Səməndər Nihan Meyxana

Səməndər Nihan Meyxana Səməndər_Nihan_official

Müstəqillik günüMayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il...
25/05/2026

Müstəqillik günü
Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq tariximizə mühüm hadisə kimi daxil oldu. 1813 və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və represiyalara məruz qalmışdı. Bu mərhələdə həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdır. Belə olan halda təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdır. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan demokratik cümhuriyyət öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Cümhuriyyətin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Tarixi proseslər və hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi nə qədər mürəkkəb proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli vəzifədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, digər tərəfdən daxili münaqişələr, ölkədə hökm sürən xaos, anarxiya çətin durum yaratmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Çıxışlarında müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olduğunu dəfələrlə vurğulayan Ümummilli Lider demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq həmin günü Respublika Günü elan etmiş və bu bizim milli bayramımızdır – deyə qeyd edirdi: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxsaylı sərəncam və tədbirlər Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncamlar, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılış mərasimin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunması xüsusi qeyd olunan məqamlardandır.
Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, 2021-ci ilin oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüzü də məhz AXC-nin yaranması tarixi yəni 28 may 1918-ci il tarixindən hesablanır. Belə ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş komandan kimi gərgin əməyi, Şanlı Ordumuzun rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin Şanlı Zəfərləri nəticəsində Azərbaycan müasir tarixinin ən parlaq və qürurverici səhifələrini yazdı. Azərbaycan xalqı bu gün öz tarixindən və keçmişindən ilhamlanaraq qalib, müzəffər bir dövlətin vətəndaşı kimi bütöv və azad Vətəndə yaşamağın qüruru içərisindədir.

Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siya...
05/05/2026

Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
Ölkə başçısının çıxışı sülh gündəliyi, Avropa Parlamenti ilə bağlı verilmiş qərar və digər məsələləri əhatə edib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan sülh sammiti, o cümlədən sülhün bərqərar olması istiqamətində ölkəmizin təşəbbüsləri geniş şəkildə şərh olunub. Ölkə başçısının istər müxtəlif beynəlxalq platformalarda, istərsə də yerli və xarici mediaya müsahibələrində olduğu kimi “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışı da Azərbaycanın milli maraqlara cavab verən praqmatik xarici siyasət kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Bu çıxış regionumuzda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün zəruri addımlar barədə bir ismarıc və çağırış olmaqla yanaşı eyni zamanda AŞPA və Avropa Parlamenti kimi Avropa təsisatlarının ölkəmizə qarşı uzun illər ərzində nümayiş etdirdiyi ikili standart və qərəzli yanaşmanın, sülh və əməkdaşlığa xələl gətirən mövqenin ifşası idi. Dövlət başçısının Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönəlmiş iradları faktlara və konkret siyasi hadisələrə əsaslanırdı. Prezidentin vurğuladığı kimi hər bir ölkənin ərazi bütövlüyü eyni dəyərə malikdir və bu sahədə ikili standartların tətbiqi qəbuledilməzdir. Bu, beynəlxalq münasibətlər sistemində obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Prezidentin nitqində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirilən prinsipial mövqe dövlət siyasətinin dəyişməz xəttini bir daha əks etdirir.
Dövlət başçısı ikili standartların bu gün AŞPA-nın sanki iş təlimatına çevrildiyini və Azərbaycanın ərazi bütövlüyünün istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malik olduğunu bildirməsi bu məsələdə konkret qətiyyətin səciyyəsi idi. Ölkə başçısı bütün bunlara cavab olaraq Azərbaycan Parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işinə son qoymaq və Avronest Parlament Assambleyasında üzvülüyü dayandırmasına aid prosedurlara başlaması ilə bağlı rəsmi qərarın qəbul edildiyini diqqətə çatdırdı. Heç şübhəsiz ki, prezidentin də vurğuladığı kimi İkinci Qarabağ müharibəsi bitdikdən 6 ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-a qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsi əsl riyakarlıq və qərəz nümunəsi hesab edilməlidir. Xüsusilə də sonuncu sənədin Zirvə görüşü ərəfəsində qəbul edilməsi məqsədli siyasi təzyiqin təzahürüdür.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” layihəsi ilə bağlı səslənən fikirlər idi. Prezidentin nitqində qeyd olunub ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək bu marşrut regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək strateji layihə hesab olunur. Bu təşəbbüs təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, Avropa ilə Asiya arasında alternativ logistika marşrutların inkişafına da ciddi təsir göstərə bilər.
Prezident İlham Əliyevin çıxışının yekun hissəsində səsləndirdiyi mesajlar isə bütövlükdə Azərbaycanın strateji xəttini ifadə edirdi. Prezidentin nitqində Azərbaycanın prinsipial mövqeyi qəti şəkildə vurğulanır: Bütün təxribatlara və sülh prosesinə maneə olmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və regional münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradəsini qoruyur.
Beləliklə prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni siyasi konsepsiyanın beynəlxalq təqdimatı kimi mühüm mesajlarla yadda qaldı. Bu konsepsiyanın əsasını beynəlxalq hüquqa söykənən prinsipial mövqe, regional əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı sülh təşkil edir.

