də idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış nümayiş etdirmələrinin vacibliyi oldu. Azərbaycan idmançılarının yüksək mənəvi keyfiyyətləri, vətənə layiqli xidmətləri və cəmiyyət içində nümunə olmaları onların qazandıqları medallar qədər dəyərlidir.
Bu tarixi qələbə bir daha göstərdi ki, Azərbaycan idmanı güclü ənənələrə, peşəkar məktəbə və dövlət qayğısına əsaslanır. Nəsillər dəyişsə də, Azərbaycan idmanının zəfər yolu dəyişmir. Qarşıdakı illərdə də Azərbaycan güləşçilərinin dünya və Avropa arenalarında yeni qələbələr qazanacağına, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracağına inam böyükdür. Bu uğurlar qalib xalqın, güclü dövlətin və milli iradənin parlaq təcəssümüdür.
İlkin Quluzadə, İmişli RİH başçısı aparatı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi