Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi

Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi DİM-in Göyçay regional bölməsinin rəsmi hesabıdır.

03/06/2026
03/06/2026

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 33986, IV ixtisas qrupu üzrə 6518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11186 nəfər olmaqla, ümumilikdə 51690 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

03/06/2026

Əziz şagirdlər, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil fənləri üzrə imtahan modelində tətbiq edilən şəkil əsasında hekayə qurmaq tapşırığı ilə bağlı tədqiqat aparılır. Tədqiqatın bir hissəsi kimi qeyd olunan tapşırıqla bağlı 9-cu sinif buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin fikirlərini öyrənmək üçün sorğu keçirilir.

Sorğuda iştirak könüllüdür. İştirakçılar tərəfindən təqdim olunan bütün məlumatların anonimliyi və məxfiliyi tam şəkildə qorunur. Toplanan məlumatlardan yalnız elmi tədqiqat məqsədləri üçün istifadə olunacaq və fərdi məlumatlar paylaşılmayacaq.

Sorğuda iştirak etmək üçün link:

https://shorturl.at/BQfuo

Qeyd edək ki, müasir dövrdə dillərin qiymətləndirilməsi ilə bağlı yanaşmalarda ünsiyyət bacarıqlarının və yaradıcı düşüncənin ön plana çıxması ilə əlaqədar olaraq, bir çox beynəlxalq imtahan sistemlərində şəkil və vizual materiallar əsasında qurulan yazı tapşırıqlarından istifadə olunur. Bu baxımdan, tədqiqat çərçivəsində şagirdlərin şəkil əsaslı hekayə qurmaq tapşırığını necə qəbul etdikləri, tapşırığın onların fikir formalaşdırmasına, ideya qurmasına və yazılı nitq bacarıqlarını nümayiş etdirməsinə nə dərəcədə kömək etdiyi öyrənilir.

Tədqiqatın nəticələrinin gələcəkdə xarici dil imtahanlarının təkmilləşdirilməsi, yazı tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarlarının inkişaf etdirilməsi baxımından faydalı olacağı gözlənilir.

02/06/2026

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 2 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.

02/06/2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.
https://dim.gov.az/CkImage/Qeydiyyat%20Elan%202026%20tam%20metn02.06.26._1780377615.pdf

01/06/2026
01/06/2026

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 1-dən iyunun 8-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 21 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

01/06/2026

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.
https://exidmet.dim.gov.az/elimt/peshe

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!

01/06/2026

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.

Həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.

Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz.

01/06/2026

Bütün uşaqların bayramını təbrik edirik!

Address

Rauf İsayev 43
Göyçay
AZ2300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share