Qalib güləşçilər ilə görüşPrezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda h...
01/05/2026

Qalib güləşçilər ilə görüş
Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Milli komandamızı qələbə münasibətilə təbrik edən dövlət başçısı bildirib ki, Avropa çempionatında komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Hər dəfə beynəlxalq yarışlarda bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir. Prezident xüsusi vurğulayıb ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız o cümlədən idman uğurları ilə də fəxr edir.
Dövlət başçısı Azərbaycan güləşinin zəngin tarixi ənənələrə sahib olduğunu və bu ənənələrin bu gün də davam etdirildiyini vurğulayıb. Prezidentin nitqində qeyd olunub ki, tanınmış idmançılarla yanaşı, gənc güləşçilərin də yüksək nəticə əldə etməsi ölkədə məşq və seleksiya prosesinin düzgün qurulduğunu göstərir.
Görüş zamanı Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı nailiyyətlərindən geniş şəkildə bəhs olunub. Qeyd olunub ki, son illərdə ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti öz nəticəsini verməkdədir. Olimpiya və dünya səviyyəli yaraşlarla yanaşı Avropa çempionatlarında da Azərbaycan idmançıları ardıcıl uğurlar qazanır və ölkəmizin bayrağını ucaldırlar. Prezident idmançıların əzmkarlığını və vətənə bağlılığını xüsusi vurğulayıb. Yeni idman komplekslərinin tikilməsi, məşq şəraitinin yaxşılaşdırılması və gənc istedadların üzə çıxarılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Prezidentin nitqində həmçinin qeyd olunub: “Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.”
Dövlət başçısı çıxışının sonda vurğulayıb: Ölkəmizdə və xaricdə keçirilən idman yarışları idman növlərini populiyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, ölkədə çox güclü idman potensialı var. Prezident İlham Əliyev idmançılara gələcək yarışlarda daha böyük və yeni uğurlar arzulayaraq, onların hər zaman dövlətin diqqət və dəstəyi ilə əhatə olunacağını bildirib.

Çexiya-Azərbaycan münasibətləriLatviya prezidentinin ardınca Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və Çexiyanı...
29/04/2026

Çexiya-Azərbaycan münasibətləri
Latviya prezidentinin ardınca Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfərinə məhz bu aspektdən yanaşmaq lazımdır. Bütün bu səfərlərin ana xəttini ikitərəfli əlaqələrin genişləndirilməsilə yanaşı, həm də enerji təhlükəsizliyi, eyni zamanda regional sabitliyin təmin olunmasında birgə səylərin birləşdirilməsi təşkil edir. Bu ümumi geosiyasi fon Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, müdafiə sahəsi kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan ilə Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.
Aprelin 27-də Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri, səfər çərçivəsində Qəbələdə baş tutan tarixi görüş zamanı keçirilən mühüm tədbirlər, mətbuata verilən ismarıclar yol xəritəsi olaraq gələcək perspektivləri müəyyən edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edir və siyasi dialoq mərhələsinə qədəm qoyub. Bu müstəvilərdə keçirilən görüşlərdə iqtisadi və bir çox sferalarda konkret layihələr müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Səfərin mühüm cəhədlərindən biri də onun simvolik məzmunudur. Belə ki, Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alan məsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiya münasibətlərini real siyasi məzmun qazandığını bariz şəkildə nümayiş etdirir. Eyni zamanda Çexiyanın baş nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırması münasibətlərin səviyyəsini aydın göstərən mühüm mesajdır. Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunu, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması, səsləndirilən fikirlər heç də təsadüfi deyil. Azərbaycan özünü sabitlik təmin edən aktor kimi təqdim edir. Qəbələ görüşləri regionda yeni güc balansının formalaşdığını göstərməklə yanaşı, Avropada Azərbaycanın mövqeyini gücləndirmiş olur. Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini və bu konteksdə ölkənin enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir. Prezident həmçinin ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində çağırışlar edib. Azərbaycanın nəqliyyat-logistika imkanlarına diqqət çəkərək, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinə yatırılan investisiyalara, ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğulayıb.
Səfərin xüsusi diqqət çəkən istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlıqların perspektivləridir. Prezident İlham Əliyevin Çexiya ilə birgə istehsal layihələri üzərində danışıqlar aparıldığını bəyan etməsi münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlandığını göstərir. Çexiyanın bu sahədə zəngin təcrübəsi, texnoloji potensialı və müdafiə sənayesi ənənələri ilə Azərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlı faydalı sinerji formalaşdırır. Bu əməkdaşlıq həm Azərbaycanın müdafiə potensialını gücləndirə, həm də iki ölkə arasında sənaye tərəfdaşlığını daha dərin müstəviyə keçirə bilər. Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri çərçivəsində müdafiə sahəsində əməkdaşlığın yeni perspektivlərinin müzakirəsi qarşıdakı dövrdə bu əməkdaşlığın daha geniş miqyas alacağını və strateji əhəmiyyət daşıyacağını nəzərdə tutur.
Bütün bunlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.

Azərbaycan-Ukrayna münasibətləriAzərbaycanla Ukrayna arasında münasibətlərin əsasını qarşılıqlı hörmət və beynəlxalq hüq...
28/04/2026

Azərbaycan-Ukrayna münasibətləri
Azərbaycanla Ukrayna arasında münasibətlərin əsasını qarşılıqlı hörmət və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik təşkil edir. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin hüquqi-siyasi çərçivəsini müəyyən etmiş, qarşılıqlı ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi prinsiplərini prioritet istiqamətə çevirmişdir. Son illər ölkələr arasında intensiv təmasların artması əlaqələrin dinamik inkişafından xəbər verir. 4 il ərzində 7 dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində aparılan dialoqlar siyasi əlaqələrin institusional və davamlı xarakter aldığını göstərir. Bu baxımdan Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri, Qəbələdə keçirilən tarixi görüş həm də əvvəlki təmasların məntiqi davamı kimi qiymətləndirilə bilər və ölkələrimiz arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Mətbuata bəyanatlarla çıxışlar zamanı prezidentlər arasında əvvəlki görüşlərin nəticələrinin xatırlanması və bu səfərin əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığına dair fikirlər münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin artdığı bir dövrdə Azərbaycanla Ukrayna arasında əməkdaşlıq sabitlik və qarşılıqlı dəstək modelinin nümunəsi kimi çıxış edir.
Qəbələ görüşü çərçivəsində aparılan müzakirələr ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir. İkitərəfli əməkdaşlıq çərçivəsində başlıca olaraq enerji sahəsi prioritet istiqamət kimi ön plana çıxır. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və regional enerji sahəsindəki rolu Ukrayna üçün etibarlı tərəfdaş modeli yaradır. Qəbələ tarixi görüşü zamanı keçirilən görüşlərdə, prezidentlərin mətbuata bəyanatlarında əməkdaşlığın bu və ya digər istiqamətdə davam etdirilməsi məqamları geniş şəkildə şərh olundu. Dövlət başçısının nitqində enerji sahəsində olan əməkdaşlıq, xüsusilə SOCAR-ın Ukraynada fəaliyyəti və gələcək birgə investisiya imkanları iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün real zəmin formalaşdırdığı vurğulandı. Həmçinin görüşlər zamanı kənd təsərrüfatı, təhlükəsizlik, hərbi-texniki, humanitar və digər sahələrdə əməkdaşlıq xüsusi qeyd olundu.
Prezident Zelenskinin bu səfəri, səfər çərçivəsində mətbuata bəyanatla çıxışında səsləndirilən fikirlər ilk növbədə siyasi baxımdan mühüm mesajlarla yadda qaldı. Müasir dövrdə Ukraynanın üzləşdiyi təhlükəsizlik çağırışları fonunda Azərbaycan kimi strateji tərəfdaşla əlaqələrin gücləndirilməsi rəsmi Kiyev üçün prioritet istiqamətlərdən biridir. Eyni zamanda Azərbaycan da öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinə daim dəstək verdiyini nümayiş etdirir. Bu çərçivədə iki ölkə arasında qarşılıqlı siyasi dəstək və diplomatik həmrəylik xüsusi vurğulanır. Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcək əməkdaşlığın əsas təminatıdır.
Humanitar sahədə əməkdaşlıq xüsusi qeyd olunan məqamlardan idi. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə enerji böhranı dövründə təqdim olunan dəstək paketləri və müharibədən zərər çəkmiş uşaqlara göstərilən dəstək Ukrayna prezidenti Zelenskinin nitqində qeyd olunması və bu dəstəyə görə təşəkkürünü ifadə etməsi, eyni zamanda ukraynalı uşaqların, eləcə də tələbələrin Azərbaycana səfərlərinin təşkili ilə bağlı planların açıqlanması humanitar əlaqələrin davamlı xarakter aldığını göstərir.
Tərəflər arasında hərbi-texniki əməkdaşlıq geniş müzakirə olunan məqamlardan idi. Prezident İlham Əliyev bu sahədə fikir mübadiləsinin aparıldığını və böyük perspektivlərin mövcud olduğunu bildirdi. Qeyd olundu ki, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli münasibətlərin dərinləşməsinə, həm də regional sabitliyin təmin olunmasına xidmət edə bilər.
Səfərin nəticələrindən yekun qənaətə gələrək qeyd etmək olar ki, bu səfər və keçirilən görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə zəngindir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahəsində uğurlu layihələr, eləcə də təhlükəsizlik istiqamətində perspektivlər Azərbaycan-Ukrayna tərəfdaşlığının daha da inkişaf edəcəyini deməyə əsas verir.

Azərbaycan-Latviya münasibətləri Aprelin 22-də Latviya Respublikasının prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi s...
24/04/2026

Azərbaycan-Latviya münasibətləri

Aprelin 22-də Latviya Respublikasının prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan körpünün daha da güclənməsinin rəmzidir. Azərbaycan və Latviya prezidentlərinin təkbətək və geniştərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması bütün bu məqamlara bir daha işıq saldı.
Prezidentlərin təkbətək və geniştərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya Biznes Forumunda ölkələrimiz arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş şəkildə müzakirə edildi. Prezidentlərin bəyanatlarında vurğulandığı kimi 9 il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında tərəfdaşlığın sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan yaradıb. Əldə olunan nəticələr bütün bu məqamların nə qədər effektiv olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Azərbaycanla Latviya arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlər yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, logistika və enerji sahələrində də real əməkdaşlıq layihələri ilə zənginləşir. Dövlət başçısı əməkdaşlığın genişləndirilməsi istiqamətində məqamları xüsusi qeyd edərək vurğuladı ki, ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktik məsələləri nəzərdən keçirməliyik.
Birbaşa uçuşların təşkili məsələsi də görüş zamanı diqqət mərkəzində oldu. Qeyd olundu ki, qlobal aviasiya sektorunda müəyyən çətinliklərin yaşandığı bir dövrdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradacaqdır. Xüsusilə aviayanacaq təminatı ilə bağlı bəzi hava şirkətlərinin üzləşdiyi probləmlər fonunda alternativ imkanların dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Birbaşa uçuşlar yalnız nəqliyyat sahəsində deyil, eyni zamanda turizm, biznes və humanitar əlaqələrin inkişafına da müsbət təsir göstərəcək.
İnsanlar arasında təmasların artırılması və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi münasibətlərin mühüm istiqamətlərindən biridir. Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması əməkdaşlığın real və davamlı nəticələr verdiyini nümayiş etdirir. Bu gənclər ölkələrimiz arasında canlı bir mədəniyyət, rlm və dostluq körpüsüdür. Bu amil, eyni zamanda gələcəkdə iki dövlət arasında münasibətlərin inkişafına töhvə verərək güclü insan kapitalının formalaşmasına xidmət edir.
Liderlərin mətbuata bəyanatında regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda baş verən proseslərlə bağlı məqamlar da yer aldı. Bu konteksdə prezidentin də qeyd etdiyi kimi vurğulanan əsas məqam siyasi iradənin və strateji baxışın roludur. Bu, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və digər münaqişə zonaları üçün praktiki nümunə kimi çıxış edə bilər.
Bəyanatda həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlərin rolu da xüsusi vurğulandı. Sözsüz ki, qeyd olunduğu kimi uzun illər ərzində yaranmış qarşılıqlı etimad siyasi dialoqun daha səmərəli və nəticəyönümlü olmasına imkan yaradır.
Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Əminliklə demək olar ki, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yaxın illərdə daha da dərinləşəcək.

İnsanlara işıq verən qadın15 aprel görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür.Azərbayca...
16/04/2026

İnsanlara işıq verən qadın
15 aprel görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür.
Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri və zəngin elmi fəaliyyəti ilə seçilən akademik Zərifə Əziz qızı Əliyeva xalqımızın yaddaşında silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. Akademik Zərifə Əziz qızı Əliyevanın anım günü hər il dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunur. Onun mənalı və zəngin ömür yolu, elmə verdiyi töhfələr, insanlara bəxş etdiyi nur və şəfa bu gün də xalqımızın yaddaşında yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.
Həkimlik fəaliyyətinə oftalmologiya sahəsində başlayan Zərifə Əliyeva bu istiqaməti məqsədli şəkildə seçmişdir. O, XX əsr Azərbaycan oftalmologiyasının inkişafında müstəsna rol oynamış, bu sahəni yeni mərhələyə yüksəltmiş alimlərdən biri olmuşdur. Xüsusilə həmin dövr geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Azərbaycan səhiyyəsi üçün mühüm dönüş nöqtəsi olmuşdur. Alimin təklif etdiyi müalicə üsulları qısa zamanda bütün respublikada tətbiq edilmiş və bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir. Alimin namizədlik disertasiyası məhz traxomanın müalicəsinə həsr olunmuş, bu sahədə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Bununla yanaşı o, qlaukoma, görmə orqanının iltihabı və peşə patalogiyaları kimi mürəkkəb problemlərin öyrənilməsində də mühüm nəticələr əldə etmişdir. Tibb sahəsində milli kadrların yetişdirilməsində əvəzsiz töhfələr verən akademik Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də böyük pedoqoq kimi yadda qalmışdır. Onun rəhbərliyi altında onlarca gənc alim və həkim yetişmiş, milli oftalmologiya məktəbi formalaşmışdır. O, tələbələrinə yalnız tibbi biliklər deyil, həm də həkim etikası, humanizm və məsuliyyət hissi aşılayırdı. Onun müəllifi olduğu monaqrafiyalar, dərsliklər və elmi məqalələr bu gün də aktuallığını qoruyur və praktik tibb üçün mühüm mənbə rolunu oynayır. Görkəmli alimin müəllifi olduğu bir çox əsərlər samballı tədqiqatlarının nümunələrindəndir. O, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 15 monaqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Alimin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən elmi tədbirlər, o cümlədən oftalmologiya sahəsində Ümumittifaq səviyyəli plenumlar Azərbaycan elminin nüfuzunun artmasına xidmət etmişdir. Z.Əliyevanın xidmətləri dövlət və elm ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, bu nüfuzlu mükafatı qazanan ilk qadın oftalmoloq kimi tarixə düşmüşdür. Bu nailiyyət Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olmuşdur.
Zərifə xanım Əliyevanın obrazını tamamlayan ən mühüm cəhətərindən biri onun humanizmi və təmənnasız xeyriyəçilik fəaliyyətidir. O, tibb elminin zirvəsində dayanan bir alim olmaqla yanaşı, həm də xalqın dərdinə şərik olan, hər bir fərdin problemini özününküləşdirən “mənəvi ana” obrazı idi. Onun kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicəvi proflaktik müalicələr insanların sevgisini qazanmasına səbəb olmuşdur. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.
Zərifə xanım əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər övladları ilə məşğul olmağa, onları Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. Ulu öndər Zərifə xanım Əliyeva haqqında xatirələrində hər zaman qeyd edirdi “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsində Zərifə xanımın əvəzsiz rolu olub.” Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, sədaqəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi.
Ailə, dövlət və şəxsiyyət harmoniyasını özündə cəmləşdirən Zərifə xanım Əliyevanın həyat yolu həm də güclü ailə dəyərlərinin nümunəsidir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə birlikdə milli dövlətçilik tarixində mühüm rol oynamış ailənin təməlini qoymuşdur. Bu ailədə formalaşan dəyərlər bu gün də dövlət idarəçiliyində öz əksini tapır.
Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Fəxri xiyabanda dəfn edilən görkəmli alimin adı Azərbaycan tibb tarixində əbədi yaşayır.
Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya elminin inkişafında mühüm rol oynayır və alimin zəngin irsini davam etdirir. Onun adı Azərbaycan tarixində, elmində və insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

Address

Səməndər_Nihan_oficall
Göyçay

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+994519336884

Website

Alerts

Be the first to know and let us send you an email when Səməndər Nihan Meyxana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Səməndər Nihan Meyxana:

Share